Bakıdakı tarixi bina SÖKÜLÜR?

 27-02-2023

Bakı şəhəri, Yasamal rayonu, Zivər bəy Əhmədbəyov küçəsi, 52 (24) ünvanında XIX əsrin sonlarına məxsus tarixi məhəllədə yerləşən yaşayış binasının sökülməsi barədə məlumat yayılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə yazanlar bildirirlər ki, sökülən yaşayış evi 1890-cı illərin sonu - 1900-cü illərin əvvəllərinə aiddir. Binanın müəllifi memar Mirzə Qafar İsmayılovdır.

Qeyd olunur ki, düz bir il əvvəl Azərbaycan Memarlar İttifaqı memarlıq abidələrinin reyestrinə daxil edilməsi tövsiyə olunan binaların siyahısını tərtib edib və bu barədə aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Bu siyahıda 300-dən çox bina yer alır, o cümlədən Zivər bəy Əhmədbəyov, 52 küçəsində yerləşən sözügedən yaşayış binası.

Mədəniyyət Nazirliyi sözügedən paylaşımlara reaksiya verib. Nazirlikdən bildirilib ki, məsələ diqqətdə saxlanılır: “Yaxın müddətdə ətraflı məlumat veriləcək”.

Həmçinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu ünvanlanıb. Qurumlardan məsələ ilə bağlı tezliklə ətraflı açıqlama veriləcəyi bildirilib.

Bənzər yazılar

0.41461992263794