Uşaq bağçasındakı olay böyüyür: “Müdirin övladım barədə məlumatı açıqlamaq ixtiyarı yoxdur” -  VİDEO

 16-03-2023

Bakıda fəaliyyət göstərən uşaq bağçasında xoşagəlməz hadisə baş verib. 

Oxu.Az-ın məlumatına görə, “Ayşənim” uşaq bağçasında tərbiyəçi uşağa yemək yedizdirən zaman şiddət göstərib. 

Valideyn saytımıza bildirib ki, bu barədə rəhbərliyə məlumat verilsə də, heç bir tədbir görülmür. 

 
 

Xətai rayonu ərazisində yerləşən “Ayşənim” uşaq bağçası orada uşağa yemək yedizdirən zaman tərbiyəçinin kobudluq etməsi ilə bağlı yayılan görüntülərə aydınlıq gətirib.

Bağçanın rəhbəri Gülşən Əsədova Oxu.Az-a açıqlamasında bildirib ki, tərbiyəçi Pərvanə xanım azyaşlıya qarşı kobudluq etmək niyyətində olmayıb:

“Həmin uşaqda autizm (erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən ümumi inkişaf problemidir - red.) xəstəliyi var. Psixoloq da deyir ki, belə uşaqlar nəyəsə reaksiya verməyəndə ehmalca toxunuş edin. Pərvanə xanım da onun əlinə kobud yox, ehmalca vurur. Həmin tərbiyəçi iki ildir, bizimlə çalışır, amma ümumi dörd illik təcrübəsi var. Valideyn uşağını başqa bağçanı bəyənmədiyi üçün bizə gətirib. Azyaşlı o qədər qorxa-qorxa gəlirdi ki, Pərvanə xanım üç ay onun şəxsi müəllimi olub, qucağında yatızdırıb. Niyə indi ondan narazılıq edilir ki?”

G.Əsədova qeyd edib ki, valideyn ondan tərbiyəçini işdən çıxarmağı tələb edir: “Mən də “bayram tədbirimiz var, bitsin, iclas edib, məsələni araşdırarıq”, - dedim. O bunu gözləməyib, görüntüləri yayıb. Tərbiyəçi ilə bağlı yekun qərar da iclasda veriləcək”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, məsələ barədə araşdırma aparılır: “Əlavə məlumat veriləcək”.

Sözügedən uşağın valideyni deyib ki,  bağçada şiddət göstərilən uşaq autizm xəstəsi deyil. Bu xəstəlik testlərlə yoxlanılan, sübut edilə bilən məsələdir və sübut etməyə hazırıq.

Valideyn bağça rəhbərinin uşaqla bağlı söylədiklərinin yalan olduğunu bildirib: “Biz uşağımızı bütün yoxlanışlara aparmışıq, bundan bağçanın da məlumatı var idi. Bağça müdiri isə bizim övladımıza qayğıkeşliyimizdən bu cür istifadə edib. Bütün həkimlərdən keçirmişik deyə sübut edə bilərəm ki, uşaqda autizm problemi yoxdur. Həmin müəllimlərin əksini iddia edəcək əsası varsa, buyursunlar.

Uşaqda autizm olsaydı belə, bunu ictimailəşdirməyə bağça müdirinin hüququ yoxdur. Heç bir pedaqoq uşaqların fərdi məlumatlarını icazəsiz media ilə paylaşa bilməz. Bütün bunlar bağçanın fəaliyyətinin nə qədər qeyri-şəffaf olduğunu göstərir. Üstəlik, autizmli uşağa xüsusi qayğı lazımdır. Həmin bağçada isə uşaqlara şiddət göstərilir, sonra da uşağın guya autizmli olduğu əsas gətirilir. Bizim uşağımızda, sadəcə, gec danışmaq problemi var. Bu isə koronavirusdan əksər uşaqlarda yaranmış problemdir. Bağça müdiri olmayan problemi dilə gətirməli deyildi”, - adının açıqlanmasını istəməyən valideyn bildirib.

Bənzər yazılar

0.22157883644104