Mübariz Qurbanlı: “İran rejimi Azərbaycandakı məscidlərə öz adamlarını yerləşdirməyə çalışıb”

 06-04-2023

“İran rejimi Azərbaycandakı məscidlərə öz adamlarını yerləşdirməyə çalışıb”.

“Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, komitə bunun qarşısını almaq üçün kifayət qədər səbirlə, məqsədyönlü şəkildə iş aparıb.

O bildirib ki, İranın anti-Azərbaycan əməlləri bumeranq kimi onun özünə qayıdacaq:

“İran özü bundan çox ciddi ziyan çəkə bilər və ziyan çəkəcək. Həm bizim səfirliyimizə qarşı terror aktı, eyni zamanda millət vəkili Fazil Mustafaya qarşı törədilmiş sui-qəsd, eyni zamanda Azərbaycan hüquq-mühafizə və xüsusi xidmət orqanlarının aşkarladığı qruplar və aparılan ilkin istintaq nəticələri göstərir ki, İran rejimi müxtəlif sahələrdə olan adamları cəlb etməklə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa cəhd edib. Bunun bir hissəsini isə din adı altında həyata keçirib. Azərbaycanın zərərli dini cərəyanlara, dindən istifadə edərək bölücülük, təfriqə, dini radikalizm, düşmənçilik yaymaq istəyən qüvvələrə qarşı vahid ideoloji xətti və siyasi kursu mövcuddur”.

M.Qurbanlı Azərbaycanın multikultural və tolerant dəyərlərin hakim olduğu, müxtəlif xalqların, dini konfessiyaların bərabərhüquqlu və qarşılıqlı hörmət şəraitində, birgəyaşayış ənənələrinə uyğun yaşadığı nümunəvi dövlətlərdən biri olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan vəhdət namazlarının keçirilməsinin əhəmiyyətini təşviq edən müsəlman ölkəsidir.

“Azərbaycançılıq ideologiyası və dövlətin milli-mənəvi dəyərlərə söykənən siyasət yürütməsi bu gün hansısa zərərli dini və siyasi düşüncənin cəmiyyətdə kök salmasına imkan vermir. Ölkəmizdə milli ruhlu, vətənpərvər, dövlətçiliyə bağlı dini kadrlar hazırlanır. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması çox böyük tarixi hadisədir. Gələcəkdə institutun yetişdirdiyi ali təhsilli din xadimləri ölkəmizdə din adı altında hansısa xarici dövlətin dövlət-din münasibətləri modelinin formalaşması istiqamətində atacağı addımların qarşısını ala biləcək gücə çevriləcəklər”, - Komitə sədri vurğulayıb.

 

Bənzər yazılar

0.23824214935303