Xəbər verdiyimiz kimi, Naxçıvan MR Ali Məclisinin deputatı Turan Məmmədli Naxçıvan şəhəri 12 nömrəli tam orta məktəbə direktor təyib olunub. Lakin onun ilk iş günü böyük qalmaqalla yadda qalıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, Turan Məmmədli məktəb daxilində ilk iclası keçirərkən bir sıra müəllimləri ağır ifadələrlə təhqir edib. Onları maaşlarını kəsdirəcəyi ilə hədələyib. Eyni zamanda bir sıra müəllimlərin saatlarını da mənimsəyib. Deputat özünü yeni rəhbərliyin yaxın adamı kimi təqdim edib
Bundan sonra müəllimlərlə direktor T.Məmmədli arasında böyük qalmaqal yaşanıb.
Münaqişə o həddə çatıb ki, məktəbin bütün şagirdləri təxliyə edilib. Təhqir olunmuş bir neçə müəllimin səhhətinin pisləşdiyi, bir müəllimin isə infarkt keçirdiyi bildirilir. Məktəbə təcili tibbi yardım briqadaları və polis əməkdaşları çağrılıb.
Məsələ Naxçıvan MR Ali Məclisə məruzə edilib. Dərhal məktəbə Naxçıvan MR-nın təhsil naziri Rəhman Məmmədov göndərilib.
Hazırda nazirin rəhbərliyi ilə məktəbdə iclas keçirilir.
İclasdan fotonu təqdim edirik:
Fotoda: Turan Məmmədli
Naxçıvan şəhərində yerləşən 12 nömrəli tam orta məktəbin direktoru müəllimlərin narazılığına münasibət bildirib.
APA.az-ın məlumatına görə, Turan Məmmədli deyib ki, fevralın 1-də məktəbin kollektivinə təqdim edilib:
“Təqdimatdan sonra dərs hissə müdiri ilə birlikdə sinifləri gəzib, tanış olmuşuq. Şagirdlərin dərslərə davamiyyətini, geyim qaydalarını öyrənmişəm. Problem ordan yaranıb ki, niyə müəllimlərin kefini soruşmamışam… Sonra 18 ibtidai sinif müəllimi ilə görüş keçirib, söhbətlər apardıq.
Hətta dedik ki, əl-ələ verib daha yaxşı işləyək. Daha sonra yuxarı sinif müəllimləri ilə də görüş oldu. Görüşdə heç bir təhqiredici ifadə və ya hər hansı bir problem olmadı. Orada sadəcə, müəllimlərin geyim qaydalarından, dərsə davamiyyətdən söhbət gedib. Digər məsələ, mən səhər məktəbə gəlib 11-ci siniflərin birində şagirdləri görmədim. Sinif rəhbəri dedi ki, uşaqlar gəlmir.
Bundan başqa, bir müəllimin 7-ci saat dərsi var idi, dedi, mən dərsi keçmək istəmirəm, isim var. Dərs hissə müdiri də təsdiq elədi ki, bu müəllimə ən çox dərs buraxan müəllimədir”.
Turan Məmmədli vurğulayıb ki, kabinetdə oturub iş gördüyü vaxt ona bildiriblər ki, müəllimlər dərsə girmək istəmir: “Yuxarı qalxdım, müəllimləri orda gördüm. Məhz bundan sonra hadisələr yaşanıb”.
Naxçıvan şəhər Təhsil şöbəsinin müdiri Baba Əliyev isə bildirib ki, 12 nömrəli tam orta məktəbdə baş verən insidentdən sonra yekun qərar yaxın günlərdə veriləcək: “Məsələni yerində araşdırmaq üçün məktəbə gəldik. Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov da məktəbdə müəllimlərlə görüş keçirdi, onların fikirlərini dinlədi. Daha doğrusu, hər iki tərəfin fikirləri eşidildi. Bunların hamısı müzakirə olunduqdan sonra qərar qəbul ediləcək. Məlumdur ki, Turan Məmmədli 14 ildir pedaqoji təcrübəyə malikdir və Babək rayon Payız kənd tam orta məktəbinin direktoru olub. Ola bilər, direktorla hər hansı müəllimin fikri üst-üstə düşməyə bilər. Yaxın günlərdə bu barədə yekun qərar veriləcək”.
Qeyd edək ki, bəzi müəllimlər narahatlıq keçirdiyi üçün məktəbə təcili tibbi yardım çağırılıb.