Deputat Aqil ABBAS: "Bu gün bizdə nə kitab oxunur, nə qəzet"

 13-05-2022

“Kağızdan əlavə dəyər vergisinin götürülməsi haqqında qanun qəbul etmişdik. Nazirlər Kabineti yanvardan qüvvəyə minən qanunun işləməsini təmin etmir”.

MillətinSəsi.info APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

Deputat bildirib ki, o qiymətə olan kağızla qəzet buraxmaq mümkün deyil: “Nə edək, yenidən qanun qəbul edək? Xahişim odur ki, Baş nazir Əli Əsədov buna diqqəti artırsın. Biz özümüz kağız istehsal etmirik, hamısını xaricdən alırıq. Bu gün bizdə nə kitab oxunur, nə qəzet. Dünyada ən az kitab oxuyan cəmiyyətik”.

Aqil Abbas Kəlbəcərə qoyunçuluq təsərrüfatının göndərilməsi sahəsində də problemlər olduğunu deyib: “Kənd Təsərrüfatı Nazirliyi kvota qoyub ki, 200 baş qoyunu olmayan Kəlbəcərə gedə bilməz. Bu nə deməkdir? İnsanlar kəndinə, yurduna getmək istəyir”.

Parlamentin Sədri Sahibə Qafarova isə bildirib ki, ən az kitab oxuyan cəmiyyət olmağımızla bağlı statistikaya rast gəlməyib.

Qeyd edək ki, bu gun idxalı ƏDV-dən azad edilən kağız və çap məhsullarının siyahısı təsdiqlənib.

Bu barədə Nazirlər Kabinetinin yaydığı məlumatda bildirilir ki, idxalı və satışı əlavə dəyər vergisindən azad edilən kütləvi informasiya vasitələri məhsullarının, kitabların,dərslik və həmin malların nəşri ilə bağlı rulon və ya vərəqə şəklində kağızın siyahısı təsdiq edilib.

Siyahıya aşağıdakı məhsullar daxildir:

  • Rulonlarda və ya vərəqlər şəklində qəzet kağızı
  • - Müxtəlif ölçü və qramda olan yazı, çap və ya digər qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton
  • - Kitabların cildlənməsi üçün tikilən kağız və karton üzlük
  • - İllüstrasiyalı və ya illüstrasiyasız, içində reklam materialı olan və ya olmayan qəzetlər, jurnallar və digər dövri nəşrlər
  • - Kitab-şəkillər, rəsm üçün və ya rəngləmə üçün uşaq kitabları
  • - Kitablar şəklində çap edilmiş atlaslar, divar xəritələri, topoqrafik planlar da daxil olmaqla, coğrafi və hidroqrafik xəritələr və ya bütün növ analoji xəritələr.

Bənzər yazılar

0.21366095542908