“Sosial şəbəkələrdə şagirdlər tərəfindən paylaşımlar edilir. İmtahandan öncə kim hansı zala düşüb, bir-birlərini tapırlar ki, köməkləşsinlər”.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması, buraxılış imtahanlarının gedişatı ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, bu paylaşımlardan DİM-in də xəbəri var: “Bizim nəzarətçi müəllimlər artıq əvvəldən bilirlər ki, hansı zalda, hansı imtahan binasında necə problemlər ola bilər. Onlar imtahana hazırlıqlı daxil olurlar. İmtahan zalına müxtəlif əşyalar, daha çox telefon keçirmək istəyənləri müşahidə etmişik.
Hətta bıçaq, qumbara keçirmək istəyənlər də olub. Bunu şişirtməmişik. Hüquq-mühafizə orqanlarına müraciət olunur və belə hallarla bağlı, onlar tədbir görürlər. Təəssüf ki, bəzən belə hallar olanda insanlar sosial şəbəkələrdə qaydaları pozanlar əvəzinə, bizi qınamağa cəhd edirlər”.
Dövlət İmtahan Mərkəzi jurnalistlər üçün müsabiqə elan edib. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması, buraxılış imtahanlarının gedişatı ilə əlaqədar keçirdiyi mətbuat konfransında elan edib.
O qeyd edib ki, müsabiqə 22 iyul Milli Mətbuat Gününə həsr olunacaq və həmin gün nəticələr elan ediləcək. Məleykə Abbaszadə söyləyib ki, müsabiqəyə təqdim ediləcək yazıların mövzusu “Bunker müəllimi İllüziya və reallıq” olacaq. Müsabiqənin nəticələrinə əsasən, birinci yeri tutan yazı 1000, ikinci yer 800, üçüncü yer 500 manat məbləğində pul mükafatı qazanacaq: “Bəzi xırda və orta biznes nümayəndələri özlərini bunker müəllimi kimi təqdim edirlər. Onlar tələbələrinin hansı yolla olur-olsun, yüksək nəticə göstərmələrini istəyirlər. Bu, DİM-ə yönələn kənar müdaxilələrə səbəb olur”.
O qeyd edib ki, özünü bunker müəllim kimi təqdim edənlər imtahan suallarının onlarda olduğunu iddia edirlər: “Sonradan isə problem olanda onu bizim üzərimizə atmaq istəyirlər. Müdaxilələrin mənim şəxsimlə bağlı olmamasına gəlincə isə mənim tərəfimdən hər hansı problem yoxdur. Mənə qibtə edənlərə deyə bilərəm ki, sağ əlim onların başlarına. Ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd verənlərin sayında artım var”.
O bildirib ki, bu il 107 188 abituriyent ali və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olmaq üçün öz ərizəsini təsdiq edib: “Ötən il bu rəqəm 99 538 nəfər idi. 83 717 abituriyent ərizəsində həm ali, həm də tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istədiklərini qeyd edib. Bu il ərizə qəbulunda iştirak edən abituriyentlərdən 84 159 nəfər cari ilin, 23 029 nəfər isə əvvəlki illərin məzunlarıdır. 98 119 nəfər Azərbaycan bölməsi, 9 069 nəfər isə rus bölməsi üzrə sənəd verib”.