Sadiq Qurbanov: “Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu dəfələrlə sübut edib”  

 26-04-2023

“Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini Balkan region ilə əməkdaşlıq əlaqələri təşkil edir. Bu xüsusda Prezident İlham Əliyevin 2022-ci ilin ikinci yarısında Bolqarıstana, Albaniyaya, Serbiyaya və Rumıniyaya səfərləri, 2023-cü ilin yanvarında Davos İqtisadi Forumu çərçivəsində Xorvatiya və Monteneqro Baş nazirləri ilə görüşləri, həmçinin prezidentimizin Bosniya və Herseqovinaya 2023-cü il 13 aprel tarixində rəsmi səfəri əhəmiyyətli müzakirələrlə yadda qaldı”.

Bu fikirləri Milletinsesi.info-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

O qeyd edib ki, Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamika ilə seçilib:

“İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il 5 iyun tarixində qurulub. 2022-ci ildə bu tarixin 30-cu ildönümü qeyd olundu. Ötən illər ərzində qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb. Aprelin 25-də isə Sofiyada Bolqarıstanın “Bulgartransgaz”, Rumıniyanın “Transgaz”, Macarıstanın “FGSZ”, Slovakiyanın “Eustream” və Azərbaycanın Dövlət Neft Şirkəti arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu imzalandı. Hesab edirəm ki, bu anlaşmanın imzalanması enerji ixracı ilə əlaqədar tarixi bir hadisədir.

Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu artıq dəfələrlə sübuta yetirib. İmzalanan Anlaşma Memorandumunun regiona əlavə qaz təchizatı baxımından alternativ marşrutlar üçün çərçivə təmin edəcəyi də şübhəsizdir. Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun dili ilə desək, bu qış Avropanın enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün Azərbaycan tərəfindən enerji təchizatı həlledici oldu. Komissiya Xəzər dənizindən təbii qazın Mərkəzi və Şərqi Avropaya çatdırılması üçün alternativ marşrutların təmin edilməsi üzrə əlavə səyləri dəstəkləyir”.

Sadiq Qurbanov onu da qeyd edib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti və yorulmaz səyləri nəticəsində biz Azərbaycandan Avropa İttifaqına təbii qazın təchiz edilməsinin yeni marşrutunun formalaşmasının şahidi oluruq:

“Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya ötürücü sistem operatorları ilə SOCAR arasında Memorandumun imzalanması özü də “Həmrəylik Halqası” təşəbbüsünün reallaşması üçün böyük bir addımdır. Bu yeni layihə Cənub Qaz Dəhlizi sayəsində iki ildən də artıq müddət ərzində tərəfdaşlarımız üçün etibarlı və sabit enerji təchizatında strateji rol oynayan ölkədən - Azərbaycandan olan təbii qazın alternativ marşrut vasitəsilə əlavə bazarlara çıxışını təmin edəcək. Eyni zamanda, dövlətimizin başçısı İlham Əliyev imzalanma mərasimində çıxışı zamanı qeyd  edib ki, üç əsas enerji infrastrukturu layihəsinin uğurlu tamamlanmasından sonra hazırda Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində çalışırıq. Azərbaycanda ilk külək və günəş enerjisi stansiyalarının tikintisi artıq başlayıb.

Azərbaycan Avropa üçün ən əhəmiyyətli ölkələrdən, strateji tərəfdaşlardan biridir. Bölgənin xüsusi çətinliyinə çevrilmiş enerji təminatı probleminin azaldılması həm Azərbaycanın, həm də Avropanın xeyrinədir. Bu proses davam edəcək. Hər zaman qeyd etdiyimiz kimi, Azərbaycanın Avropaya enerji ixracını artırması, əməkdaşlığın genişlənməsi, həyata keçirilən önəmli layihələr ölkəmizin mədəniyyətinin də dünyada tanınmasına təkan verəcək. Hər bir dövlət çalışır ki, mədəniyyətini dünyaya ixrac etsin. Bizim addımlarımız uğurlu olacaq”.

Aysel Aslan 

Bənzər yazılar

0.52534008026123