Rəşad Məcid: “Ağdamı gözüyumulu da tanıyaram”

 15-04-2023

Rəşad Məcid: “İndi cavanlarla verilişlərə çıxanda müşahidə edirəm ki, gələcəklə bağlı qeyri-müəyyən təsəvvürləri var. Bilmirlər, hansı sahəyə üz tutacaqlar. Bir insan bir şeyi ürəkdən istəyirsə, onun üçün dəlicəsinə çalışırsa, mütləq ona çatır. Dəlicəsinə istəməyin içində zəhmət, əziyyət, inadkarlıq, əzmkarlıq var”.

“Məktəbdə” layihəsi ilə maraqlandım. Ölkənin çox tanınmış insanlarının bu layihədə iştirak etdiyini öyrəndim. Məktəb seçimini bəzən qonaqlara həvalə edirlər. Mən də Suraxanı rayonundakı 96 saylı tam orta məktəbi seçdim. Məktəbin abı-havası xoşuma gəldi.  Şəhərin tıxacından uzaq, sakit bir yerdədir. İki dəfə bu məktəbə görüşə dəvət alsam da, gələ bilməmişdim. Birdən ağlıma gəldi ki, bu məktəbə borcum var, gəlib onu qaytarım”- Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Məktəbdə” qonaq olarkən çıxışına bu sözlərlə başladı.

“Kaspi” qəzeti Rəşad Məcidin şagirdlərlə görüşündən məqalə hazırlayıb.

Rəşad Məcid “Fəaliyyətimin əsas hissəsi qəzetlə bağlıdır”- deyə uşaqlara məlumat verərək jurnalistlik fəaliyyəti, baş redaktoru olduğu qəzet haqqında danışdı: “Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişəm. “Elm və həyat” jurnalında, “Azərbaycan” qəzetində fəaliyyət göstərmişəm. 1992-ci ildə “525-ci qəzet”i təsis etmişəm. Əsas fəaliyyətim bu qəzetlə bağlıdır. 1992-ci ildə artıq Azərbaycanda müstəqil qəzetlər yaranmağa başlamışdı. Biz də müstəqil qəzet yaratmaq fikrinə düşdük”. 

Ədəbiyyata həvəs göstərənlər varsa...

R.Məcid Yazıçılar Birliyində də gənclərlə işlədiyini bildirdi: “Qəzetdə olduğu kimi, Yazıçılar Birliyinin Gənclər üzrə katibi olaraq da gənclərlə işləmişəm. Bu vəzifəyə seçiləndən sonra Mədəniyyət Nazirliyi ilə birgə “Gənc ədiblər” layihəsi yaratdıq. Harada bir istedadlı gənc görürdümsə, onu üzə çıxarmağa çalışırdım. Bu gün Azərbaycanda yetişən istedadlı gənclərin 90 faizi “525-ci qəzet”in və Yazıçılar Birliyinin ətrafında formalaşıblar. Keçən ildən bu qurumda sədrin müaviniyəm, amma yenə də gənclərlə işimi davam etdirirəm. Yazıçılığa, poeziyaya meyli olanlar, ədəbiyyata həvəs göstərənlər varsa, məmnuniyyətlə əlaqə saxlaya bilərlər”.

R.Məcid jurnalist kimi fəaliyyətində 2003-cü ildə yaradılan Mətbuat Şurasının rolunu da qeyd etdi: “Bu, Azərbaycan jurnalistlərini birləşdirən qurumdur. Jurnalistlərin 1-ci qurultayında İdarə Heyətinin üzvü seçildim. Ondan sonrakı dövrlərdə də İdarə Heyətində təmsil olunmuşam. Keçən il sentyabr ayında keçirilən qurultayda Mətbuat Şurasının sədri seçildim”.

Ağdamı gözüyumulu da tanıyaram...

