Azərbaycanda ümumi sahəsi 200 min hektardan artıq olan su-bataqlıq ərazisi mövcuddur və bu potensiala görə həmin ərazilərdə qışlama və köç mövsümündə 100 minlərlə ornitofauna növləri toplanır.
Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib.
O qeyd edib ki, daha geniş ornitoloji imkanlara malik Ağgöl və Qızılağac milli parkları 2001-ci il 25 may tarixindən beynəlxalq əhəmiyyətli “Su-bataqlıq əraziləri haqqında” Ramsar Konvensiyasının siyahısına daxil edilib.
Xidmət rəsmisi qeyd edib ki, 2 fevral - Ümumdünya Su-Bataqlıq Əraziləri Günü ilə əlaqədar Qızılağac və Ağgöl milli parklarında “açıq qapı” günü keçiriləcək. Ziyarətçilər sabah Qızılağac və Ağgöl milli parklarına ödənişsiz daxil olaraq ərazidə toplaşan çoxsaylı ornitofauna növlərini müşahidə edə biləcəklər.