“Qubada Birinci Nügədi kənd sakini, ibtidai sinif müəllimi Aygün Mustafayevanın özünə bıçaqla xəsarət yetirməsi ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır”.
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirib.
Bildirilib ki, toplanmış sübutlar nəticəsində hadisəyə hüquqi qiymət verilərək müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.
Quba-Xaçmaz Regional Təhsil İdarəsindən isə bildirilib ki, məsələ araşdırılır və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, Qubada Birinci Nügədi kəndin 1 nömrəli tam orta məktəbində ibtidai sinif müəllimi Aygün Mustafayeva və direktor müavini Sara Nağıyeva arasında mübahisə düşüb.
Mübahisə əsnasında əl-qol hərəkətləri olduğundan direktor müavini müəllimi polisə şikayət edib.
Daha sonra Aygün Mustafayeva yaşadığı evdə özünə xəsarət yetirib və yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.
Hazırda onun intizamsız davranışları davam edir.