TƏBİB Azərbaycanda uzunömürlülüyə təsir edən amilləri açıqlayıb

 16-03-2023

TƏBİB Azərbaycanda uzunömürlülüyə təsir edən amilləri açıqlayıb.

Milletinsesi.info xəbər verir ki, qurumun icraçı direktorunun müavini Araz Nəsirov “Viva La Vida” uzunömürlülük üzrə ilk beynəlxalq konqres və sərginin açılış mərasimində bildirib ki, Azərbaycan qədim zamanlardan özünün uzunömürlüləri ilə tanınır.

Onun sözlərinə görə, uzunömürlülük yolunda vacib və ilk addım bədənin fiziki ehtiyatlarının dəqiq diaqnozudur:

“Ölkəmizdə uzunömürlülərin çox yaşamasının bir neçə səbəbi var. İlk olaraq onlarda adaptiv-kompensator mexanizmlər güclü olur. Səbəblər arasında irsi, ekoloji faktorlar və yaşam tərzi də var. İrsi və ekoloji faktorlar, adətən, bir-birini şərtləndirir. Azərbaycanda 90 yaşına çatmış insan uzunömürlü hesab edilir. Dünya üzrə bu yaş həddi 100-dür. Statistikaya əsasən, ölkəmizdəki uzunömürlülər daha çox görmə və eşitmə üzvlərinin xəstəliklərindən əziyyət çəkirlər”.

A.Nəsirov əlavə edib ki, bu gün bütün dünyada tibb elminin qarşısında yalnız hansısa xəstəliklərin müayinə və müalicəsi, cərrahi müdaxilələr və s. dayanmır:

“Bu gün dünya tibbi insanların həyat keyfiyyətini yaxşılaşdırmağı, uzunömürlülüyü təmin etməyi də əsas hədəflərə çevirib. Yaşlanma prosesini yavaşlatmaq, alternativ psixologiya metodları ilə beyin və zehni sağlamlığı təmin edərək mənəvi uzunömürlülüyə nail olmaq, yaşlanma əleyhinə təbabət - kök hüceyrə və gen terapiyası texnologiyaları kimi sahələrə daha çox diqqət göstərmək müasir səhiyyənin qarşıya qoyduğu əsas məsələlərdəndir. Düşünürəm ki, bu sahələrdə də kifayət qədər yeniliklərə imza atılır, müasir tendensiyalar izlənilərək davamlı sağlamlıq üçün uğurlu metodlar tətbiq olunur.

TƏBİB olaraq biz də tibbi xidmətlərin keyfiyyətini yüksəltməklə vətəndaşların həyat keyfiyyətini artırmağa, uzun və sağlam yaşamalarını təmin etməyə çalışırıq. Eyni zamanda insanları aktiv həyat tərzinə, sağlam qidalanmaya üstünlük verməyə və zərərli vərdişlərdən uzaq olmağa çağırırıq”.

Bənzər yazılar

0.56130599975586