2022-ci ildə Azərbaycanda bir sıra bankların mənfəəti ciddi şəkildə azalıb. Bəziləri isə ili zərərlə başa vurub. Bu barədə məlumat bankların öz hesabatlarında yer alıb.
Bankların mənfəətinin azalmasına və ya mənfəətin zərərlə əvəzlənməsinə təsir edən faktorlardan söz açan iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, hər bankda illik göstəricilərə təsir edən səbəblər fərqli olur:
“Yəni hamısında eyni mexanizm deyil. Hər bankın idarəetmə sistemi, menecment heyəti fərqlidir. Menecmentin verdiyi qərar önəmlidir. Lakin ümumi şəkildə baxanda burada bir sıra amillər özünü göstərir. Məsələn, gəlirlərin azalması, 2022-ci ildə bəzi xərclərin artması, müəyyən tənzimləmələrin, xüsusən istehlak kreditləri sahəsində sərtləşməsi, eyni zamanda bankların ehtiyat siyasətləri - gələcəkdə qarşılarına çıxa biləcək problemlərə qabaqcadan ehtiyat yaradaraq hazırlıqlı olma cəhdləri və sair bankların illik nəticələrinə təsir göstərir. Bundan əlavə, 2022-ci ildə Mərkəzi Bankın tənzimləmələri də mövcud durumun yaranmasına təsir edib. Müəyyən qədər də rəqabət həmin bankları sıxışdırıb. Belə ki, rəqabət mühitində bəzi banklar ya yaxşı idarə olaraq, ya yaxşı müştəri menecmenti quraraq və yaxud da inzibati resurslardan daha ciddi istifadə edərək paylarını artıra bilib. Beləliklə, bir bank irəli gedərkən? digəri geridə qalıb”.
Yekunu zərərlə başa vuran bankların bağlanma ehtimalına gəldikdə isə ekspert belə bir şeyin baş verəcəyini düşünmədiyini deyib:
“Bankın hansısa bir ildə zərərə getməsi onun bağlanması üçün əsas deyil. Bankın bağlanması üçün minimum kapital tələbləri var və hazırda mənfəəti azalan, həmçinin mənfəəti zərərlə əvəzlənən bankların hər biri minimum kapital tələblərinə cavab verir. Minimum kapital tələbi dedikdə nizamnamə kapitalı nəzərdə tutulur ki, o, qanunvericiliyə uyğun olaraq 50 milyon manatdan aşağı ola bilməz. Yəni siz zərər edə bilərsiniz, amma bu, o demək deyil ki, bağlanmalısınız”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, Mərkəzi Bank bu sahəsində əsas requlyator-tənzimləyici orqandır:
“Mərkəzi Bankın requlyasiyalarına uyğun fəaliyyətinizi qurmusunuzsa, zərərə uğrasanız da, minimum nizamnamə kapitalına dair tələblərə cavab verdiyiniz təqdirdə heç bir bağlanmadan söhbət gedə bilməz. Hazırda bank bazarındakı ümumi vəziyyət onu deməyə əsas verir ki, mövcud zərərlərə baxmayaraq, həmin bankların bağlanması ilə 2023-cü ildə rastlaşmayacağıq. Mərkəzi Bank son on il ərzində bankların sağlamlaşdırılması istiqamətində işlər aparır. Hansısa bankla problem olanda onun depozit cəlbini və ya ona kredit verilməsini məhdudlaşdırır. Hazırda hansısa bankın depozit cəlbində və ya kredit verilməsində problemlərin olması ilə rastlaşmırıq. Yəni ötən il qlobal dəyər zəncirində inflyasiyanın yaratdığı bir çox problemlər var ki, Azərbaycan iqtisadiyyatına, şirkətlərinə və vətəndaşlarına təsir edir. Bu da özlüyündə onlarla işləyən bankların maliyyə nəticələrinə təsir edir. Amma bunların heç biri həmin bankların bağlanacağına dəlalət etmir. Onu da qeyd edim ki, audit edilmiş maliyyə hesabatları aprel-may aylarında təqdim olunacaq və audit olunmuş hesablardan sonra rəqəmləri müzakirə etmək daha məqsədəuyğundur. Çünki auditor rəyindən sonra daha əsaslı rəqəmlər ortaya çıxır”.
