AMEA və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə tədbiri keçirilib

 19-04-2023

Aprelin 19-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva: həkimlik andı və vətəndaş missiyası” mövzusunda yubiley tədbiri keçirilib.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anıb, məzarları önünə tər çiçəklər düzüblər.

AMEA-nın əsas binasında keçirilən tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının, Səhiyyə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərliyi və nümayəndələri, millət vəkilləri və KİV nümayəndələri iştirak ediblər.
Giriş nitqi ilə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısının “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamında AMEA-ya və Səhiyyə Nazirliyinə bir sıra tapşırıqlar verilib və bundan irəli gələrək hər iki qurumun iştirakı ilə böyük tədbirlər keçirilir.

AMEA rəhbəri vurğuladı ki, görkəmli oftalmoloq alim keçmiş SSRİ miqyasında ilk dəfə olaraq Azərbaycanda göz xəstəliklərinə həssas olan kimya sənayesi sahəsində, sənaye müəssisələrində, eləcə də istehsalat prosesində peşə xəstəlikləri ilə bağlı tədqiqatların əsasını qoyub: “Bir çox ölkələrdən oftalmoloqların Bakıda Zərifə xanımın təşkil etdiyi beynəlxalq səviyyəli seminarlarda iştirak etmələri ölkəmizin əsas oftalmologiya mərkəzlərindən birinə çevrildiyini sübut edirdi. Akademik Zərifə Əliyevanın yazdığı kitablar, elmi əsərlər, göz xəstəliklərinin müalicəsində xüsusi yer tutur və o, bu istiqamətdə qiymətli əsərlərin müəllifidir”.
Akademik çıxışının sonunda qeyd edib ki, Ulu Öndərin ömür-gün yoldaşı olmaq, Vətən müharibəsində Azərbaycan xalqına Qələbə qazandırmış Ali Baş Komandan İlham Əliyev kimi bir liderin anası olmaq, oftalmologiya elmini məktəb səviyyəsinə qaldırmaq yüksək qəhrəmanlıq nümunəsidir.

Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev vurğuladı ki, bu il adları müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış iki böyük şəxsiyyətin – dahi siyasi xadim, müasir Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın elm və təbabət tarixində silinməz izlər qoymuş görkəmli alim və həkim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmalarının 100 illik yubileylərinin qeyd olunması ilə əlamətdardır.

Elm fədaisi, Azərbaycan tibb elminin ən parlaq və tanınmış simalarından olan Zərifə Əliyevaya həsr olunmuş tədbirin məhz elm məbədində - Azərbaycan Milli Elmlər Akademiyasında qeyd edilməsini rəmzi və qürurverici hadisə kimi qiymətləndirən Teymur Musayev bu yubiley tədbirinin görkəmli oftalmoloq-alimə, onun elmi irsinə dövlətin, xalqın, elmi ictimaiyyətin sonsuz ehtiramının ifadəsi olduğunu söyləyib: “Zərifə xanımın nəcib və şərəfli həyat yolunun, hər bir tədqiqatçıya örnək olan elmi fəaliyyətinin öyrənilməsi elmin təbliği, gənc alimlərin tədqiqat işlərinə ruhlandırılması baxımından da böyük əhəmiyyət kəsb edir”.

“Zərifə xanım vəfalı ömür-gün yoldaşı, yaxşı ana idi. Zərifə xanımın adı Azərbaycana İlham Əliyev kimi Prezident bəxş edən bir ana olaraq da tariximizə əbədi yazılıb. Səhiyyəmizin tərəqqisində, bu sahədə qazanılan nailiyyətlərdə Zərifə xanım ocağının nümayəndəsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da böyük zəhməti var”, - deyə Teymur Musayev vurğulayıb.

Sonra akademik Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.
Tədbirdə çıxış edən Xalq rəssamı, akademik Ömər Eldarov Ulu Öndərin ömür-gün yoldaşı, akademik Zərifə Əliyevanın görkəmli alim, sədaqətli həyat yoldaşı, qayğıkeş ana olmasından danışıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında qeyd edib ki, akademik Zərifə Əliyeva Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətlər göstərib, zərif və eyni zamanda çətin sahədə fəaliyyəti ilə bir çox insana nur bəxş edib.
AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova “Akademik Zərifə Əliyevanın həyatı və elmi fəaliyyəti” mövzusunda məruzəsi ilə çıxış edib. Məruzəçi vurğulayıb ki, Zərifə Əliyeva göz zədələrinin qarşısının alınması və onlara nəzarət imkanlarını öyrənib, gözün zədələnməsinin nəticələrinin cərrahi müalicəsinə mövcud metodoloji yanaşmaları təhlil edib və onların təkmilləşdirilməsi üçün bir sıra faydalı tövsiyələr verib.

Tədbirdə, həmçinin akademik A.Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, professor Ulduz Həşimova “Akademik Zərifə Əliyevanın görmənin fiziologiyası və patologiyası sahəsindəki elmi xidmətləri” mövzusunda məruzə ilə çıxış edib, AMEA-nın müxbir üzvü Rafiq Qasımov isə Zərifə xanım Əliyeva ilə bağlı xatirələrini bölüşüb. 

 

Bənzər yazılar

0.33026790618896