“Sənədində axund, imam, şəriət müəllimi yazılan şəxs bizə müraciət edir ki, mənə diplom ver. Diploma hansı ixtisası yazaq? Onun oxuduğu sahə təsdiq olunan ixtisas təsnifatında yoxdur, diploma hansı ixtisası yazım?!”
“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
“Bir neçə min şəxsi misal çəkə bilərəm ki, tədris aldığı ölkənin dilini belə bilmir. Belə şəxsə diplomu necə verək?! Xaricdə təhsil almış şəxslərin işlərinin asanlaşdırmaqla keyfiyyəti qurban vermək olmaz. Qiyabi sessiyalarla oxuduğunu deyən şəxsin də diplomunu tanıya bilmirik”, - deyə nazir bildirib.
E.Əmrullayev, həmçinin distant təhsilə keçidlə bağlı səsləndirilən təkliflərə də cavab verib:
“Nəzərə almaq lazımdır ki, pandemiya dövründə ilk dəfə olaraq ümumtəhsil müəssisələrində distant tədris rejiminə keçid etdik. Artıq bu ilin mayında distant təhsilin nəticələrini görəcəyik. Şəxsi mülahazələrim odur ki, nəticə əsaslı şəkildə aşağı düşəcək. Çünki 2020-2021-ci ildə şagirdlər, ümumiyyətlə, dərsə getməyərək distant təhsilə cəlb olundu. Həmin zaman ərəfəsində təhsilalanların öyrənmə bacarıqlarının nə dərəcədə itməsi və ya əksi məsələsini may ayında biləcəyik”.
Muxtariyyət məsələsinə gəlincə, nazir əlavə edib ki, indiki modeldə ali təhsil müəssisələrinin əksəriyyəti dövlətin tabeliyindədir: “Ali təhsil müəssisəsinə muxtariyyətin verilməsində akademik qurum olaraq mahiyyəti və fəlsəfəsinin ciddi müzakirəsinə ehtiyac var. Hətta elə universitet var ki, təhsil proqramını yaza bilmir və gəlib bizdən xahiş edir. Biz ali təhsil müəssisələri arasında rəqabətliliyə meyil etmirik”.
O bildirib ki, məsələn, tibb bir yerdə olsa, daha yaxşıdır, 4 yerdə olsa, keyfiyyət itə bilər: “Bu gün Azərbaycan universitetində bir mühəndis hazırlamaq üçün 1600 manat vəsait ödənilir. 1600 manata beynəlxalq rəqabətədavamlı mühəndis necə hazırlaya bilərik? Bu gün ali məktəbə daxil olanların 90%-dən çoxu universiteti bitirir. Dövlətdən narazı qalan vətəndaşa yalançı diplom verməklə vəziyyət düzəlməz”.
Nazirin sözlərinə görə, ədalətli yanaşma odur ki, diplom ala bilməyənə diplom verilməsin: “Bolonya sisteminə keçəndən sonra minlərlə saxta diplomu olanları müəyyənləşdirmişik. Misal olaraq, Azərbaycan Tibb Universitetinin rektoru ilə müzakirə etdiyimiz məsələ var idi ki, həkim diplomu alıb harada necə oxuduğu bəlli olmayan şəxslər var.
Biz işə qəbulda görürük ki, pedoqoji diplom almış məzun müəllimlərin işə qəbul imtahanında minimal bal yığmır. Sual olunur ki, biz bu diplomu ona niyə vermişik?! Həqiqət bundan ibarətdir ki, vətəndaş dövlətdən narazıdır. Biz vətəndaş dövlətdən narazı qalmasın deyə ona havayı diplom verəndə axırı yaxşı qurtarmır. O vətəndaş daim narazı qalır ki, onda mənə bir dənə də iş ver və s. Nə vaxtsa, ona “yox” deməyilik. İl ərzində təxminən 400-500 istedadlı idmançının universitetlərə müsabiqədənkənar qəbulu nəzərdə tutula bilər”, - deyə elm və təhsil naziri əlavə edib.
Nazir bildirib ki, hazırda istedadı olan idmançı 14-15 yaşına çatanda valideyn yolayrıcında qalır: “Ali məktəbə qəbul üçün əlavə hazırlıq məsələsi gündəmə gəlir. Hesab edirəm ki, bu, ədalətli deyil. Nəzərə almaq lazımdır ki, bütün ölkədə idman peşəkar sahəyə çevrilib. İstedadlı idmançı artıq yeniyetmə yaşlarında böyük məşqlərə hazırlaşmalıdır”.
O qeyd edib ki, ali təhsil müəssisələrində idman həyatı ilə bağlı müəyyən addımlar atılmalıdır: “Burada söhbət böyük rəqəmlərdən getmir. Artıq ali təhsil müəssisələrində qəbul sayı 50 mindən artıqdır. Bu rəqəmin də 60 minə yaxınlaşması nəzərdə tutulur. İl ərzində təxminən 400-500 istedadlı idmançıların universitetlərə müsabiqədənkənar qəbulu nəzərdə tutula bilər. Bununla həm idmanın inkişafına, həm də Azərbaycan bayrağını yüksəklərə qaldırmağa töhfə vermiş olarıq”.