MTN polkovniki Vəkillər Kollegiyasından ÇIXARILA BİLƏR

 26-01-2023
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İbtidai İstinqat İdarəsinin keçmiş rəis müavini, polkovnik Yasin Məmmədov Vəkillər Kollegiyasından çıxarıla bilər. 
 
Qaynarinfo.az xəbər verir ki, Yasin Məmmədov "MTN işi” çərçivəsində Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə təqsirləndirilərək, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəyi Allahverdiyevin hökmü ilə 10 il 6 ay azadlıqdan məhrum edilib. 
 
Yasin Məmmədovun ittiham olunduğu maddələrlə vurulmuş ziyan 10 milyon manatdan artıqdır. Hazırda iş apellyasiya mərhələsindədir. 
 
Bakı Apellaysiya Məhkəməsində hakim İlqar Murğuzovun sədrliyi ilə keçirilən bir neçə prosesin təhlili göstərir ki, Yasin Məmmədov barəsindəki birinci instansiyanın hökmü qüvvədə saxlanıla, ən yaxşı halda isə ona verilən cəza bir neçə il azaldıla bilər. Yasin Məmmədov isə apellyasiya şikayətində ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini və barəsində bəraətverici əsaslarla hökm çıxarılmasını xahiş edib. 
 
Yasin Məmmədov Bakı Hərbi Məhkəməsində mühakimə olunarkən barəsində həbs qətimkan tədbiri seçilməyib. Azadlıqda olan keçmiş rəis müavini Vəkillər Kollegiyasına üzv olub. O zaman ağır cinayətlərdə ittiham olunan Yasin Məmmədovun kollegiyaya qəbul edilməsi tənqid olunmuşdu. Lakin həmin vaxt keçmiş rəis müavininin barəsində məhkəmə hökmü olmadığı üçün onun kollegiyaya üzvlüyünda qanunsuzluq yox idi. 
 
Yasin Məmmədovun apellyasiya şikayəti təmin olunmayacağı təqdirdə isə o, kollegiyadan çıxarılmalıdır. Çünki "Vəkillik və vəkillər haqqında” Qanunun 8-ci maddəsinin II bəndində qeyd edilib ki, məhkumluğu olan şəxslər vəkillik fəaliyyəti göstərə bilməzlər.
 
Vəkillər Kollegiyasının mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, hazırda Yasin Məmmədovun fəaliyyəti dayandırılıb, yalnız məhkəmənin hökmü qanuni qüvvəyə mindikdən sonra onun vəkillik fəaliyyətinə xitam verilməsi haqqında qərar qəbul ediləcək: 
 
"Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunun 23-cü maddəsinə əsasən, vəkilin fəaliyyətinə barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü olduqda xitam verilir. Bu baxımdan barəsində məhkəmə istintaqı aparılan vəkillə bağlı ittihamedici hökm qanuni qüvvəsini aldıqdan sonra Vəkillər Kollegiyasına göndərilir və daha sonra Rəyasət Heyətinin qərarı ilə vəkilin fəaliyyətinə xitam verilir”.

Bənzər yazılar

0.22331094741821