“Naxçıvan Muxtar Respublikasında aqrar sektorun inkişafı üçün xüsusi yanaşma olmalıdır və strategiya hazırlanmalıdır”.
Bunu “Report”a Naxçıvan MR-nın keçmiş kənd təsərrüfatı naziri Rəcəb Orucov bildirib.
Onun sözlərinə görə, əkin torpaqları Naxçıvanın ümumi sahəsinin 55 min hektar ərazisini əhatə edir.
“Buraya xüsusi strateji olaraq yanaşılsa qısa müddətdə Muxtar Respublikada kənd təsərrüfatı məhsullarının dayanıqlı inkişafına nail olmaq olar. Naxçıvan tarixən aqrar region kimi formalaşıb və əhalinin gəlirləri əsasən bu sahədən əldə edilir. Hazırda burada əhalinin məşğulluq səviyyəsinin təmin olunması, yeni iş yerlərinin açılması istiqamətində imkanlar var. Bu imkanlardan yararlanaraq qısa müddətdə dəyişikliklər etmək mümkündür”.
R.Orucov hesab edir ki, kənd təsərrüfatında olan əsas problem son zamanlar ekoloji tarazlığın pozulması ilə əlaqədar olaraq suvarma suyuna olan tələbatın təmin oluna bilməməsidir:
“Əsas məsələ ondan ibarətdir ki, yayda yəni suvarmanın aktiv dövründə, havanın temperaturu yüksək olan zaman suvarmaya olan tələbatı qarşılamaq müasir texnologiyaların tətbiqi hesabına mümkündür. Naxçıvanın torpaqları qrunt suların səviyyəsindən aşağı olduğu üçün taxıl, çuğundur və qarğıdalının yetişdirilməsi üçün münbit şərait var. Temperaturun yüksək olması ildə 2 məhsulun yetişməsinə imkan yaradır. Naxçıvanda kartof, soğan və digər qida məhsulların yetişdirilməsi üçün də münbit şərait var”.
O, bildirib ki, bu regionda Şərur və Babək rayonları əsas əkin üçün yararlı torpaqlar kimi qeydiyyatdadırlar:
“Bu rayonlarda əsas aktiv olan suvarma əkinçiliyidir və bu səbəbdən torpaqların qida balansının tənzimlənməsi, torpaqların münbitliyinin təmin olunması istiqamətində işlərin görülməsinə ehtiyac var. Uzun müddət mineral gübrələrə olan tələbatın müəyyən səbəblərdən təmin olunmaması, torpaqların münbitliyini olduqca aşağı salıb. Sözügedən ərazilərin suvarma sistemi ilə bağlı problemlərin həll olunması, intensiv suvarmanın bərpası üçün müasir texnologiyalara böyük ehtiyac var. Naxçıvana həmsərhəd Türkiyənin kənd təsərrüfatında tətbiq olunan innovativ yanaşmaların gətirilməsi faydalı ola bilər”.
Sabiq nazir hesab edir ki, ümumiyyətlə MR-da müasir texnologiyaların istifadəsinə ciddi yanaşmaq lazımdır, xüsusilə də aqrotexniki işlərin həyata keçirilməsi prosesində.
Qeyd edək ki, Naxçıvanda aqrar islahatların aparılmasına ehtiyac olduğu haqda ötən həftə MR-nın kənd təsərrüfatı nazirinin müavini Xəyalə Dadaşova “Naxçıvan” televiziyasına müsahibəsində bildirmişdi.
X.Dadaşova hesab edir ki, Azərbaycanın digər regionlarına nisbətən Naxçıvan Muxtar Respublikasında aqrar sahə çox geridə qalır.
“Kənd Təsərrüfatı Nazirliyinin hazırkı strukturu imkan vermir ki, aqrar sahədə vahid idarəetmə sistemi olsun. Bu sahədə idarəetmə sistemi pərakəndə şəkildədir”.
Nazir müavini əlavə etmişdi ki, aqrar sahədə struktur dəyişikliyi aparılacaq. Dəyişiklik zamanı rayonlarda dövlət aqrar inkişaf mərkəzlərinin yaradılması məsələsinə baxılacaq.
X.Dadaşova qeyd edib ki, sözügedən sektorda kadrların, işçilərin bilik və bacarıqları çox aşağıdır:
“Bununla bağlı attestasiya aparılacaq. Attestasiyadan uğurla keçən işçilərin ixtisasartırma kurslarına cəlb olunması həyata keçiriləcək”.