Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatında bu gün Azərbaycan idmançıları iki qızıl və iki bürünc medal qazana bilər.
MillətinSəsi.info xəbər verir ki, dünən xalçaya çıxan dörd yunan-Roma güləşçimizin hər biri medal qazanmaq şansını özündə saxlayıb.
Belə ki, Ziya Babaşov (63 kq) və Xasay Həsənli (77 kq) finalda Gürcüstan güləşçiləri ilə qarşılaşacaq. Onların rəqibləri müvafiq olaraq Georgi Şotadze və David Soloqaşvilidir.
Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) isə bürünc medal qazana bilər. Laçın bürünc medal görüşünə vəsiqə qazanmaq üçün ilk növbədə Muhitdin Sarıçiçəyə (Türkiyə) qalib gəlməlidir. Sərxan isə Nikolaos Ntuniasla (Yunanıstan) üçüncü yer üçün güləşəcək.
Qeyd edək ki, bu gün daha iki yunan-Roma güləşçimiz – Nihat Məmmədli (60 kq) və Adəm Hacızadə (72 kq) mübarizəyə qoşulacaq.