“Ağcabədidə doğulmusunuz, Ağdamda yaşamısınız. Sizin xatirələrinizdəki Ağdamla yenidən qurulan Ağdam bir-birindən daha çox nə ilə fərqlənir?” - deyə şagirdlərdən biri sual ünvanladı: “Ən çox mübahisə edilən məqam “Rəşad Məcid harada anadan olub?” sualıdır”- deyə qonaq aydınlıq gətirdi: “Rəsmi doğum yerim sənəddə “Ağcabədi” qeyd olunub. Özüm müsahibələrimdə deyirəm ki, Laçın rayonun Ağoğlan kəndində anadan olmuşam. Keçən il alban icması ilə həmin kəndə gedib çıxdım. Sonra 40-ı çıxmamış uşağı Ağcabədiyə gətiriblər və doğum şəhadətnaməmi orada veriblər. Amma orta məktəbi Ağdamda - Sədrəddin Bayramov adına 1 nömrəli məktəbdə oxumuşam. O məktəbdən çox istedadlı uşaqlar çıxıb. Akademik Rafik Əliyev, Xudu Məmmədov o məktəbdə oxuyublar. Ağdam  uşaqlıqda yaşadığım, sevdiyim şəhər olub. Keçən il jurnalist Səadət Məmmədovanın “Ağdam və mən” layihəsi əsasında həmin məktəbdə veriliş çəkildi. Layihəyə dəvət alanda düşünürdüm ki, necə olacaq, doğulduğum yer, uşaqlığımın keçdiyi şəhər, oxuduğum məktəb dağılıb... Kədərli məqam da o idi ki, məktəbin uçuq divarları arasında sinif yoldaşım Vaqiflə məktəb illərimizi xatırladıq. Bu, çox acı, insanı sarsıdan məqamlar idi. Amma eyni zamanda qürur doğururdu ki, qəhrəman Azərbaycan ordusu Şuşanı, Ağdamı və digər rayonları erməni işğalından azad edib. Mən həmişə deyirdim ki, Ağdamı gözüyumulu da tanıyaram. 1 nömrəli məktəbdən çıxıb bazarın, qastronomun, musiqi məktəbinin yanı ilə 4 mərtəbəli binada yerləşən evimizə gedə bilərəm. İnsan yaşlaşanda istəyir ki, uşaqlıqda gördüyü məkanları canlı görsün. Uşaqlıq illərini xatırlamaq yaddaşa xoş duyğular gətirir. Heç olmasa, indi bu şəhəri görə bilirik. İnanıram ki, Ağdam və digər şəhərlər yenə əvvəlki kimi gözəl olacaq”.

Dəlicəsinə sevəndə

R.Məcid məktəb illərində yazdığı ilk şeiri xatırladı: “3-cü sinifdə oxuyanda sinif müəllimim Fəridə müəlliməyə şeir yazmağım yadımdadır. O, şeiri minnətdarlıq duyğusu ilə oxudu. Sonrakı illərdə - 4-5-ci sinifdə oxuyanda da evimizin pəncərəsindən uzaqda görünən dağlar, təbiətin yaşıllığı, quşların səsinə həsr olunan şeirlər yazdım. Ədəbiyyata həvəsim belə yarandı. Bədii kitablar oxumağa, çoxlu şeirlər əzbərləməyə başladım. Riyaziyyatı da yaxşı bilirdim. 9-10-cu sinfi Bakıdakı 1 saylı Respublika Fizika-Riyaziyyat təmayüllü məktəbdə oxudum. Bu məktəbdə respublikanın hər yerindən fizika və riyaziyyatı yaxşı bilən şagirdlər oxuyurdu. Mən də riyaziyyatı yaxşı bilirdim. Riyaziyyatçıların içində ədəbiyyata az maraq olması məni ədəbiyyata daha çox üstünlük verməyə sövq etdi. Sinif yoldaşlarım dəqiq elmlərə üstünlük verdilərsə, mən ədəbiyyatı seçdim. Əvvəlcə filologiya, daha sonra universitetin jurnalistika fakültəsinə daxil oldum. Yadımdadır, həmin illərdə 4-5 saata qədər əzbərdən şeir deyirdim. Evdə də ədəbiyyata marağıma qeyri-ciddi, ötəri baxırdılar.

Ədəbiyyata marağımın olduğuna onları inandıra bilmirdim. Atam bir tanışından xahiş edib məni Xalq şairi Hüseyn Arifin yanına göndərdi ki, o, məni dinləyəndən sonra bu həvəsimdən daşındırsın. 15 yaşında yazdığım “Cıdır düzü” şeirini oxudum. Hüseyn Arif 3 şeirimi dinləyəndən sonra “Bu ki, şairdir, niyə qoymursunuz öz yolu ilə getsin?” deyə mənə “uğurlu yol” yazdı. “Cıdır düzü” 1981-ci il sentyabrın 12-də “Azərbaycan gəncləri” qəzetində çap olundu. Bununla da Hüseyn Arif mənim gələcək həyatımı müəyyənləşdirdi. Artıq 15 yaşında bilirdim ki, gələcək həyatım necə olacaq”.

R.Məcid şagirdlərə öz arzularının arxasınca getməyi, daim zəhmət çəkməyi məsləhət gördü: “İndi cavanlarla verilişlərə çıxanda müşahidə edirəm ki, gələcəklə bağlı qeyri-müəyyən təsəvvürləri var. Bilmirlər, hansı sahəyə üz tutacaqlar. Düzdür, bu məsələdə müəyyən qədər dövrün sürətinin də günahı var. Mənim “Dəlicəsinə” adlı bir kitabım var. Yəni bir insan bir şeyi ürəkdən istəyirsə, onun üçün dəlicəsinə çalışırsa, mütləq ona çatır. Dəlicəsinə istəməyin içində zəhmət, əziyyət, inadkarlıq, əzmkarlıq var. Ona görə sizə də arzum budur ki, indidən öz gələcəyinizi müəyyənləşdirin, bütün varlığınızla cəhd edin, mütləq ona çatacaqsınız”. 

