“Dünya Bankı Azərbaycanla 30 illik əməkdaşlıq müddəti ərzində 52 layihənin maliyyələşdirilməsi üçün 4 milyard ABŞ dollarından çox zəmanətli kredit və 110-dan artıq texniki yardım və qrant layihələrinə təxminən 30 milyon ABŞ dolları həcmində vəsait ayırıb”.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərov “Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF): İcranın qiymətləndirilməsi üzrə illik toplantı”da deyib.
Onun sözlərinə görə, Dünya Bankı həm də ölkədə aparılan yenidənqurma və bərpa işlərində Azərbaycanın etibarlı tərəfdaşıdır.
“Avropa İttifaqı və Dünya Bankı Azərbaycanın sıx əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar sırasındadır. Beynəlxalq təşkilatlarla, xüsusilə də Avropa İttifaqı və Dünya Bankı ilə müxtəlif proqram və layihələr çərçivəsində əməkdaşlıq iqtisadi inkişafın təmin edilməsində mühüm rol oynayır. Avropa İttifaqı ilə əməkdaşlıq xarici siyasətimizdə mühüm istiqamətlərdən biridir. Ticarət ikitərəfli əməkdaşlığımızın əsas sahələrindəndir. Azərbaycan da Avropa İttifaqı üçün mühüm tərəfdaş və avropalı investorlar üçün cəlbedici yerlərdən biridir”, - deyə Ə.Ələkbbərov əlavə edib.
Qeyd edək ki, bu gün İqtisadiyyat Nazirliyi, Avropa İttifaqı və Dünya Bankı hökumət, inkişaf təşkilatları, vətəndaş cəmiyyəti, elm müəssisələri və medianı təmsil edən tərəfdaş və həmkarlarla birlikdə AZTAF-ın icrasını nəzərdən keçirib. AZTAF Aİ-nın maliyyələşdirdiyi və Dünya Bankının icra etdiyi, ümumi büdcəsi 5,25 milyon avro olan 3 illik proqramdır.