Səttar Mehbalıyevin qardaşının “Nobellik” pasport BİZNESİ: Dövlət 60 manat, rəis 150 manat QAZANIR

 18-05-2022

Azərbaycan hakimiyyətinin tərkibinə nəzər salanda bu qənaət ortaya çıxır: bu ölkədə qeyri-adi istedada malik ailələr var. İstedad fabrikası olan bu ailələrdən çıxan hər kəs böyük dühadır və onların hər bir fərdi ən “yağlı” vəzifələrdə işləyirlər. Belə istedad fabrikalarından biri də Mehbalıyevlər ailəsidir.

Bəli, bəli, düz təxmin etdiniz, söhbət Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, Milli Məclisinin deputatı Səttar Mehbalıyevi dünyaya gətirən ailədən gedir. Əgər belə olmasaydı, bu adam müstəqilliyimizi bərpa edəndən indiyədək keçirilən bütün seçkilərdə deputat seçilə bilərdimi? Bəs 1991-ci ildən bu yana Azərbaycan Həmkarlar İttifaqının sədri vəzifəsini icra etməsinə nə deyirsiniz?

Səttar Mehbalıyevin qardaşı Namiq müəllim də öz qeyri-adi istedadı ilə seçilir.

Naxçıvan MR DİN-dəki mənbələrdən Ovqat.com-a ötürülən məlumata görə, Namiq Mehbalıyev də uzun illərdir ki, bu nazirliyin Pasport-Qeydiyyat Şöbəsinin rəisi vəzifəsini icra edir.


“İxtiraçı” polis zabiti Namiq Mehbalıyev

Namiq müəllim istedadlılıq xüsusiyyətinə görə elə bəxtəvər şəxsiyyətlərdəndir ki, o, rəhbəri şöbəni dünyanın heç bir yerində rast gələ bilməyəcəyiniz özünəməxsus ixtiraları ilə idarə edir.

Bəs, bunu necə bacarır?

Mənbəmizin iddiasına görə, Namiq müəllim xarici pasport biznesi ilə məşğul olur. Hər gün ən azı onun şöbəsinə 100-ə qədər insan müraciət edir. Namiq müəllimin qurduğu olduqca mükəmməl sistem isə həm dövlət babanın, həm də bu istedadlı məmurun cibini doldurur. Düzdür, ixtira sahibi, dövlətdən 2.5 dəfə çox qazanır. Bu da görünür, Namiq müəllimin intellektinin gücünə görədir.

Mexanizmin detallarına gəlincə, bildirilir ki, Namiq Mehbaliyevin işçiləri vətəndaşlardan yalnız təcili pasport almağın pulunu istəyirlər: hər pasport üçün 210 manat. Amma bu “dövlət rüsumu”nun hamısı dövlətin hesabına keçirilmir. Vətəndaşlardan tələb olunur ki, “dövlət rüsumu”nun yalnız 60 manatı rəsmi hesaba, qalan 150 manat isə əlbəəl Pasport-Qeydiyyat şöbəsinin əməkdaşı Nehrəmli Ramin ləqəbli polis serjantına ödənilməlidir.

Əlbəttə ki, Nehrəmli Ramin həmin vəsaitləri iş saatından sonra Namiq müəllimin önünə qoyur. İnsafən, pulların hamısını şöbə rəisinə də çatmır. Cənab rəis həmin vəsaitdən hər ay şöbənin digər əməkdaşlarına “paket” adlanan maaş da verir: zabitlərə 150-200 manat, serjantlara 100-150 manat arası. Qalanlarını isə özü mükəmməl ixtirasının patenti kimi həzmi-rabedən keçirir. Düz də edir. Bu qədər dahiyanə mexanizm hazırlayasan, halal patentindən imtina edəsən. Harda görünüb belə sadəlövhlük?

Mənbəmiz Naxçıvan MR DİN-nin Pasport-Qeydiyyat şöbəsinin tətbiq olunan Namiq Mehbalıyev ixtirasının müştərilərə göstərilən sxemini də bizə göndərib. Buyurub, siz də o sxemin incəlikləri ilə tanış ola bilərsiniz.

Mənbə Ovqat.com

Bənzər yazılar

0.38843297958374