İqtisad üzrə fəlsəfə doktoru Elçin Süleymanov isə 2022-ci ilin ümumilikdə Azərbaycan bank sistemi üçün müsbət göstəricilərlə yekunlaşdığını söyləyib:
“Aparıcı banklar (Azərbaycan Beynəlxalq Bankı və Kapital Bank) kifayət qədər mənfəətlə ili başa vurub. Onlardan başqa 10-a yaxın bank da il ərzində 10 milyon manat üzərində mənfəət götürüb. Lakin bununla belə 2022-ci ili bir neçə bank minimum mənfəət, bir bank isə zərərlə başa vurub. Ancaq mən həmin bankların bağlanma təhlükəsi olduğunu düşünmürəm. Çünki ortada böyük həcmli zərər yoxdur. Bir bankın bağlanmasına zərərdən daha çox, öhdəliklərin yerinə yetirilməməsi, əmanətlərin geri qaytarılmaması kimi faktorlar səbəb olur. Hazırkı azmənfəətli və zərərə uğrayan bankların isə fəaliyyətinə mane olacaq bir risk yoxdur. 2023-cü ildə bank sistemində və manatın məzənnəsində ciddi bir dəyişiklik gözləmirəm. Çünki ölkənin ümumi olaraq maliyyə göstəriciləri müsbətdir. Neft qiymətləri arzu olunan həddədir və ölkə iqtisadiyyatında bir canlanma var”.
Müsahibimiz ölkə iqtisadiyyatındakı canlanmanın banklara ciddi təsir göstərdiyini vurğulayıb:
“Bir neçə sektorda kifayət qədər canlanma var. Xüsusilə tikinti sektorunda, emal sənayesində və bank kreditlərinin ödənilməsində vəziyyət kifayət qədər düzəlib. Bir neçə il əvvəl alınan kreditlərin 30 faizə yaxını geri qaytarılmırdı, ciddi risk vardı. Amma indi həm dünyada, həm də Azərbaycanda iqtisadi dinamiklik nəzərə çarpır. Doğrudur, Rusiya-Ukrayna müharibəsi fonunda müəyyən qədər təhdid və bəzi bankların fəaliyyətində durğunluq ola bilir, amma bu, risk təşkil edəcək səviyyədə deyil. Hazırda ölkənin bank sisteminin 70 faizinə qədərini təşkil edən bankların mənfəətli işləməsi bank sistemimizin dayanıqlılığının göstəricisidir”.
E.Süleymanov sərbəst bazar iqtisadiyyatında zəiflərin sıxışdırılıb çıxarıldığını diqqətə çatdırıb:
“Az mənfəətlə işləyən banklar bəzən rentabellilik olmadığına görə təsisçilər tərəfindən də bağlana bilər. Ancaq az zərərin gələcəkdə aradan qaldırılacağını düşünərək fəaliyyətlərinə davam da edə bilərlər. Amma qeyd etdiyim kimi, bunlar bankların fəaliyyətinə mane olacaq qədər böyük zərərlər deyil. Ümumi bank dövriyyəsinin 30-40 faizi qədər zərər olarsa, o zaman onsuz da Mərkəzi Bank bankların lisenziyasını əlindən alır. Hazırda Mərkəzi Bankın hansısa bankın lisenziyasını geri almaq kimi bir vəziyyət yoxdur, deməli bağlanmadan söhbət getmir. Sadəcə mənfəətsiz banklar var ki, onlar da idarəetmənin təkmilləşdirmək, fəaliyyətlərini iqtisadi aspektləri diqqətə alaraq yenidən qurmaqla problem aradan qaldıra bilərlər. Çünki əvvəlki ilə görə əksər banklar göstəricilərini yaxşılaşdırıb”.
Sayad Həsənli