Kamran Bayramov: “Bu gün terror aktı törədilib, sabah daha genişmiqyaslı təxribatlar ola bilər”

 30-01-2023

Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktından sonra Tehranda yerləşən diplomatik nümayəndəliyin fəaliyyəti dayandırıldı, əməkdaşları ölkəmizə təxliyə edildilər. Hadisə ilə bağlı danışan xarici işlər nazirinin müavini Xələf Xələfov terror aktına görə İran tərəfinin məsuliyyət daşıdığını, Azərbaycanın İrana etibarı, etimadı və inamının qalmadığını bildirdi.

Maraqlıdır, iki ölkə arasındakı diplomatik münasibətlər davam etdiriləcəkmi? İran yenidən Azərbaycanın etimadını qazanmaq üçün hansı addımları atmalıdır?

Bununla bağlı Milletinsesi.info-a danışan Milli Məclisin deputatı Kamran Bayramov XİN rəsmisinin bəyanatının təəccüb doğurmadığını düşünür. Deputat xatırladıb ki, ötən dövrdə İranın Azərbaycana qarşı bəyanatları, İran rəhbərliyinin addımları həm ölkəmizdə, həm də regionda haqlı narazılığa səbəb olmuşdu:

“İranın addımları bu ölkənin siyasətinə xas olan məqamdır. Törədilən terror aktı göstərdi ki, İran nəinki diplomatik nümayəndəliyimizin, işçilərimizin təhlükəsizliyinin qorunmasında maraqlı deyil, ümumiyyətlə digər sahələrdə əməkdaşlığı da istəmir. Bir dövlət səfirliyinin yerləşdiyi ölkəyə təhlükəsizlik tədbirlərinin görülməsi üçün müraciət edirsə, Vyana konvensiyasının müddəalarına əməl etməyə çağırırsa, buna laqeyd yanaşan dövlət beynəlxalq hüququ pozmuş sayılır. Azərbaycan səfirliyinə qarşı törədilən terror aktı sübut etdi ki, İran üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.

İrandakı səfirliyimizin fəaliyyətini dayandırmaq tamamilə düzgün qərar idi. Səfirliyin təhlükəsizliyi tam təmin edilməyənə qədər diplomatik nümayəndəlik fəaliyyətini bərpa etməyəcək. Əməkdaşlarımızı, onların ailə üzvlərini orada təhlükə içində necə saxlaya bilərdik?! Bu gün terror aktı törədilib, sabah daha genişmiqyaslı təxribatlar ola bilər.

İkitərəfli münasibətlərin necə inkişaf edəcəyi, əlaqələrin əvvəlki səviyyəyədək bərpa edilib-edilməyəcəyi tamamilə İran tərəfindən asılı olacaq. Azərbaycan öz tələblərini irəli sürüb. Xüsusi qeyd etməliyik ki, terror hadisəsi diplomatik əlaqələrin yaxşılaşmasına gətirib çıxarmayacaq. Əksinə, münasibətlərin daha da gərginləşməsinin şahidi ola bilərik. İran vaxtında tədbir görməsə, hadisə ilə bağlı dəqiq araşdırma aparmasa, istintaqı, günahkarın cəzalandırılmasını həyata keçirməsə, bu dövlətlə qonşuluq əlaqələrinə xələl gələcək”.

Kamran Bayramovun fikrincə, İran problemin həllində və münasibətlərin normallaşmasında maraqlı deyil:

“Bunu terror hadisəsindən sonra qarşı tərəfin atdığı addımlar da sübut edir. Səlahiyyətli qurumların açıqlamalarında təhrifə yol verilməsi, məsələyə sıradan hadisə kimi yanaşılması, fərqli təqdim edilməsi, İran rəhbərinin terror aktından iki gün sonra Prezident İlham Əliyevə zəng etməsi, üzr motivli danışığa əl atmaması rəsmi Tehranın problemi ciddiyə almadığını göstərir. Hazırda bütün dünya və region üçün də maraqlıdır ki, İran hakimiyyəti hansı mövqeyi tutacaq. Qeyd edildiyi kimi, Azərbaycan və İran arasında ikitərəfli münasibətlərin taleyi, səfirliyin fəaliyyətinin bərpa edilib-edilməyəcəyi, diplomatik əlaqələrin miqyası İranın hansı mövqeyi tutacağından birbaşa asılıdır”.

Aytac Qasımova

Bənzər yazılar

0.50364398956299