“2 aprel 1993-cü ildə Kəlbəcər rayonu işğal olunmuşdu. Ermənilər buna Laçın rayonunun işğalından sonra nail olmuşdular. Kəlbəcərlilər rayonun təhvil veriləcəyinə inanmırdılar. Hərbçilərə Kəlbəcəri tərk etmək tapşırığının verilməsi rayon sakinlərini əlacsız vəziyyətə salmışdı. Yəni demək olar ki, Kəlbəcər ovaxtkı hakimiyyətin xəyanəti nəticəsində ermənilərə təhvil verildi”.
Bu fikirləri Milletinsesi.info-a Kəlbəcərin 1993-cü ildə işğal olunmasının səbəblərindən danışarkən Milli Məclisin deputatı Azər Badamov deyib. O qeyd edib ki, həmin dövrdə yarıtmaz hakimiyyətin səriştəsizliyi nəticəsində Kəlbəcər işğal edilib, 70 minə yaxın əhali öz doğma yurdlarından qovulub, didərgin salınıb:
“1992-93-cü illərdə hakimiyyətdə olan AXC-Müsavat hakimiyyətinin rəhbərliyində təmsil olunmuş adamların vəzifə hərisliyi, tamahı, görməmişliyi, heç bir siyasi və idarəçilik təcrübəsinin olmaması Azərbaycan torpaqlarının itirilməsinə gətirib çıxardı.
1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, Azərbaycan nəinki öz qalan torpaqlarını itirəcəkdi, ümumiyyətlə, dövlətçilik əldən gedəcəkdi. Məhz AXC-Müsavat cütlüyünün ermənilərə təhvil verdiyi Kəlbəcər rayonu 2020-ci ilin dekabrında bir güllə atılmadan geri qaytarıldı.
Təbii ki, bu böyük qələbənin müəllifi Ali Baş Komandan İlham Əliyevdir. Dövlət başçımızın rəhbərliyi altında ölkəmizdə yaranmış milli birlik və həmrəylik çoxları üçün mümkünsüz görünən məsələləri reallaşdırdı. Belə ki, 30 il ermənilərin möhkəmləndirdikləri və keçilməz elan etdikləri mühafizə sədlərini Azərbaycanın müzəffər Ordusu cəmi 44 gündə darmadağın edərək düşməni kapitulyasiya sənədinə imza atmağa məcbur etdi. Laçın, Ağdam və Kəlbəcər rayonları isə canlı itki verilmədən, güllə atılmadan düşmən tapdağından azad olundu. Bu, tarixi qələbə idi”.
Azər Badamov vurğulayıb ki, Kəlbəcərin işğaldan azad olunmasından keçən 2,5 ildə bu ərazilər tikinti meydançasına çevrilib:
“Dağların altından 12 km uzunluğunda tunellər çəkilir. Kəlbəcərin Baş Planı təsdiq olunub, qaçqınların öz doğma yurdlarına qaytarılması üçün tikinti-quruculuq işlər həyata keçirilməkdədir. Kəlbəcərin yaylaqlarına köç başlayıb. Kəlbəcərlilər öz yurdlarına gedir və təsərrüfat işlərinə yenidən başlayırlar. Kəlbəcərin məşhur İstisu sanatoriyası yenidən qurulur. Qısa olaraq qeyd etmək istəyirəm ki, Kəlbəcər yenidən azad nəfəs alır və yaxın zamanlarda yenidən öz sakinlərini qarşılamağa hazırlaşır”.
Aysel Aslan