“Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) ilə əməkdaşlığa önəm verir, bankın “yaşıl” və dayanıqlı gələcəyin təmin olunması istiqamətində fəaliyyətini, həmçinin üzv ölkələrə güclü iqtisadiyyat qurmaqda dəstəyini əhəmiyyətli hesab edir”.
“Report” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov AİİB-nin investisiya əməliyyatları üzrə vitse-prezidenti Konstantin Limitovski ilə görüşdə bildirib.
Dayanıqlı inkişafın təmin olunması sahəsində ölkəmizdə görülən işlər barədə məlumat verən iqtisadiyyat naziri “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində davamlı iqtisadi yüksəlişə, həmçinin azad edilmiş ərazilərimizdə aparılan reinteqrasiya işlərində “yaşıl” və “ağıllı” konsepsiyaların tətbiqinə xüsusi önəm verildiyini qeyd edib.
Vurğulanıb ki, Milli Prioritetlərdə müəyyən olunmuş strateji istiqamətlər üzrə həyata keçirilən 2022-26-cı illər üçün sosial-iqtisadi inkişafa dair Strategiyada da dövlət sektorunun yeni keyfiyyətə transformasiyası, ekosistemin keyfiyyətinin yaxşılaşdırılması, biznesin, insan kapitalının davamlı inkişafı, rəqəmsal iqtisadiyyatın və innovasiyaların geniş tətbiqi üçün münbit şəraitin yaradılması əsas hədəflərdəndir.
Konstantin Limitovski təmsil etdiyi qurumun Asiya regionunda iqtisadi artımın stimullaşdırılması və infrastrukturun inkişafı istiqamətində həyata keçirdiyi tədbirləri diqqətə çatdırıb, bankın Azərbaycanla səmərəli əməkdaşlığını qeyd edib, tərəfdaşlığın inkişafı imkanları barədə fikirlərini bölüşüb.
Görüşdə tərəflər arasında potensial əməkdaşlığın əsas istiqamətləri, AİİB-nin Azərbaycanda gələcək fəaliyyət prioritetləri, bankın maliyyə dəstəyi ilə ölkəmizdə layihələrin həyata keçirilməsi imkanları haqqında müzakirələr aparılıb.