“Azərbaycanda fərdi sahibkarların 22%-i qadınlardır, iqtisadi fəal əhalinin isə 49%-ni qadınlar təşkil edirlər”.
“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün keçirilən Sosial Sahibkarlıq üzrə Beynəlxalq Qadınlar Forumunda deyib.
O.Məmmədov bildirib ki, bu, davamlı sosial-iqtisadi inkişafın gücləndirilməsində qadınların kifayət qədər geniş potensiala malik olduğuna dəlalət edir.
Onun sözlərinə görə, sosial sahibkarlıq və ya beynəlxalq müstəvidə termin kimi daha çox istifadə olunan inklüziv biznes həm ölkə, həm də cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edir:
“O, dayanıqlı inkişafı təmin edir, sosial ədaləti dəstəkləyir, sosial dəyişiklikləri stimullaşdırır və cəmiyyətin bütün təbəqələri arasında həmrəyliyi gücləndirir. Hazırda həm qlobal səviyyədə, həm də ölkəmizdə qadın sahibkarlığının çəkisinin artmasını və onların sosial sahibkarlığa daha çox meyil etmələrini müşahidə edirik”.
O.Məmmədov qeyd edib ki, ölkə Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası” təsdiq edilib:
“Sənəddə sosial sahibkarlığın inkişaf etdirilməsi üçün mexanizmlərin tətbiqi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi də göstərilir. KOBİA mandatına uyğun olaraq sosial sahibkarlığın və qadın sahibkarlığın inkişafının dəstəklənməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirir.
Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GIZ) dəstəyi ilə 2021-ci ildə ölkədə sosial sahibkarlığın inkişafı üzrə araşdırma aparılmış, tövsiyələr hazırlanıb. Eyni zamanda, ötən dövrdə KOBİA və Dövlət Məşğulluq Agentliyinin dəstəyi və KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə “Azərbaycanda sosial sahibkarlıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda Forum keçirilib və ölkəmizdə sosial sahibkarlığın inkişafı və təşviqi istiqamətində görülən işlər barədə müzakirələr aparılıb. Sosial sahibkarlığın təşviqi məqsədilə müxtəlif regionlarda fəaliyyət göstərən KOB İnkişaf Mərkəzlərimiz tərəfindən müvafiq mövzularda təlim və vebinarlar keçirilib. Ümumilikdə, həmin mərkəzlər tərəfindən 2022-ci il ərzində keçirilən təlimlərdə 4 000-ə yaxın qadın sahibkar və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən qadın yararlanıb. Agentliyin dəstək mexanizmlərindən qadın sahibkarlar da faydalanırlar”.