Egils Levits Bakıda Azərbaycan və Latviya iş adamları ilə GÖRÜŞÜB

 08-03-2023

Latviya Prezidenti Egils Levits martın 8-də Bakıda Azərbaycanın və Latviyanın iş adamları ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Latviya Prezidenti bu tədbirin iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əmin olduğunu söyləyib.

Bildirib ki, Latviya NATO və Avropa İttifaqının üzvüdür. Həmçinin Azərbaycanı iqtisadi əlaqələrdə yaxın tərəfdaş kimi görür. Egils Levits qeyd edib ki, Azərbaycan Avropanın enerji bazarında fəal rol oynayır və enerji mənbələrinin şaxələndirilməsində xüsusi yeri var.

Azərbaycan və Latviya arasında yaxın qarşılıqlı əlaqələrin mövcud olduğunu vurğulayan Egils Levits bildirib ki, iqtisadi sahədə əlaqələr inkişaf edir və bunun daha da genişlənəcəyinə ümid var. O əlavə edib ki, Latviyanın İnvestisiya və Biznesin İnkişafı Agentliyi ilə Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) arasında Anlaşma Memorandumu imzalanacaq.

Azərbaycanın Latviyanın əsas ticarət tərəfdaşı olduğunu deyən Latviya Prezidenti diqqətə çatdırıb ki, pandemiyada sərhədlərin bağlanması nəticəsində pozulan tədarük zəncirlərini bərpa etməyin vaxtı yetişib.

AZPROMO-nun rəhbəri Yusif Abdullayev çıxışında deyib ki, Azərbaycanda 16 Latviya şirkəti fəaliyyət göstərir. Bu şirkətlərin əksəriyyəti nəqliyyat sahəsindədir. Onun sözlərinə görə, Azərbaycan da Latviyaya investisiya yatırıb. Bu investisiyanın həcmi 166 milyon dollardır. O əlavə edib ki, Latviya şirkətləri Azərbaycanın azad olunmuş ərazilərinə də sərmayə yatıra bilər.

Y.Abdullayev bildirib ki, 2022-ci ildə Azərbaycan və Latviya arasında ticarət dövriyyəsinin həcmi 70 faizdən çox artaraq, 46 milyon dollar təşkil edib. Latviyaya ixrac, demək olar ki, üç dəfə artaraq 28 milyon dollar təşkil edib. Latviyaya ixracın 98 faizi qeyri-neft sektorunun payına düşüb. Bu, o deməkdir ki, Latviya qeyri-neft məhsullarımızın idxalı baxımından Şimal-Şərqi Avropada mühüm ölkədir.

Latviyanın İnvestisiya və Biznesin İnkişafı Agentliyinin baş direktoru Kaspars Rozkalns qeyd edib ki, Latviya və Azərbaycan rəqabətədavamlı məhsulların birgə istehsalını yarada bilər və bu məhsulları Avropa bazarlarına çıxarmaq asan olar. O vurğulayıb ki, Latviya şirkətləri gələcəkdə məhsulları Avropa bazarına çıxarmaq üçün Azərbaycanla birgə istehsal üzrə əməkdaşlıq etmək istəyir. Bununla bağlı 5 prioritet sahə var.

Görüş müzakirələrlə davam edib.

 

Bənzər yazılar

0.14663505554199