“İsrailin texnoloji yeniliklərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində tətbiqi çox faydalı ola bilər”.
Bunu “Trend”ə müsahibəsində Azərbaycanın İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri Muxtar Məmmədov deyib.
“Bildiyiniz kimi, Prezident İlham Əliyev tərəfindən işğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasının tətbiqi istiqamətində tapşırıqlar verilib və bu istiqamətdə artıq işlərə başlanılıb. İsrail bu gün yüksək texnologiyalar sahəsində dünyada lider ölkələrdəndir. Bir sıra startaplar və sənayenin müxtəlif sahələrinə texnoloji yeniliklərin tətbiqi baxımından çox böyük təcrübəyə malikdirlər. İsrailin bu səhədəki təcrübəsinin işğaldan azad olunmuş ərazilərdə tətbiqi çox faydalı olar”, - səfir deyib.
Səfir M.Məmmədov bildirib ki, İsrail kənd təsərrüfatı sahəsində də böyük təcrübəyə malikdir. İsrailin ərazisinin təxminən 60 faizini səhralar təşkil edir. Əkinə yararlı çox məhdud ərazinin olmasına baxmayaraq, İsrail kənd təsərrüfatı məhsullarının istehsalı və ixracını həyata keçirir.
“Suvarma məsələsi bu gün mövcud qlobal problemlərdən biridir. İsrailin özündə də bu sahədə problemlər var idi. Lakin bu gün dəniz suyunun duzsuzlaşdırılması istiqamətində aparıcı texnologiyaların tətbiqi nəticəsində İsrail qonşu dövlətləri içməli su ilə təmin edə bilir. Hazırda Azərbaycanla da bu sahədə layihələrin icrası ilə bağlı danışıqlar aparılır. Kənd təsərrüfatı, yüksək texnologiyalar səhəsində, “ağıllı idarəetmə” modellərinin tətbiqi sahəsində İsrailin təcrübəsindən faydalanmaq olar. Biznes-forum zamanı İsrail şirkətlərinin Azərbaycanda işləməkdə ciddi marağının olması müşahidə olundu”, - səfir deyib.
M.Məmmədovun sözlərinə görə, dünən İsrailin xarici işlər naziri Eli Kohen də qeyd etdi ki, Azərbaycan şirkətləri İsraildə fəaliyyət göstərməyə dəvət olunurlar və onları məmnuniyyətlə İsraildə görmək istədiklərini bildirdi.
“Səfirlik olaraq biz İsrail bazarını yaxından araşdırıb bizim şirkətlərimiz üçün hansı sahələrdə imkanların olması, investisiya imkanları, birgə istehsal imkanlarını müəyyən edib Azərbaycan şirkətlərinin bu sahələrə cəlb olunması istiqamətində addımlar atacağıq. Bakıdakı biznes-forumun davamı olaraq növbəti illərdə İsraildə də Azərbaycan şirkətlərinin iştirakı ilə biznes-forum keçirib, İsrail bazarını bizim şirkətlərə təqdim etmək olar. Fərqli sahələrdə İsraildə də işlər həyata keçirilməkdədir və Azərbaycan şirkətlərinin də müxtəlif sahələrdə təcrübələri mövcuddur. Azərbaycan enerji sahəsində regionda aparıcı ölkələrdən biridir. İsraildə də son illərdə enerji sahəsi aktuallaşmaqdadır, qaz ehtiyatları aşkar olunub və bu istiqamətdə işlər aparılır. Azərbaycan şirkətləri üçün də bu istiqamətdə fəaliyyət maraqlı ola bilər.
1990-cı illərdən etibarən Azərbaycan İsrailin neftə tələbatının 30 faizindən çoxunu təmin edir. Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə alternativ enerji sahəsində də ciddi layihələr həyata keçirilir. Ötən il Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində anlaşma memorandumu imzalandı. Gürcüstan, Rumıniya, Macarıstanla imzalanmış memoranduma əsasən, bir neçə ildən sonra Azərbaycandan Şərqi Avropaya elektrik enerjisinin ixracı həyata keçiriləcək. Azərbaycan enerji portfelini diversifikasiya etməkdədir. İsrail də bu sahədə maraqlı ölkələrdəndir, burada alternativ enerji sahəsində bir sıra mühüm layihələr icra olunur. Bu sahədə də danışıqlar aparılır. Həm qarşılıqlı təcrübə mübadiləsi baxımından, eyni zamanda, birgə yatırımlar baxımından fəaliyyət imkanlarını araşdırmaq mümkündür”, - səfir bildirib.
Muxtar Məmmədov səfirliyin fəaliyyətinin prioritet istiqamətlərin də danışıb.