Bu kitabı mütləq oxuyun 

R.Məcid mütaliənin insanın həyatındakı roluna da toxundu: “İxtisas seçməyinizdən asılı olmayaraq çalışın dilimizi gözəl bilin, mütaliə edin. Kitab oxumaq bu mənada insana üstünlük gətirir. Mütaliə həm dünyagörüşünüzü, həm də nitqinizi formalaşdıracaq. Ədəbiyyat oxuyan adam güclü olur. Siz şeiri məktəbdə öyrənməlisiniz. Gələcəkdə bunun xeyrini görəcəksiniz. Mən uşaq yaşlarında şeir deməyimlə insanları çox heyrətləndirmişəm”.

Şagirdlərdən biri “Gənc vaxtı ən çox təsirləndiyiniz əsər hansı olub?” deyə soruşdu: “Elə əsərlər çox olub. Siz 40 il əvvəli təsəvvür edə bilirsiniz? Məsələn, bu telefonlar, internet yox idi, TV-də yalnız bir kanal vardı, informasiya mənbəyi qəzet və kitablar idi. 7-8-ci sinifdə oxuyanda Vidadi Babanlının “Vicdan susanda” əsərini 3 günə necə oxumağım yadımdadır. Həyatıma ən çox təsir edən Cek Londonun “Martın İden” romanıdır. Bu əsərin mövzusu real bir insanın istədiyi nəticəni almaq üçün mübarizəsindən bəhs edir. O, çalışmanın, mübarizə əzminin simvoludur. Bu kitab yəqin ki, məktəbin kitabxanasında var, onu mütləq oxuyun”.

Söz getdikcə sıradan çıxır

Auditoriyadan “Mətbuat Şurasının sədri mətbuatın funksiyasını və bugünkü durumunu necə izah edərdi?” sualı ünvanlandı: “2003-cü ildə yığışıb mətbuatın özünü tənzimləmə qurumu və ictimai birliyi – Mətbuat Şurasını yaratdıq. Hökumətdən və ya ictimaiyyətdən kimin mətbuatla bağlı şikayəti olurdusa qurum onları araşdırır və qərarlar çıxarırdı. O vaxt deyirdim ki, əlifbanı öyrənən kimi gedib qəzet çıxarırlar. İndi heç əlifbanı öyrənməyən də telefonu qarşısına qoyub ağzına gələni danışır. İndi MEDİA istəyir ki, media reyestri ilə peşəkar jurnalistləri müəyyənləşdirsin. Amma bununla məsələ bitmir. Sosial şəbəkələrdə, “Tik-tok” kimi platformalarda lazımsız söhbətlər edirlər. Söz getdikcə sıradan çıxır. Həyatımızı sərf etdiyimiz sahə formasını dəyişir. İndi informasiyanı daha çox influenserlər yayır. Onlar da özlərini rahat şəkildə “jurnalist” adlandırırlar. Ona görə qarışıq bir dövr yaranıb”.  

“Mənim gözümdən də yaş axırdı”

Vətən Müharibəsindən sonra Qarabağda aparılan quruculuq işləri, böyük qayıdışla bağlı sualı cavablandıran R.Məcid “İşğaldan azad olunan ərazilər bundan sonra daha gözəl olacaq. İnsanlar oralarda məskunlaşacaq”. Qonaq bildirdi ki, Şuşa ən çox sevdiyi şəhərdir: “2021-ci il mayın 12-də “Xarı bülbül” musiqi festivalına getdik. Şuşadan çıxmağımızdan 29 il sonra Şuşaya qədəm qoyduq. Prezident çıxışında dedi ki, mən dünyanın bütün gözəl şəhərlərində olmuşam, amma Şuşaya bənzər şəhər görməmişəm. Mənim gözümdən də yaş axırdı. Prezidentin bu Şuşa sevgisi hamıya sirayət edib. Şuşanı görməyənlər, hətta balaca uşaqlar da Şuşaya can atır. Şuşa doğrudan müqəddəs bir yerdir. Təsəvvür edin, 29 ildən sonra Şuşaya getməyin xoşbəxtliyi, ətrafdakı doğma insanlar, atəşfəşanlıq... Gecə yatmaqmı olardı? Balkondan baxırdım, inanmırdım. Aşağıda Alim Qasımov zəngulə vururdu. Bu ab-havada ikinci “Şuşa” şeirim yarandı”.

Bənzər yazılar

0.19937896728516