Qarabağ müharibəsi qazisi kömək üçün MÜRACİƏT ETDİ: “Müavinətim ipotekanı ödəməyə çatmır”

 02-05-2022

44 günlük Vətən müharibəsinin 31 yaşlı qazisi ipoteka kreditinin ödənilməsində ona maddi köməklik göstərilməsi ilə bağlı Media.Az-a müraciət edib.

Mehman Dadaşov 2011-ci ildə Sumqayıtda ipoteka krediti ilə mənzil alıb. O, ödənişi hər zaman vaxtı-vaxtında ödəyib.

Lakin 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə cəbhədə yaralanıb. Əlillik müavinəti yalnız ailəsini dolandırmaq üçün kifayət edir.

Hazırda qazimizin 15 664 manat kredit borcu var. Mehman Dadaşov 2009-cu ildən xüsusi təyinatlılarda xidmət edib. O, dəfələrlə xüsusi hərbi əməliyyatlara qatılıb, 2016-cı ildəki Aprel döyüşlərinin iştirakçısıdır.

2020-ci il sentyabrın 27-dən Füzuli və Cəbrayıl istiqamətində döyüşüb. “Cəbrayılın azad edilməsinə görə” medalı ilə təltif edilib.

“2020-ci ilin oktyabrında minaatan atəşi nəticəsində qəlpə yarası aldım, lakin buna baxmayaraq döyüşü davam etdirdim. Az sonra ayağımdan da güllə yarası aldım. Müalicə üçün Füzuli rayonundakı xəstəxanaya, sonra Beyləqana, oradan isə Şirvan rayonuna göndərildim. Uzun müalicədən sonra Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalına təyinat aldım və 2021-ci ilin mart ayında hərbi həkim komissiyasının qərarı ilə ehtiyata buraxıldım. Mən Buzovnadakı Tibbi Bərpa Mərkəzində, həmçinin Sumqayıtda “Unikal” klinikasında müalicə almışam.

Tibbi-sosial ekspert komissiyası mənə səhhətimə görə işləməyə əks-göstəriş olan II qrup əlillik təyin etdi. Mənə qapalı kəllə-beyin zədəsi, kontuziya, amneziya, həmçinin sol ayağın sinirlərinin və qan damarlarının sıxılması nəticəsində aşağı ətrafın sıxılma-işemik neyropatiyası fonunda astenik nevroz sindromu diaqnozu qoyuldu. Mən hazırda çətinliklə hərəkət edirəm.

Biz ailədə səkkiz nəfərik: anam, həyat yoldaşım, iki uşağım, boşanmış bacım və onun iki övladı. Atam həyatda yoxdur. Hamımız bir evdə yaşayırıq. Evdə tək gəliri olan şəxs kimi əlilliyə görə müavinət və sığorta müavinətləri alıram. Ancaq bu gəlir yalnız böyük bir ailəni dolandırmaq üçün kifayət edir. Başqa gəlir yerimiz yoxdur. Kreditimi qaytara bilmirəm. Kiçik qızım epilepsiyadan əziyyət çəkir və onun müalicəsinə də müəyyən məbləğ xərcləmək məcburiyyətindəyəm.

Mən əməkdaşlıq etdiyim sığorta şirkətinə müraciət etdim, lakin müqavilədə bu hüquq yalnız I qrup əlillər və şəhid ailələrinə aid olduğu göstərildiyi üçün kreditin qalan məbləğini kompensasiya etməkdən imtina etdilər. Maraqlıdır ki, yalnız 2016-cı ildən etibarən sığorta müqavilələrində II və III qrup əlillərilə bağlı ayrıca qərar qəbul edildi. İpoteka krediti üzrə ilkin borcum 28 700 manat idi. Hazırda bu məbləğin yarısını - 15 664 manatı ödəmək lazımdır. Qohumlar, dostlar mənə çox kömək etdilər, lakin onların imkanları artıq tükənib. Kömək üçün dövlət qurumlarına müraciət etdim, amma problemim hələ də həllini tapmayıb. Xahiş edirəm, mənə kömək edin, mən bu maliyyə yükünün öhdəsindən gələ bilmirəm”, - Qarabağ müharibəsi veteranı müraciətində qeyd edib.

Müsəlmanlar üçün müqəddəs hesab edilən Ramazan ayında Media.Az-ın redaksiyası qazimiz Mehman Dadaşovun probleminə biganə qalmamağa və ona imkan daxilində kömək etməyə çağırır.

Bu gün Ramazan bayramıdır. Orucun vacib əməllərindən olan fitrə zəkatının ödənilməsinin zamanıdır. Bu, bayramdan əvvəl ehtiyacı olan müsəlmanlara verilən iftar sədəqəsidir.

Yardım göstərmək istəyənlər qazimiz Mehman Dadaşovla  +994 50 429 46 59 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Mehman Dadaşovun adına bank kartı nömrəsi: ABB BANK 5522 0993 1347 8182

Bənzər yazılar

0.20330405235291