“Bu ayın əvvəlində Azərbaycan İsraillə diplomatik münasibətlərin 31 illiyini qeyd etdi. Bu müddət ərzində iki dövlət arasında bir sıra sahələrdə çox uğurlu əməkdaşlıq formalaşıb, davamlı olaraq qarşılıqlı səfərlər həyata keçirilib. Bir sıra sahələrdə artıq praktiki nəticələri də müşahidə etməkdəyik. Reallıq ondan ibarətdir ki, diplomatik münasibətlər yalnız 31 ili əhatə etsə də, insanlararası münasibətlər yüzilliklərə dayanır. Azərbaycanda yüzillərdir ki, böyük yəhudi icması yaşamaqdadır. Hər kəsin tanıdığı Qırmızı Qəsəbə ilə yanaşı, ölkəmizin digər bölgələrində də yəhudi millətindən olan vətəndaşlarımız yaşayır. Bu element xalqlar arasında münasibətlərin bünövrəsini təşkil edib.
Tarixən qarşılıqlı anlayış, bir-birinə hörmət Azərbaycanın multikultural yaşayış tərzinin tərkib hissəsidir. İkitərəfli münasibətlər də məhz bu güclü bünövrə üzərində qurulub və inkişaf etməkdədir.
Ötən ilin noyabr ayında Azərbaycan Respublikasının İsrail Dövlətində səfirliyinin açılması ilə bağlı qərar qəbul olundu. Artıq səfirliyimizin açılışı baş tutub. Mart ayının 29-30-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti İsrail Dövlətinə səfər etdi. Səfər çərçivəsində səfirliyin rəsmi açılış tədbiri həyata keçirildi. Bu hadisə İsrail Dövləti, İsrail vətəndaşları və dünya yəhudiləri tərəfindən çox müsbət qarşılandı. Biz Azərbaycan Respublikası olaraq səfirliyin açılmasını heç vaxt yekun hədəf kimi nəzərdən keçirməmişik. Bu yalnız münasibətlərimizin keyfiyyətcə yeni səhifəsini təcəssüm etdirir. Səfirliyin açılması və fəaliyyəti münasibətlərimizin daha da dərinləşməsi və yeni imkanların nəzərdən keçirilməsi üçün bir alət kimi çıxış edə bilər. Hazırda ölkələrimiz arasında kənd təsərrüfatı, yüksək texnologiyalar, təhsil, turizm kimi sahələrdə əməkdaşlıq mövcuddur, səfərlər həyata keçirilir”, - səfir qeyd edib.
Muxtar Məmmədov İsrail Dövlətinin xarici işlər naziri Eli Kohenin Azərbaycana səfərinin nəticələrindən də danışıb.
“Eli Kohenin rəhbərlik etdiyi böyük nümayəndə heyəti Azərbaycanda səfərdə idi. Səfər çərçivəsində Azərbaycanla İsrail arasında Birgə Hökumətlərarası Komissiyanın üçüncü iclası keçirildi. E.Kohenin rəhbərliyi ilə bu günə qədər İsraildən Azərbaycana gəlmiş ən böyük nümayəndə heyəti səfər etdi. Xarici İşlər Nazirliyinin əməkdaşları ilə yanaşı, İsrailin 10 dövlət qurumunun nümayəndələri, eyni zamanda, 20-yə yaxın şirkətin rəhbər şəxsləri Azərbaycana səfər etdilər. Səfər çərçivəsində 100-dən çox biznes görüşləri, 30-dan çox dövlət qurumları ilə qarşılıqlı görüşlər keçirildi, gələcəyə münasibətdə çox nikbin proqnozlar verildi, bir sıra sahələrdə faydalı müzakirələr aparıldı və əməkdaşlığın dərinləşdirilməsi istiqamətində razılıq əldə olundu. Eyni zamanda, görüşlər çərçivəsində bir sıra qarşılıqlı sazişlər də imzalandı. Təhsil, ekologiya, innovasiya, investisiyaların cəlbi ilə bağlı əməkdaşlığa dair razılaşmalar əldə olundu. Bunlar qarşıya qoyulan hədəfləri daha da artırdı. Səfirlik olaraq biz məhz əldə olunmuş razılaşmaların icrasının təmin olunması istiqamətində iki ölkənin müvafiq qurumları arasında təmasların gücləndirilməsini, əlaqələndirmənin təmin edilməsini həyata keçirəcəyik. Eyni zamanda, səfirliyin fəaliyyəti İsrail ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni imkanların araşdırılması, yerində daha dərindən öyrənilməsi və müvafiq təmasların qurulması baxımından da çox faydalı olacaq”, - o bildirib.
