“Gözü açılmamış” paylanan qızlar: “Onlar cəmiyyətdə artıq yükə çevrilə bilərlər” 

 26-03-2023

Azərbaycanda hələ də, 15-16 yaşlı qızı zorla ərə verənlər var. Bu, qanunla qadağan olsa da, bəzi ailələr buna əhəmiyyət vermirlər. 

Bir neçə gün əvvəl də, 16 yaşlı qızın ərə verilməsi ilə bağlı məlumatlar yayıldı. Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırma zamanı məlum oldu ki, ailə üzvləri iddiaları təkzib edərək digər övladının sənədini təqdim etməklə, dövlət orqanlarına yanlış məlumat veriblər. Hazırda araşdırma davam etdirilir.

Erkən nikah yaşı 18-dən az olan şəxslərin və ya yeniyetmələrin nikaha daxil olmasıdır. 158 ölkənin qanunvericiliyinə əsasən nikaha daxil olma yaşı kimi 18 qəbul olunsa da, bu qanunlar əksər hallarda pozulur, çünki erkən nikahların tətbiqi ənənələr və sosial normalarla dəstəklənir. 

Qeyd edək ki, Ailə Məcəlləsinə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Sənəddə bildirilir ki, üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının bir ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva açıqlamasında bildirib ki, qurum 17 yaşda nikah kəsilməsi üçün qəbul edilən üzrlü səbəblərin aradan qaldırılmasının tərəfdarıdır. Çünki həmin səbəblər müəyyən neqativ halların baş verməsinə səbəb olur.

Məlumdur ki, uşaqlar erkən evliliyə cəlb olunduqda təhsildən kənarda qalır və  ağır ailə yükünü çiyinlərində daşımağa məcbur edilirlər. Nəticədə ailələrdə zorakılıq halları daha çox olur. Erkən nikahların və erkən hamiləliyin yalnız ana və körpə üçün deyil, cəmiyyət üçün də mənfi fəsadları ola bilər. Belə ki, təhsilsiz və nikahsız gənc ananın problemi təkcə onun cəmiyyətin inkişafı üçün töhfə vermək imkanından məhrum olması ilə bitmir, o hətta ailəsi ilə birlikdə bu cəmiyyətdə artıq yükə çevrilə bilər.

Qeyd edək ki, 17 yaşda seksual həyata başlamış qızın enerjisi də zədələnir, cinsi yolla keçən infeksiyalara qarşı daha həssas olurlar, uşaqlıq boynunun xərçəngə tutulması riski daha yüksək olur. 

Mama-ginekoloq Ləman Əliyeva deyir ki, 17 yaşında olan oğlanın və ya qızın orqanizmində inkişaf prosesi davam edir:

“Həmin yaşda olan qadın da hamiləliyə həm fizioloji, həm də psixoloji hazır olmur və riskdir. Fizioloji cəhətdən 20 yaşından kiçik qadın orqanizmi hələ tam yetişməmiş sayılır. Erkən cinsi həyat, hamiləlik və doğuş orqanizmə  ciddi ziyan vurur. 20 yaş altı hamiləliklərdə vaxtından əvvəl doğuş ehtimalı çoxdur. Bu da özlüyündə yeni doğulmuş uşaq ölümü və digər xəstəliyin sayını artırır”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlunun sözlərinə görə, yetkinlik yaşına çatmayanların erkən yaşda evliliyi nəinki Azərbaycanda, bütün dünyada problem olaraq qalmaqdadır:

“Bununla bağlı ölkəmizdə bir sıra hüquqi və inzibati xarakterli addımlar atılsa da, problem hələ də tam həllini tapmayıb. Regionlarda xüsusilə qız uşaqlarının erkən yaşda evləndirilməsi hallarına tez-tez rast gəlinir. Ailə Məcəlləsində nikah yaşı həm kişilər, həm də qadınlar üçün 18 yaş müəyyən edilsə də, 10.2-ci maddədə üzrlü səbəblər olduqda nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının bir ildən çox olmayaraq, azaldılmasına icazə verə bilər.

Erkən nikah hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 10.2-ci maddəsinin çıxarılması ilə bağlı Qanun layihəsi hazırlanıb. Çünki qüvvədə olan Ailə Məcəlləsinin 10.2-ci maddəsi BMT-nin Uşaq hüquqları haqqında Konvensiya və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə ziddiyyət təşkil edir. Belə ki Uşaq hüquqları haqqında Konvensiyanın 1-ci maddəsinə əsasən, hər bir insan 18 yaşına çatanadək bu Konvensiyanın məqsədləri üçün uşaq sayılır, bir şərtlə ki, həmin uşaq barəsində tətbiq edilən qanuna görə o, yetkinlik yaşına daha əvvəl çatmış olmasın.

Eyni zamanda “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 18 yaşına çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxs uşaq hesab edilir”.

O qeyd edib ki, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin (CEDAW) Azərbaycanın  altıncı dövri hesabatla bağlı rəyində (4 iyul 2022-ci il) ölkədə qadınlar və kişilər üçün minimum nikah yaşının 18 yaş həddində müəyyən edilməsinə baxmayaraq, erkən nikah səviyyəsinin yüksək olduğu, qadınların və qızların yalnız dini-hüquqi mərasimlə (kəbin) nikaha daxil olmaları və nikahların rəsmi qeydiyyatının olmaması nəticəsində qadınların Ailə Məcəlləsinin təmin etdiyi müdafiədən yararlana bilməmələri və bu nikahların ləğv olunması halında onların müdafiə olunmamaları qeyd edilib.

“Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə yenidən baxılaraq, həm kişilər, həm də qadınlar üçün minimum qanuni nikah yaşı ilə bağlı bütün istisnaların qanunvericilikdən çıxarılmasını tövsiyə edilib. Dəyişikliklər edilməsi uşaqların təhlükəsiz mühitdə yaşaması üçün zəmin yaradır və bu məsələ uşaq hüquqlarının təmin edilməsi sahəsində əhəmiyyətli addımlardan biri kimi hesab oluna bilər”, - deyə o əlavə edib. 

Erkən nikah yeniyetmələrə psixoloji və sosioloji fəsadlar da verə bilir.

Sosial psixoloq və ailə məsləhətçisi İlhamə Mustafayevanın sözlərinə görə, bəzi valideynlərin səhvi ucbatından qızların çox gənc yaşda ərə getməsi faktları ilə rastlaşırıq:

“18 yaşa qədər olan insanın fiziki və psixoseksual inkişafı tam başa çatmamış olur. Bu səbəbdən də onun ailə həyatı anlayışı formalaşmamış olur. Ailə qurmaq üçün maddi, mənəvi, fiziki, psixoloji və sair cəhətlərdən hazır olmaq lazımdır. 16-17 yaşda ailə quran qızın təhsili də yarımçıq qalmış olur. Onlar hələ uşaqlıq həyatından çıxmamış böyük məsuliyyətlər altına girirlər. “Filankəsin qızı gözümün qabağında böyüyüb, gözü açılmamış alım oğluma”, - deyən valideynlər qızlarının həyatını məhv edirlər.

Nəticədə özləri bunun ağır fəsadlarını yaşayırlar. Öz inkişafı və həyatı üçün heç bir məqsədi olmayan, öz ayaqları üzərində durmağı bacarmayan, valideynlərindən çox sahədə asılı qalan, özü hələ uşaq bədənində və psixikasında olan 17 yaşlı qız həyat yoldaşı, gəlin, baldız, və ən əsası ana rollarının öhdəsindən gələ bilməz. Həmin yaşda uşaqları ərə verən valideynlər düşünmür ki, qızlarının çiyinlərinə çox ağır yük qoyurlar”.

O qeyd edib ki, öz istəklərinə zidd olaraq, arzularını ürəyində qalan bəzi valideynlərin hansısa maraqlarına və maarifsizliyinə görə neçə-neçə gənc qızın həyatı puç edirlər:

“Nəticədə neçə körpə yetimlər evinin qəm qoxuyan divarlarına məhkum olur. 17 yaşda ailə quran qadınların psixoloji durumu çox zaman sağlam olmur. Bəzən gənc qızın ağ gəlinlik geyinmək həvəsi o qədər güclü olub gözlərini qamaşdıra bilir ki, onu gözləyən məsuliyyətli həyatın ağırlığının fərqinə vara bilmir. Belə qızlar tez bir zamanda məişət problemindən bezib depressiyaya məruz qalırlar.

Doğulmuş körpələrinə çox zaman yaxşı analıq edə bilmirlər. Bir uşağın fiziki və psixoloji inkişafı üçün ananın tərbiyəsi altında olması vacib şərtdir. Öz gəncliyini və uşaqlığını doya-doya yaşamayan gənc qız öz övladına hansı müsbət enerji və sevgi ilə təhsil və tərbiyə verə biləcək? Belə qadınlar çox zaman ya həyat şərtlərinə dözüm göstərib xəstəlik qazanırlar, ya da aqressiv və digər psixoloji problemlər qazanırlar, ya da kimlərinsə yeminə çevrilirlər. Çox zaman fiziki, psixoloji ,iqtisadi və cinsi şiddətə məruz qalırlar. Bəzən də öz arzularını həyata keçirə bilməyən qadınlar uşaqlarına həddən artıq yüklənirlər ki, bir çox uşaqlar buna görə öz arzularını yox, analarının arzularını həyata keçirirlər. Bunun da özünün bir çox fəsadları var. Bu da cəmiyyətimiz üçün daha bir neqativ faktordur.

Bütün bu sadaladıqlarıma və buna bənzər onlarla səbəbə görə hamılıqla gənc qızların erkən yaşda ərə verilməsinin əleyhinə olmalıyıq. Cəmiyyətimizin inkişafı və dövlətimizin daha güclü olması üçün bizim sağlam və xoşbəxt vətəndaşlara ehtiyacımız var”.

Azərbaycanın hansı bölgələrində erkən nikahlar geniş yayılıb?

Azərbaycanın elə bölgələri var ki, orada abituriyentlərin gender göstəriciləri kəskin fərqlənir.

Xüsusən cənub rayonlarında bu fərq özünü daha qabarıq göstərir. Son illərin statistikası göstərir ki, cənub rayonlarında ali məktəblərə sənəd verən abituriyentlərin cəmi 10 faizini qızlar təşkil edir. 

Bakının Nardaran qəsəbəsində orta məktəbə gedən 100 qızdan uzağı 10-11 nəfəri 11-ci sinfə gəlib çatır. 2004-cü ildə 1998-1999-cu illərdə anadan olan 125 mindən çox uşaq birinci sinfə daxil olub. Onların 50 faizi qızlar, 50 faizi isə oğlanlardır. Doqquz ildən sonra 3,5 faiz uşaq heç 9-cu sinfə gəlib çatmayıb. 

İlhamə Əbülfət

Bənzər yazılar

0.62154412269592