Rusiyanın öz kiçik “NATO”sunu genişləndirmək PLANLARI: Üç ssenari üzrə HAZIRIQ

 16-05-2022

Rusiya ilə Ukrayna arasında müharibənin davam etməsi nə Moskvanın, nə də Qərbin (əsasən Britaniya və ABŞ) ambisiyalarını sıradan çıxarır, əksinə, hər keçən gün tərəflər biri digərini neytrallaşdırmaq üçün müxtəlif strategiyalar işləyib hazırlayırlar.

Rusiya hazırda təklənmiş durumdadır və öz orbitinin sıralarını Ukraynaya qarşı genişləndirmək üçün dəridən-qabıqdan çıxır.

Elə bu səbəbdəndir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvlərinin artırılmasının riyazi hesablamalarını aparır və əldə etdiyi bərabərlik işarələrini Belarus tərəfinə ötürür.

Belarusun müdafiə naziri Viktor Xrenin bildirib ki, gələcəkdə KTMT-nin sıraları genişlənəcək. O, mövqeyini sülhə və sabitliyə töhfəverici ideya kimi interpretasiya etmək istəsə də, bu, pərdəarxası məqamlarda daha təhlükəli ssenarilərin masada olduğundan xəbər verir.

KTMT Rusiyanın çətiri altında olduğundan, Moskva təşkilatın üzvlərinin çoxalması ilə üç istiqamət üzrə hesablama aparır.

1. Ukraynadakı müharibənin davam edəcəyi “müjdəsi” verilir. Bununla da Rusiya müharibənin daha çox ölkəyə təsir edəcəyi rəyi yaradacaq və onlara real təhlükə olduğu fikrini aşılayacaq. Amma Rusiyanın siyasi cəhətdən beynəlxalq təcridi və Moskvadan gələn təhlükələr ölkələri daha ehtiyatlı davranmağa vadar edəcək və onların KTMT-yə üzvlüyündə mümkünlük dərəcəsi aşağı enəcək.

2. Rusiya Ukraynadan sonrakı hədəflərinə təkbaşına getmək istəmir, necə deyərlər, “cəhənnəmə gedən özünə yoldaş axtarar”. Əgər KTMT ailəsinə qoşulanların sayı artsa, Rusiya NATO-ya qarşı onları da qoyacaq.

3. Rusiya, ola bilsin ki, Ukraynadakı müharibənin öz sərhədlərinə çatacağını və Rusiyaya hücum olacağı planlarını düşünür, hərçənd ki, bu versiya zəifdir. Onsuz da, Rusiya sərhədlərinə təhdid yaransa, KTMT öz Nizamnaməsinin 4-cü bəndinə əsasən, kollektiv müdafiə yaratmalıdır, lakin təşkilat daxilində bu ideyalardan sapmalar da müşahidə edilə bilər.

Hər üç mühakimə nəticə etibarı ilə bir-birilə bağlıdır. Bəs Rusiya hansı ölkələri KTMT (hazırkı üzvləri: Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan) mətbəxinə gətirmək niyyətindədir?

Rusiya dəfələrlə Azərbaycanı KTMT-də üzv kimi görmək istədiyini dilə gətirib, lakin Bakı Qərblə Rusiya arasındakı incə balanslaşdırma siyasətinin ruhuna uyğun davranaraq KTMT-yə üzvlük barədə düşünmür.  

Rusiya ona görə də çalışır ki, Azərbaycan, heç olmasa, müşahidəçi qismində təşkilatda təmsilçilik hüququna yiyələnsin, hərçənd ki, bu da çətin məsələdir. Unutmaq olmaz ki, Azərbaycan Qoşulmama Hərəkatına daxildir və hazırda da ona sədrlik edir.

Hazırda Rusiyanın arzusunda olduğu ölkələr sırasında İranın KTMT-də iştirakı daha inandırıcı səslənir. İranın Rusiyadakı səfiri Kazım Cəlali KTMT məsələsinə vurğu etməsə də, Tehranla Moskva arasında hərbi-texniki əməkdaşlığa dair verdiyi açıqlama maraq oyadır.

Sitat: “İranla Rusiya arasında hərbi əməkdaşlıq təkcə texnika alışı ilə məhdudlaşmır”.

Hesab etmək olar ki, İranın da, Rusiyanın da beynəlxalq aləmdə təklənməsi bu iki ölkənin yeni platformada səylərini birləşdirəcək.

Amma İranın KTMT-yə üzvlüyü yox, müşahidəçi qismində töhfəsi daha real görünür.

Aqşin Kərimov

Bənzər yazılar

0.21166610717773