Sosial Tədqiqatlar Mərkəzi Türkiyədə seçkilərdən sonrakı mərhələdə Türkiyənin Qarabağ məsələsi və Azərbaycana dair siyasəti ilə bağlı gözləntiləri sorğu əsasında öyrənib.
Bu gün keçirilən mətbuat konfransında Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc deyib ki, ictimaiyyət Türkiyə - Azərbaycan münasibətlərində hazırda tarixi dönüm nöqtəsindən keçildiyi mövqeyini bölüşüb.
Belə ki, respondentlərin 68,7%-i seçkilərdə yalnız Rəcəb Tayyib Ərdoğan qalib gələrsə, Türkiyənin bütün imkanları ilə Azərbaycanın yanında olmağa davam edəcəyini bildirib. Sorğu iştirakçılarının 26%-i isə qeyd edilən hansı namizədin qalib gəlməsindən asılı olmayaraq, Türkiyənin bütün imkanları ilə Azərbaycanın yanında olacağını qeyd edib.
Nəticələr göstərir ki, Azərbaycan ictimaiyyəti Türkiyənin xarici siyasət kursunda və regional hədəflərlə bağlı prinsipial mövqeyində davamlılığın, yaxud dəyişikliyin seçki nəticələrindən asılı olaraq müəyyənləşəcəyini düşünür. Ümumiyyətlə, qeyd edək ki, çoxaktorlu müxalifətin üzərində uzlaşa biləcəyi xarici siyasi kursun mümkünlüyü bir sıra ekspertlər tərəfindən də riskli hesab olunur. Bu təhdid Türkiyənin təkcə Azərbaycana yönəlik siyasət üçün deyil, bütövlükdə region, Yaxın Şərq, türk-islam dünyası və Rusiyaya yönəlik siyasəti üçün də xarakterik hesab olunur.
Bundan başqa, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən Türkiyədəki seçkilərlə bağlı Azərbaycanda ictimai rəy sorğusu keçirilib.
Sorğunun nəticələrini bu gün keçirilən mətbuat konfransında Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc açıqlayıb.
Onun sözlərinə görə, respondentlərin mütləq əksəriyyəti, yəni 90,4%-i keçiriləcək seçkilərdə Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsini dəstəkləyib:
“Onların 5,1%-i Kamal Kılıçdaroğlunu, 0,8%-i Məhərrəm İncəni, 0,1%-i Sinan Oğanı qalib görmək istədiyini bildiriblər. İştirakçıların 3,5%-i hansı namizədi dəstəkləməsi ilə bağlı rəyini isə bölüşməyib. İştirakçılar arasında Kamal Kılıçdaroğlunu tanıyanların 89,5%-i, Sinan Oğanı tanıyanların 89,8%-i, Məhərrəm İncəni tanıdığını qeyd edənlərin 87,8%-i prezident vəzifəsində yenidən Rəcəb Tayyib Ərdoğanı görmək istədiyini ifadə ediblər”.
Z.Oruc qeyd edib ki, respondentlərin 87,8%-i 14 mayda keçiriləcək prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qalib gələcəyini düşünürlər:
“6,3% Kamal Kılıçdaroğlunun qalib gələcəyi ehtimalını bölüşərkən, Məhərrəm İncə və Sinan Oğan cavabını qeyd edənlər 0,8% və 0,3% təşkil ediblər. Respondentlərin 5,9%-i bu barədə fikir bildirməkdə çətinlik çəkiblər. Ərdoğanı dəstəkləyənlərin 96,7%-i onun qalib gələcəyini ehtimal edib. Həmçinin Kılıçdaroğlunu dəstəkləyənlərin (6,3%) yarısı seçkilərdə Ərdoğanın qalib gələcəyi ehtimalını bölüşüblər.
İştirakçıların mütləq əksəriyyəti tərəfindən dəstəklənən Rəcəb Tayyib Ərdoğanla bağlı rəyləri nəzərdən keçirdikdə, onların əsas hissəsi, yəni 55,7%-i öz mövqeyini Ərdoğanın Vətən müharibəsində Azərbaycana göstərdiyi dəstəklə əsaslandırıb. Məhz Qarabağ müharibəsində Azərbaycana olan dəstəyinə (55,7%), Azərbaycanın maraqlarını müdafiə etdiyinə (51,1%), liderlik keyfiyyətlərinə 29,4% və digər səbəblər burada vətəndaşlarımızın mövqelərinin formlaşmasına təsir edir”, - deyə Z.Oruc bildirib.