Ekspert: “Azərbaycan qazı Aİ-nin gələcək enerji təhlükəsizliyini təmin edir”

 20-04-2023

“Azərbaycan Avropa ölkələri, o cümlədən Bolqarıstan və Rumıniya üçün enerji təhlükəsizliyi mənbəyidir”.

“Report” xəbər verir ki, bunu rumıniyalı ekspert, analitik, “Smartlink Communications” şirkətinin direktoru Radu Maqdin deyib.

“Sofiyada imzalanacaq saziş Rumıniya üçün daha böyük uzunmüddətli enerji planının bir hissəsidir. Bununla həm təbii qazın nəqlinin, həm də onun təchizatı mənbələrinin şaxələndirilməsinə diqqət yetirilir”, - o deyib.

Ekspert həmçinin qeyd edib ki, bu, Aİ üçün mühüm addım ola bilər, çünki Rusiyadan enerji asılılığının azaldılması eyni zamanda “yaşıl enerji”yə keçidi sürətləndirir.

Onun sözlərinə görə, Ukraynadakı hərbi əməliyyatlar fonunda bazar mexanizmlərinə təsir edən təhlükə və qeyri-sabitlik şəraitində aydınlaşır ki, Avropanın Moskvadan asılılığı davam etməyəcək.

Ekspertin fikrincə, buna görə də Aİ “yaşıl enerji” sahəsində uzunmüddətli əməkdaşlığa imkan verəcək alternativlər axtarmalıdır: “Hesab edirəm ki, Azərbaycan təbii qazı Aİ üçün təkcə qısamüddətli deyil, həm də uzunmüddətli həll yoludur”.

“Yeni saziş Şərqi Avropa ölkələrini, Türkiyəni ən mühüm tranzit ölkə kimi, Azərbaycanı isə etibarlı təchizatçı kimi birləşdirəcək. Bu təşəbbüs həm də ona görə sərfəlidir ki, Avropaya təbii qaz nəqli üçün lazımi infrastruktur artıq mövcuddur. Söhbət Rusiyanın daha əvvəl Ukrayna və Rumıniya vasitəsilə Bolqarıstan, Yunanıstan, Türkiyə və Şimali Makedoniyaya “mavi yanacaq” tədarük etdiyi “Transbalkan” kəmərindən gedir”, - R.Maqdin qeyd edib.

Beləliklə, ekspertin sözlərinə görə, yeni sazişin imzalanması Avropanın enerji təhlükəsizliyinə birbaşa töhfə verəcək, eyni zamanda, Rumıniyanın digər təşəbbüslərini tamamlayacaq. Buraya BRUA (Bolqarıstan - Rumıniya - Macarıstan - Avstriya - artıq istifadəyə verilmiş yeni infrastruktur) qaz kəməri, Moldovanın elektrik və qaz şəbəkələri vasitəsilə interkonnektorların yaradılmasına dair layihələr və bu yaxınlarda Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi üçün Rumıniyanın Azərbaycan, Gürcüstan və Macarıstanla birgə hazırladığı təşəbbüs daxildir.

“Rumıniya Moldova da daxil olmaqla, həssas regional tərəfdaşları dəstəkləməyə davam edir və burada etibarlı enerji tərəfdaşlığı şəbəkəsini inkişaf etdirmək çox vacibdir. Bütün “Şərq Tərəfdaşlığı” ölkələrinin bu istiqamətdə birgə istehsalı araşdırmaq və investisiya yatırmaq imkanları var”, - o əlavə edib.

Xatırladaq ki, aprelin 25-26-da Sofiyada təbii qaz infrastrukturunun genişləndirilməsinə dair genişmiqyaslı sazişin imzalanma mərasimi keçiriləcək. Sənədi Azərbaycan, Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın imzalayacağı gözlənilir. Bu saziş Azərbaycan təbii qazının Bolqarıstan vasitəsilə Mərkəzi Avropaya çatdırılmasına imkan verəcək.

Bənzər yazılar

0.1351420879364