Bu gün Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın 85 yaşı tamam olur.
Xalq yazıçısı “Qaynarinfo”ya yubiley arzusunu açıqlayıb. Anar müəllim deyib ki, həyatda bir arzusu var:
“Yaşamaq... Allah mənə can sağlığı versin. 105 il ömür yaşamaq istəyirəm. Bu gün mənim 85 yaşım tamam olur, səhər saatlarından təbriklər gəlir, həm sənət dostlarım, həm oxucular təbrik edirlər. Məni xeyli adam təbrik edib Sizə də təbrikiniz və diqqətiniz üçün təşəkkür edirəm”, - deyə o bildirib.
Yazıçı Anar doğum günündə işdə olacağını, daha sonra ailəsinin əhatəsində 85 yaşını qeyd edəcəyini söyləyib:
“Bu gün işdə olacağam, yeni yaşımda Azərbaycan Yazıçılar Birliyinin sədri kimi iş başındayam, fəaliyyətimi birliyin yaxşılaşdırılması üçün davam etdirirəm. Yeni yaş yeni planlar deməkdir. Bizim də gələcəklə bağlı planlarımız var. Yaradıcılıqla məşğulam, bundan sonra da fəaliyyətimi davam etdirəcəyəm. Doğum günümü isə yalnız ailəmlə birlikdə, onların yanında qeyd edəcəyəm”.
AYB sədrindən həmkarı Əkrəm Əylislidən ad günü təbriki alıb-almadığını da soruşduq: “Hələ Əkrəm Əylislidən təbrik mesajı almamışam. Kim təbrik edirsə, ona minnətdarlığımı bildirirəm”.
O, 85 yaşının olmasına baxmayaraq, sağlıq durumunun qaydasında olduğunu söyləyib.
Qeyd edək ki, Xalq yazıçısı Anar 1938-ci ildə şair Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində dünyaya gəlib.
Anar 14 mart 1938-ci ildə Bakı şəhərində anadan olub. Onun atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. 1991-ci ildən Yazıçılar Birliyinə sədrlik edən Xalq yazıçısı 1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının ilk iclasını aparıb. Anar 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib.
O, indiyədək Azərbaycan SSR əməkdar incəsənət xadimi, Azərbaycan SSR Dövlət mükafatı, Azərbaycan Respublikasının Xalq yazıçısı, “İstiqlal”, “Şöhrət”, “Şərəf” ordenləri, Prezidentin fərdi təqaüdü, Heydər Əliyev Mükafatı, Prezidentin fəxri diplomu, TÜRKSOY-un “Şərəf”, “Üzeyir Hacıbəyli” medalları ilə təltif edilib.
Anarın anası Nigar Rəfibəyli Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsi olub. Atası Rəsul Rza isə Məmmədxanlılar nəslindəndir.
Anar 1987-ci ildən indiyədək Azərbaycan Yazıçılar Birliyinin sədridir.