Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin 33 mərtəbəli binasının açılışında - FOTOLAR

 30-03-2023

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin paytaxt Bakıda yeni inzibati binası istifadəyə verilib.

Prezident İlham Əliyev yeni binanın açılışında iştirak edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bina barədə dövlət başçısına məlumat verib.

Bildirilib ki, bina modern və postmodern üslubda layihələndirilib və mürəkkəb konstruktiv quruluşa malikdir. Hündürlüyü 125 metr olan bina 33 mərtəbədən ibarətdir. Yükdaşıyan konstruksiyaları 9 ballıq zəlzələyə davamlı olan binanın hər mərtəbəsi digər mərtəbəyə nisbətdə 2,65 dərəcə dönür və nəticədə fasad müstəvisi 90 dərəcəlik burulma effekti yaradır.

Binanın daha bir diqqətçəkən cəhəti isə yuxarıdan baxanda kürsü mərtəbəsinin Azərbaycanın xəritəsi formasında inşa edilməsi və şərq tərəfdən “Xəzər dənizi” dekorativ hovuzu ilə əhatə olunmasıdır. İşçi mərtəbələri 254 otaqdan ibarət olan binada 537 əməkdaşın fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binada müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şəraitə malik və müasir multimedia vasitələri ilə təchiz olunmuş konfrans və iclas zalları, həmçinin müxtəlif təyinatlı iclas otaqları, yeməkxanalar var. Binadaxili mikroiqlimin təmin olunması, səmərəli enerji sərfiyyatının tənzimlənməsi, işıqlandırma, yanğınsöndürmə və təhlükəsizlik sistemlərinin idarə edilməsi, fövqəladə hallar zamanı mühəndis-texniki sistemlərin tənzimlənməsi üçün İdarəetmə Mərkəzi qurulub.







Bənzər yazılar

0.13732004165649