Fatih Ceylan: “Türkiyə və Azərbaycanın “Qlobal Demokratiya Sammiti”nə çağırılmaması ədalətsizlikdir”

 28-03-2023

“Amerika Birləşmiş Ştatlarında (ABŞ) keçiriləcək “Qlobal Demokratiya Sammiti”nə Azərbaycan və Türkiyənin dəvət edilməməsi gözlənilən bir addım idi. Hesab edirəm ki, Türkiyə və Azərbaycanın “antidemokratik” ölkə hesab edilərək bu tədbirə çağırılmaması ədalətsizlikdir”.

Bu sözləri “Report”un Türkiyə bürosuna açıqlamasında Ankara Politikalar Mərkəzinin rəhbəri, səfir, qardaş ölkənin NATO-dakı keçmiş təmsilçisi Fatih Ceylan deyib.

Onun sözlərinə görə, “Qlobal Demokratiya Sammiti” fərdi təşəbbüs nəticəsində həyata keçirildiyi üçün belə tədbirlər NATO-nun və ya BMT-nin müntəzəm iclasları siyahısına daxil deyil:

“Ona görə də dəvət məsələsində ev sahibi ölkə rol oynamır və hansı ölkənin çağırılıb-çağırılmamasına məhdudiyyət qoyulmur. Belə bir tədbirin keçirilməsi ABŞ Prezidenti Cozef Baydenin vəzifəyə başlamazdan əvvəl seçki vədi idi. “Qlobal Demokratiya Sammiti” ilk dəfə 2021-ci il dekabrın 9-10-da keçirilib. Növbəti toplantı isə bu il martın 29-30-da baş tutacaq. Hesab edirəm ki, Türkiyə və Azərbaycanın “antidemokratik” ölkə hesab edilərək bu tədbirə çağırılmaması ədalətsizlikdir, amma bizim üçün çox da əhəmiyyətli deyil. Biz çalışmalıyıq, ölkələrimiz daxilində demokratiyanı daha da inkişaf etdirək ki, Azərbaycan və Türkiyə daha da qüdrətlənsinlər”.

Mərkəz rəhbəri Avropa İttifaqı və NATO-ya üzv olan Macarıstanın da “antidemokrat” siyahısına salınaraq sözügedən sammitə dəvət olunmamasını bu ölkənin üzünü türk dünyasına çevirməsi ilə əlaqələndirib:

“Türk dünyasının böyüməsi onları, təbii ki, narahat edir. Amma biz bu istiqamətdə fəaliyyətimizi daha da genişləndirməli və gücləndirməliyik. Türk dünyası inkişaf etdikcə onlara gerçək demokratiyanın necə olduğunu nümunə olaraq göstərə bilərik”.

Bənzər yazılar

0.26964402198792