Azərbaycanda “Meymun çiçəyi” virusuna YOLUXAN VARMI? - “Meymun çiçəyi” infeksiyası epidemiyaya ÇEVRİLƏ BİLƏRMİ?

 20-05-2022

“Azərbaycanda “Meymun çiçəyi” infeksiyası yoxdur, hələ ki, qeydə alınmayıb”.

MillətinSəsi.info xəbər verir ki, bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, bu təzə infeksiya deyil, sadəcə Afrikada rast gəlinib və orada özünü göstərib:

“İndi isə o yerlərə səyahətlər nəticəsində insanlar infeksiyanı özləri ilə Avropaya, ABŞ-a aparırlar. Bu cür faktlar qeydə alınıb. Bu infeksiya yayılma sürəti yüksək deyil, yalnız yaxın təmas tələb edir. Bunun COVİD-dən fərqi ondandır ki, virus sürətlə yayılmır. Hər halda yenə də nəzarət olunmalı məsələdir. Sonuncu pandemiyadan sonra bu cür hallara ciddi fikir verilir. “Meymun çiçəyi” infeksiyası pandemiya halına gələcək bir məsələ deyil. Yalnız yerli alovlanmalar ola bilər, epidemiya halına isə çevrilə bilməz. Yenə də tədbirlər görüləcək və qarşısı alınacaq”.

Təyyar Eyvazov deyib ki, xəstəliyin əlamətləri halsızlıq, zəiflik, qızdırma və bədən ağrılarıdır: “Bundan başqa “Meymun çiçəyi infeksiyası zamanı bədəndə səpkilər yaranır. Səpkilər əsasən su çiçəyi xəstəliyindəki kimidir, lakin bir azdaha böyük formada olur. Birinci qaşınır, sonra partlayır, qartmaq bağlayır və qopandan sonra qabıq verir. Bu xəstəliyin ölüm təhlükəsi yoxdur. Lakin yenə də immun sistemi zəif olan, risk qrupunda olanda ölüm halı ola bilər. Xəstəliyə kişilərdə daha çox rast gəlinir”.

Səhiyyə Nazirliyi son vaxtlar kütləvi şəkildə yayılan “Meymun çiçəyi” virusunun Azərbaycan üçün təhlükəsi olub-olmaması məsələsinə münasibət bildirib.

Nazirliyin mütəxəssis-eksperti, infeksionist Ləman Qalimova “Report”a bildirib ki, hazırda həmin virus Azərbaycanda yoxdur və olmaması üçün də yetərincə tədbirlər həyata keçirilir.

O qeyd edib ki, “Meymun çiçəyi” nadir virusdur və suçiçəyi xəstəliyinə bənzəyir:

“Virusa adətən Qərbi Afrika ölkələrində, xüsusilə də tropik meşələrin yaxınlığında rast gəlinir. Virusun iki əsas ştammı var: Qərbi Afrika və Mərkəzi Afrika. Simptomlara gəlincə, virusun ilk əlamətləri qızdırma, baş ağrısı, şişlik, bel ağrısı, əzələ ağrısı və zəiflik kimi büruzə verir. Qızdırma azaldıqdan sonra üzdə başlayan səpgilər bədənin digər hissələrinə yayılır. Əksər hallarda ovuclara və ayaqlarda rast gəlinir və çox qaşıntılı olur. Həmin səpgilər yaraya çevrildiyindən bədəndə iz buraxa bilər. Ona görə də yaranın qaşınmaması və qoparılmaması məsləhətdir”.

Mütəxəssis vurğulayıb ki, virus başqa bir şəxslə yaxın təmas zamanı yayıla bilər:

“Həmçinin virus bədənə dəri sıyrıqları, tənəffüs yolları, gözlər, burun və ya ağızdan, eləcə də cinsi əlaqə zamanı birbaşa təmas yolu ilə də ötürülə bilər. Bundan başqa, yoluxan meymun, siçovul və dələdən də keçə bilir. Hətta yoluxan insanın geyimindən də digər şəxsə virus keçməsi mümkündür. Xəstəlik adətən yüngül keçir, bəzən 2-3 həftə ərzində öz-özlüyündə keçib gedə bilir. Ölüm halları da az sayda qeydə alınıb”.

L.Qalimova ölkə vətəndaşlara müraciət edərək bildirib ki, yuxarı qeyd olunan əlamətlər aşkar olunduğu təqdirdə dərhal həkimə gedilməlidir: “Onu da qeyd edim ki, suçiçəyi xəstəliyinə qarşı istifadə olunan peyvəndin “Meymun çiçəyi”nə qarşı qorunmaq effektliyi sübut edilib”.

TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva isə deyib ki, hazırda bir neçə ölkədə yoluxma faktı aşkarlanmış “Meymun çiçəyi” çiçək xəstəliyinin bir növüdür və insandan insana yoluxma faktı daha azdır.

Xəstəliyin Mərkəzi və Qərbi Afrika ölkələri, ABŞ, Böyük Britaniya və Portuqaliyada qeydə alındığını xatırladan şöbə müdiri bildirib ki, Azərbaycanda “meymun çiçəyi” ilə yoluxma halları aşkarlanmayıb.

Onun sözlərinə görə, bu simptomla bağlı heç bir müraciət daxil olmayıb. TƏBİB rəsmisi qeyd edib ki, “meymun çiçəyi” virus mənşəli xəstəlikdir: "Daha çox hallarda heyvandan insana, daha az hallarda isə insandan insana yoluxma halları müşahidə olunub. Əsas simptomları yüksək hərarət, əzələ ağrıları, boğaz ağrıları, bəzi hallarda öskürək, dəri səpkiləri, qaşıntılardır. Yoluxma tənəffüs yollarından xaric olan damcılar vasitəsilə, dəri səpkilərinin möhtəviyyatı ilə, sıx təmas yolu ilə baş verir. Çiçək virusuna nisbətən meymun çiçəyi virusunun törətdiyi xəstəliyin gedişatı daha yüngüldür, həmçinin yoluxduruculuq qabiliyyəti də daha zəifdir. Bu virusa qarşı vaksinasiya mövcuddur. Çiçək xəstəliyinə qarşı olan vaksinlər də öz effektini göstərir. Spesifik müalicəsi yoxdur, adətən 2-4 həftə ərzində öz-özünə sağalan bir xəstəlik hesab edilir".

N.Mustafayeva bildirib ki, yoluxduruculuq qabiliyyətinin çox aşağı olması səbəbindən pandemiya halını alması da çox zəif ehtimaldır: "Lokal olaraq bəzi yerlərdə epidemiya kimi müşahidə oluna bilər. Əvvəlki dövrlərdə də bu virusa yoluxma halları olub. Amma son dövrlərdə çiçək virusuna qarşı aparılan profilikatik vasitələr hər iki xəstəliyin azalmasına səbəb olmuşdur. Su çiçəyi və “meymun çiçiyəni”nin klinik əlamətləri arasında oxşar və fərqli əlamətlər var. 90 faiz simptomlar bir-birinə bənzəyir. Fərqi ondan ibarətdir ki, “meymun çiçəyi” xəstəliyində limfa düyünlərinin böyüməsi, şişkinliyi hallarına daha çox rast gəlinir. “Meymun çiçəyi” xəstəliyi su çiçəyinə nisbətən daha yüngül əlamətlərlə müşahidə olunur".

 

Bənzər yazılar

0.55168509483337