Kamran Əliyevdən XƏBƏRDARLIQ: “Rusiya AZAL təyyarəsinin istintaqı ilə bağlı məlumatları verməsə...”

 22-07-2025

“Ümid edirik ki, Rusiya tərəfi qısa zaman ərzində AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın gedişi və konkret nəticələri, həmçinin cinayəti törədmiş şəxslərin məsuliyyətə cəlb olunması barədə Azərbaycana məlumat verəcək. Əgər bu addım atılmasa, o zaman Prezident İlham Əliyevin qeyd etidiyi kimi, beynəlxalq məhkəmələrdə iddia qaldırmaq hüququnu özümüzdə saxlayırıq”.

MillətinSəsi.İnfo xəbər verir ki, bu fikirləri Türkiyənin paytaxtı Ankara şəhərində səfərdə olan Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev səsləndirib.

Baş prokuror bildirib ki, hadisə baş verən kimi Azərbaycanın prokurorluq orqanları tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Eyni zamanda, Qazaxstan tərəfi də cinayət işi başladıb. Sonra Rusiya İstintaq Komitəsi də prosesə cəld olunub.

“Sual yarana bilər ki, eyni hadisəyə görə niyə bir neçə ölkə cinayət işi başladır? Çünki bu məsələ hər üç dövlətin maraqlarına toxunub. Hadisə zamanı hər üç ölkənin və digər dövlətlərin vətəndaşları həm dünyasını dəyişib həm də xəsarət alıblar”, - deyə Kamran Əliyev diqqətə çatdırıb.

O deyib ki, Azərbaycanın rəsmi strukturları həm Rusiya, həm də Qazaxıstan tərəfi ilə bu məsələ ilə əlaqədar əməkdaşlıq edir. “Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, biz Rusiya Istintaq Komitəsi ilə daim əlaqə saxlayırıq, məktublar ünvanlıyırıq. Qarşı tərəf hələ ki istintaq hərəkətləri və ekspertizaların həyata keçirilməsini əsas gətirərək istintaqın konkret nəticələri barədə bizə məlumat vermir”, - deyə Baş prokuror vurğulayıb.

Kamran Əliyevin sözlərinə görə, Azərbaycan tərəfinin hadisə ilə bağlı kifayət qədər sübütları var.

“İlkin mərhələdən etibarən biz zəruri olan bütün sübutları toplamışıq. Hadisənin baş verməsi və səbəbləri barədə kifayət qədər məlumatımız var, sübutlar mövcuddur. Qazaxıstan tərəfi ilə fəaliyyətimizi koordinasiya edirik. Bu yaxınlarda istintaq qrupumuzun üzvləri Qazaxıstana səfər ediblər və həmkarlarla işguzar görüş keçiriblər. Biz, həmçinin Braziliya prokurorluğu ilə əlaqə saxlayırıq. Çünki “Embraer-190” təyyarəsi bu ölkədə istehsal olunub”, - deyə o əlavə edib.

Baş prokuror qeyd edib ki, Yekaterinburqda azərbaycanlılara qarşı baş verən işgəncə faktları ilə bağlı Rusiya İstintaq Komitəsi ayrıca araşdırma aparır: 

"Azərbaycan Rusiyanın Yekaterinburq vilayətində iki azərbaycanlının işgəncə ilə öldürülməsinə dair faktları Rusiya İstintaq Komitəsinə təqdim edib.  Yekaterinburqda azərbaycanlılara qarşı baş verən hadisələrlə bağlı cinayət işi başlatdıq. Bilirsiniz ki, Rusiya tərəfi - həm İstintaq Komitəsi, həm Baş Prokurorluqla mütəmadi əlaqələr saxlayırıq. Hərçənd Rusiya tərəfi deyir, zərərçəkənlər öz ölkələrinin vətəndaşlarıdır, amma Azərbaycan ikili vətəndaşlığı tanımadığı üçün onlar bizim vətəndaşlardır. Ona görə biz onlarla bağlı ekspertizalar keçirdik, təəssüf olsun ki, həmin şəxslərin işgəncələr, döyülmələr, ağır bədən xəsarətləri almaları nəticəsində həyatlarını itirdikləri müəyyən olundu.

Həmin işlərlə də bağlı biz istintaq hərəkətləri aparırıq və əldə olunmuş bütün sübutları Rusiya İstintaq Komitəsinə təqdim etmişik. Rusiya tərəfindən mənə deyilib ki, həmin zorakılıq faktları ilə bağlı İstintaq Komitəsi tərəfindən ayrıca araşdırma aparılır. Ümid edirik ki, bu məsələ ilə bağlı açılmış cinayət işinin nəticələri olacaq".

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburqda azərbaycanlıların evlərinə basqın edib. Reyd zamanı iki nəfər öldürülüb, bir neçə nəfər xəsarət alıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır. Onlar iyulun 1-də Ağcabədidə dəfn olunublar.

Azərbaycan Xarici İşlər Nazirliyi dəfələrlə bəyanatlarla çıxış edərək Rusiya tərəfindən şəffaf araşdırmanın aparılmasını və bu yolverilməz zorakılıq aktının günahkarlarının məsuliyyətə cəlb olunmasını tələb edib. Bu hadisə ilə əlaqədar Rusiyanın müvəqqəti işlər vəkili, eləcə də Bakıdakı səfiri Azərbaycan XİN-ə çağırılıb, baş verənlərlə bağlı onlara kəskin etiraz bildirilib.

Bundan əlavə, Azərbaycan Respublikası baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin yeddi maddəsi (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə, iki və ya daha çox şəxsi öldürmə, vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda və s.) ilə cinayət işi başlanıb. İbtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub, cinayət işi üzrə istintaq qrupu yaradılmaqla aktiv istintaq tədbirləri icra edilir.

(Azərtac)

Bənzər yazılar

0.066176891326904