Naxçıvan gömrükçüləri tərəfindən daha iki fakt üzrə narkotik qaçaqmalçılığı cəhdlərinin qarşısı alınıb.
MillətinSəsi.info Naxçıvan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Niderland Krallığına unlu qənnadı məmulatları aparan, Türkiyə vətəndaşının idarə etdiyi 76AAG563/76AAK437 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı nəqliyyat vasitəsi Culfa dövlət sərhədindən buraxılış məntəqəsində risk meyarı əsasında rentgen qurğusundan keçirilməklə yoxlanılıb. Müəyyən olunmuş şübhəli rentgen təsvirləri əsasında aparılan əsaslı yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusuna yüklənmiş 32 ədəd taxta paletin ayaqlarında xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 113 kiloqram 820 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Həmin nəqliyyat vasitəsinin ardınca Naxçıvan Muxtar Respublikası ərazisinə tranzit giriş edən, eyni daşıyıcı şirkətə məxsus, hərəkət marşrutu, yükü, idxalatçı və ixracatçının rekvizitləri eyni olan, Türkiyə vətəndaşının idarə etdiyi 76AAJ134/76AAG184 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı nəqliyyat vasitəsinə Culfa dövlət sərhədindən buraxılış məntəqəsində gömrük baxışı həyata keçirilən zaman isə nəqliyyat vasitəsinin qoşqusuna yüklənmiş 32 ədəd taxta paletin ayaqlarında xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 113 kiloqram 835 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Oxşar gizlətmə üsulundan istifadə edilməklə törədilmiş hər iki qaçaqmalçılıq əməli üzrə aşkarlanmış narkotik vasitənin ümumi xalis çəkisi 227 kiloqram 655 qram təşkil edib.
Qeyd olunan faktlarla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Cinayət Məcəlləsinin 206-cı maddəsinə (Qaçaqmalçılıq) uyğun olaraq hər iki şəxs barəsində cinayət işi açılıb.