Diplomatik nümayəndəliyin həyata keçirəcəyi layihə və proqramlara gəldikdə, səfir qeyd edib ki, bunu konkret demək bir qədər erkəndir, çünki səfirlik hələ iki aydan da az müddətdir ki, fəaliyyətə başlayıb.
“Hazırda İsrail Dövlətində istər rəsmi qurumlarla, istər biznes qurumları ilə, təhsil müəssisələri ilə, media nümayəndələri ilə görüşlərimiz keçirilir. İsrail dövlətində çox isti qarşılanma oldu. Bütün görüşlərimizdə Azərbaycanın İsrailin strateji tərəfdaşı olması xüsusilə vurğulanır, hər bir sahədə əməkdaşlığın dərinləşməsinə, əməkdaşlığın davam etdirilməsinə maraq ifadə olunur. Təbii ki, dünənki görüşlər zamanı da bir sıra məsələlər xüsusilə vurğulandı. İlk növbədə turizm sahəsində böyük potensial var. Azərbaycan İsrail vətəndaşları üçün turizm baxımından çox əlverişli bir yerdir. Təl-Əvivlə Bakı arasında həftədə səkkiz reys həyata keçirilir və reyslər, demək olar ki, dolu olur. İsraildə Azərbaycana maraq böyükdür, müxtəlif bayramlarda, yay və qış aylarında Azərbaycana davamlı olaraq səfərlər olur.
Azərbaycan İsraildə çox yaxşı tanınır və düşünürük ki, həm qarşılıqlı münasibətlər fonunda, eyni zamanda, davamlı reyslərin olması və yəhudilərə münasibətdə Azərbaycanda tarix boyu çox müsbət yanaşmanın olduğunu nəzərə alaraq, bu sahədə böyük potensialın olduğunu deyə bilərik. Səfirlik olaraq biz turistlərin sayının artırılması istiqamətində müvafiq təbliğat-tanıtım işlərini bundan sonra da gücləndirəcəyik. İsraildə artıq iki ilə yaxındır ki, Azərbaycanın turizm nümayəndəliyi fəaliyyət göstərməkdədir. Bu müddət ərzində də Azərbaycanın tanıdılması istiqamətində böyük işlər görülüb. Bundan sonra da səfirlik nümayəndəliklə birlikdə bu işi davam etdirəcək. Ticarət sahəsində əməkdaşlıq prioritet istiqamətlərdən biridir. Dünən Azərbaycan və İsrail şirkətlərinin iştirakı ilə keçirilmiş biznes-forumda da bu istiqamətdə bir sıra müzakirələr aparıldı və hədəflər müəyyən olundu. Hazırda ticarət dövriyyəsi 200 milyon dollar civarındadır, inanırıq ki, bu göstəricini daha da artırmaq mümkündür.
Qarşılıqlı səfərlər, biznes-forumlar İsrail şirkətlərinə Azərbaycan bazarını, eyni zamanda, Azərbaycan şirkətlərinə də İsrail bazarını tanıtmaq baxımından çox faydalıdır ki, qarşılıqlı maraq kəsb edən istiqamətləri müəyyən edib onların icrası üçün davamlı və əməli işlər görülsün”, - M. Məmmədov vurğuladı.
Onun sözlərinə görə, səfirliyin heyəti hələ ki tam formalaşmayıb.
“Diplomatik nümayəndəlik yeni açılıb, müəyyən inzibati işlər görülməlidir ki, tam heyətin gəlməsi təmin olunsun. Bina ilə bağlı və digər logistika məsələləri həll edilməlidir. Ümid edirik ki, yaxın aylarda bütün logistika məsələləri öz həllini tapacaq və bütöv heyət formalaşıb qarşıya qoyulmuş hədəflərin icrası istiqamətində işlərə başlayacaq. Hazırda konsulluq fəaliyyət göstərə bilmir, çünki bu istiqamətdə müvafiq prosedurlar tamamlanmalıdır. Təbii ki, konsulluq xidməti olacaq. İsraildə böyük Azərbaycan diasporu var, təxminən 80 minə qədər Azərbaycandan İsrailə köçmüş yəhudi millətindən olan şəxslər var, onların bir çoxu Azərbaycan vətəndaşlığını da saxlayıb. Onlar üçün konsulluq xidmətləri göstəriləcək. Eyni zamanda İsrail vətəndaşları üçün viza xidmətləri göstəriləcək. Hazırda İsrail vətəndaşları viza almaq üçün hər hansı bir çətinliklə üzləşmirlər, həm elektron viza xidmətindən faydalana bilirlər, eyni zamanda, hava limanında yerində viza üçün müraciət edib qısa bir zamanda viza ala bilirlər”, - M. Məmmədov bildirib.