Payızda maska yenidən qayıda bilər?

 10-05-2022

“Maska rejimi ləğv olunub. Demək olar ki, tək-tük məhdudiyyətlər qalıb”.

MillətinSəsi.info xəbər verir ki, bu sözləri səhiyyə naziri Teymur Musayev bu gün jurnalistlərin ölkədəki karantin rejimi, maskanın ləğvi ilə bağlı suallarını cavablandırarkən deyib.

O bildirib ki, bununla bağlı yaxın zamanda ÜST-ün Avropa Bürosunun direktoru ölkəmizdə səfərdə olub: “Bu məsələ yaxından müzakirə edilib. O öz açıqlamasında qeyd etdi ki, xüsusilə payız aylarında ayıq-sayıq olmaq lazımdır.

Şərt o deyil ki, koronavirusla bağlı hər hansı sıçrayış olsun. Koronavirus SARS-CoV2 virusu dəfələrlə sürprizlər göstərib, mutasiyalara uğrayıb. Lakin yeni mutasiyaların olub-olmayacağını bilmədiyimiz üçün bir qədər ehtiyatlı olmağı və gözləməyi tövsiyə edirəm.

Xaricdə təkmilləşmə və oxumaq üçün gedən həkimlərin həmin ölkədə deyil yenidən Azərbaycana qayıtmasına maraq yaratmaq üçün bir sıra tədbirlər görülür”.

Nazirin sözlərinə görə, Azərbaycan Tibb Universitetinin məzunları böyük bir siyahını əhatə edir: “Tibb Universitetinin xarici ölkələrdə rezidenturaya daxil olan məzunları ilə görüşümüz olub. Səhiyyə Nazirliyi tərəfindən onlara zəruri dəstək göstərilib. Ümid edirik ki, həmin mütəxəssislər  xaricdə öz təhsillərini bitirdikdən sonra ölkəyə qayıdaraq xidmət edəcəklər. Rayonlarda həkim, eləcə də digər tibb işçilərinin çatışmazlığı ilə bağlı problemin həlli üçün tədbirlər görülür”.

O bildirib ki, Səhiyyə Nazirliyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birlikdə proqram hazırlayır: “Həmin proqram çərçivəsində müəyyən mexanizmlər işlənərək, təkliflər irəli sürüləcək. Nəinki gənc, hətta peşəkar, kifayət qədər təcrübəsi olan həkimlərimiz əhaliyə xidmət göstərmək üçün regionlara üz tutacaq”.

Səhiyyə naziri Teymur Musayev onu da deyib ki, səhiyyə sistemində çalışan həkimlərin maaş artımı nəzərdə tutulur və bununla bağlı xüsusi mexanizmlər hazırlanacaq.

O bildirib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev mətbuat konfransında bu məsələ ilə bağlı da açıqlamalar verib: “Sözügedən mexanizmlər tam hazır olduqdan sonra media üçün mətbuat konfransı keçiriləcək. Mən özüm sizə və ictimaiyyətə bu barədə məlumat verəcəyəm”.

Bənzər yazılar

0.20853304862976