Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdirinin müavini Pərvin Ağasıyev və Tədrisin keyfiyyətinə nəzarət şöbəsinin müdiri Aynurə Dadaşovanın tutduğu vəzifələrdə qanunsuz olaraq fəaliyyət göstərdiyi iddia edilib.
Oxu.Az xəbər verir ki, Pərvin Ağasıyev və Aynurə Dadaşova barəsində edilən paylaşımlarda onların Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğu imtahanını keçmədikləri üçün sistemdə adlarının olmadığı söylənib.
Sözügedən iddialara cavab almaq üçün aprelin 26-da Elm və Təhsil Nazirliyinə sorğu ünvanlanıb. Sorğuya cavab veriləcəyi bildirilsə də, 6 gündür cavablandırılmayıb.
Qeyd edək ki, "Media haqqında" Qanuna görə, informasiya əldə edilməsi barədə yazılı sorğuya "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Həmin Qanunda göstərilən müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 (iyirmi dörd) saatdan gec olmayaraq cavab verilməlidir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdirinin müavini Pərvin Ağasıyev və Tədrisin keyfiyyətinə nəzarət şöbəsinin müdiri Aynurə Dadaşovanın tutduğu vəzifələrdə qanunsuz olaraq fəaliyyət göstərməsi ilə bağlı səsləndirilən iddiaya cavab verib.
Oxu.Az-ın sorğusuna cavab olaraq qurumdan bildirilib ki, Aynurə Dadaşova 2024-cu ildən müddətli müqavilə əsasında Agentliyin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri vəzifəsinə qəbul edilib, Pərvin Ağasiyev isə 2019-cu ildən daimi dövlət qulluğu vəzifəsində çalışır.
"Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Aparatında və yerli bölmələrində inzibati dövlət qulluğu vəzifələrinin tutulması "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yalnız müsabiqə və ya müsahibə yolu ilə həyata keçirilir.
Vakant vəzifələr təhlil olunaraq mərhələli şəkildə Dövlət İmtahan Mərkəzinə təqdim olunur və Mərkəzin rəsmi internet səhifəsində elan edilir.
Bununla yanaşı, agentlikdə müddətli əmək müqaviləsi ilə çalışan vəzifəli şəxslərin qanunvericiliklə müəyyən edilmiş şərtlərə uyğun olaraq dövlət qulluğuna dair sertifikat əldə etmələri və vakant yerlər üzrə müsahibələrdə iştirak etmələri məqsədilə müvafiq işlər aparılır.