Xəzərin suyu ciddi səviyyədə geri çəkilib. Bu barədə videogörüntülər sosial şəbəkədə paylaşılıb.
Milletinsesi.info xəbər verir ki, Xəzərdə suyun səviyyəsinin enməsi insanların ciddi narahatlığına səbəb olub. Balıqlar ləpədöyəndə qaynaşır, şoran torpaqlar getdikcə üzə çıxır.
Bəs Xəzərdə suyun səviyyəsinin bu qədər enməsi nə ilə bağlıdır? Bu, gələcəkdə hansı fəsadlara səbəb ola bilər?
Məsələ ilə bağlı Milletinsesi.info-ın suallarını Coğrafiya İnstitutunun “Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyası” şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyev cavablandırıb.
O bildirib ki, Xəzər dənizi canlı orqanizmdir və su balansının dəyişməsi, dənizdən gedən və dənizin üzərinə gələn yağıntıların balansı ilə əlaqəlidir:
“Dənizdən gedən su deyəndə buxarlanma nəzərdə tutulur. Buxarlanan su ilə gələn su səviyyəsi arasında fərq var. Gələn su çoxdursa, dənizin səviyyəsi qalxır, buxarlanma çoxdursa, səviyyə düşür. Hazırda Xəzərdə suyun səviyyəsinin enmə dövrüdür. Dörd min ildə Xəzərin sahilində arxeoloji, coğrafi və mümkün digər bütün tarixi faktlar göstərir ki, burada dövrilik var. Belə ki, 250 ilə qədər səviyyə qalxır, 250 ildən sonra isə düşməyə başlayır. Sonuncu dəfə ən yüksək dövr 1805-1806-cı illərdə müşahidə edilib. Xəzərdə suyun səviyyəsinin enməsi 2050-ci ilə qədər davam edəcək. Sadəcə, qeyd edim ki, son dövrlərdə bu proses bir qədər sürətlənib. Suyun səviyyəsinin enməsi 1995-ci ildən başlayıb və il ərzində 18-20 sm düşür. 1995-ci illə müqayisədə bu gün Xəzərdə suyun səviyyəsi iki metrə qədər düşüb. Bu proses nəticəsində sahildə gördüyünüz neqativ hadisələr baş verir.
1977-ci ildən 1995-ci ilə qədər Xəzər dənizinin suyu 2,5 metrə qədər qalxmışdı. O dövrdə Azərbaycan ərazisindəki torpaqların 50 min hektarı suyun altında qalmışdı. Bu zaman kənd təsərrüfatı torpaqları və bununla bağlı ümumilikdə təsərrüfata dəyən ziyan iki milyard ABŞ dolları dəyərində idi. Suyun səviyyəsinin düşməsi nəticəsində təxminən 35 min ha torpaq suyun altından çıxıb. Lakin bu torpaqlar şoran olduğu üçün əkinə yararlı deyil”.
Professor qeyd edib ki, Xəzər dənizində suyun səviyyəsinin belə düşməsi Azərbaycan ərazisindəki balıqçılığa, xüsusilə də gəmilərə, neft-qazçıxarma işlərinə ciddi ziyan vuracaq:
“Balıqların yaşama arealları ciddi formada pozulacaq. Eləcə də gəmilərin platformalara yaxınlaşması və fəaliyyətində çox çətinliklər yaranacaq.
Bundan başqa, Kür çayında da suyun səviyyəsi xeyli azalıb. Ümumiyyətlə, çaylarda suyun səviyyəsinin azalmasının əsas səbəbi Xəzər hövzəsində yağıntıların azalmasıdır. Xəzərin hövzəsi təxminən 3,5 milyon kvadratkilometrdir. Bu, Xəzərin öz sahəsindən təxminən 10-12 dəfə böyükdür. Bu ərazidə qlobal iqlim dəyişməsi ilə əlaqədar düşən yağıntıların sayı azalır və onlar da çay sularını azaldır. Yağıntılar da ümumiyyətlə qlobal proseslərlə əlaqədar deyil. Əgər həmin hövzə üzərində siklonların sayı çoxalırsa, onda yağıntı çox, antisiklon olursa, az olur. Bu səbəbdən Xəzərin səviyyəsi daim dəyişir.
Tarixə baxsaq, Xəzərin səviyyəsi 15 min il bundan əvvəl 80 metrə qədər qalxıb, ətraf ərazi su altında qalıb. 5-6-cı əsrlərdə Dərbənd qalasının tikilməsi vaxtı Xəzərin səviyyəsi aşağı olub. Bundan başqa, 12-ci əsrdə bizim Səbail qalası suyun altından çıxmışdı.
Xəzərin səviyyəsi 1780-90-cı illərdə o qədər qalxmışdı ki, Qız qalasının divarlarına qədər su vardı. Bu barədə Bakıxanov da öz xatirələrində yazmışdı. Həmişə bax belə proseslər gedib. Amma son illərdəki enmələr çox sürətli gedir. Xəzərin quruluşu elədir ki, suyun səviyyəsi nə çox qalxa, nə də çox enə bilər. Son 200 ildə dəyişmə amplitudası təxminən 3,5 metr arasında dəyişir. Bəzi fikirlər var ki, düşmə səviyyəsi 18 metrə, 9 metrə çatacaq. Xəzərin real vəziyyətini nəzərə alsaq, deyə bilərik ki, nə qədər çox su gəlsə, Xəzərin relyefi Şərqə doğru meyilli olduğundan, axıntı o tərəfə gedir. Orada da buxarlanma yüksək olduğu üçün tənzimlənir. Amma bu zaman da Xəzərin buxarlanma sahəsi azalır. Çünki Xəzərin şimal hissəsi çox dayazdır, dərinliyi 4-5 metrdir. Bir-birini kompensasiya etməsi vacibdir.
2050-ci ildə bu gün ilə müqayisədə suyun səviyyəsi təxminən 2,5 metrə qədər enə bilər. 1977-ci ildə isə Xəzərin səviyyəsi bugünkündən 70 sm aşağı olub və bu, son 400 ildə ən aşağı göstəricidir. Təxminən dörd-beş il ərzində suyun səviyyəsi həmin vəziyyətə gəlib çıxacaq. Hətta daha bir-iki metr də enə bilər. Ondan sonra yenə suyun səviyyəsində artma dövrü başlayacaq”.
“Qeyd edim ki, 2020-23-cü illər ərzində Xəzər dənizində suyun səviyyəsinin orta göstəricisi 20 sm aşağıdır. Bu, dünya okeanının səviyyəsindən 28,4 metr aşağı deməkdir. Amma 1977-ci ildə bu rəqəm 29 metr olub. Bu gün Xəzərin səviyyəsi 60 sm düşərək, gəlib həmin səviyyəyə çata bilər”, - deyə Əmir Əliyev sonda qeyd edib.