Azərbaycanın Gürcüstan və Türkiyə ilə quru sərhədləri açılır? 

 30-03-2023

Azərbaycanın qonşu ölkələrlə quru sərhədlərini bağlamasından üç il keçib. Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanuna uyğun olaraq Azərbaycanda xüsusi karantin rejimi ilə əlaqədar quru sərhədlərin bağlı qalması uyğun görülüb.

Son günlər sosial şəbəkələrdə mayın 1-dən Azərbaycanın Gürcüstan və Türkiyə ilə quru sərhədlərini açacağına dair paylaşımlar edilir. Bunlar arasında daha əvvəl Gürcüstan mediasının Azərbaycanla sərhədlərin mayın 1-dən açılacağına dair məlumat yaydığı da yer alır.

Bəs Azərbaycanın quru sərhədlərinin açılması gözlənilirmi? Bu barədə rəsmi cavabı verə biləcək qurum Nazirlər Kabineti yanında Operativ Qərargahdır. Onların hər hansı rəsmi qərarı olmadığı üçün mövzu ilə əlaqədar ekspert rəyləri aldıq.

Bu barədə Milletinsesi.info-a açıqlama verən Milli Məclisin deputatı Rüfət Quliyev bildirib ki, əgər dövlət sərhədlərinin açılmasına dair rəsmi qərar olarsa, səlahiyyətli orqan Operativ Qərargahdır və bütün məsuliyyət də onlara aid olacaq:

“Azərbaycanın quru sərhədlərinin açılması ilə bağlı qərar verilsə, düşünürəm ki, bunun müsbət tərəfi ilə bərabər, mənfi tərəfləri də qaçılmaz olacaq. Avtomatik yenə də koronavirus pandemiyası vəziyyətinə təsir edəcək, virusa yoluxanların sayını, nisbətən də olsa, artıracaq. Bu, qaçılmaz olacaq. Buna görə biz bunu gözümüzün önünə gətirməliyik.

Amma iqtisadi tərəfdən yanaşsaq, həmin sərhədboyu ərazilərdə ən azı 60-80 min insan yaşayır. Bunların alış-verişi, xırda bizneslərinin fəaliyyəti yenidən bərpa olacaq. Bu da müsbət tərəflərdən biridir. Bu bir tərəzidir, seçimlərdən ibarətdir. Dövlət olaraq, təbii ki, seçim öncə əhalinin sağlamlığının qorunmasına yönəlməlidir. Heç kim istəməz ki, yenidən pandemiya vəziyyəti yaransın və yoluxmalar bu və digər formada sürətlə artsın. Təbii ki, bundan sonra pandemiyanın qorxunc fəsadları olmayacaq. Amma yenə də görürsünüz ki, hər gün yoluxma ilə bağlı statistik rəqəmlərdə dəyişiklik olur. Mən hər gün həmin statistikanı izləyirəm, iki-üç nəfər də olsa, ölüm hadisələri var.

Yeni yoluxanların sayı isə ortalama 30-86 nəfər arasında dəyişir. Deməli, yenə də bu xəstəlik var, fəsadları var. İndi bunu yenə də yüz ölçüb, bir biçmək lazımdır. Bu məsuliyyət də, qərar da Nazirlər Kabineti yanında Operativ Qərargahın çiyinlərindədir”.

Quru sərhədlərin açılması turizm sektoruna da təsir göstərəcək. Turistik səfərlərin yenidən başlaması nə kimi avantaj və narahatlıq yarada bilər?

Məsələ ilə əlaqədar turizm üzrə ekspert Rəhman Quliyev Milletinsesi.info-a açıqlamasında qonşu ölkələrlə quru sərhədlərin bağlılığının pandemiyadan qalan qadağalardan biri olduğunu qeyd edib:

“Bu, əsasən, Gürcüstanda və Rusiyada yaşayan soydaşlarımızın Azərbaycana gəlib-qayıtmalarında müəyyən qədər çətinlik yaradır. Amma onu da nəzərə almalıyıq ki, bu gün koronavirus pandemiyası hələ bitməyib. Bu baxımdan, Nazirlər Kabinetinin rəsmi qərarını gözləməliyik. Digər tərəfdən, Azərbaycan turizminə heç bir ciddi mənfi təsirini görmürəm.

Düzdür, pandemiyadan qabaqkı illərə nəzər salsaq, görərik ki, Gürcüstana və Rusiyanın bizə yaxın əyalətlərinə kütləvi surətdə turist axını olurdu. Amma sərhədlər bağlandıqdan sonra həmin kütlə regionlarımızda istirahət etməyə daha çox üstünlük verir. Bu halda valyuta ölkədə qalır.

Xaricdən gələnlərin sayəsində də bölgələrimizdə olan bütün istirahət mərkəzləri, hotellər, iaşə müəssisələri də tam gücü ilə fəaliyyət göstərir. Bu da yeni iş yerlərinin açılması deməkdir. Təbii ki, bu da iqtisadiyyatımıza mühüm töhfə verir”.

Qeyd edək ki, Azərbaycan quru sərhədlərini 2020-ci ilin martından etibarən COVID-19 virusunun yayılmasının, pandemiyanın qarşısının alınması məqsədilə ölkə sərhədlərini gediş-gəlişə bağlanıb.

Bənzər yazılar

0.13891196250916