“İt ilə dostluq elə, çomağı əldən qoyma”: Xaltasız it gəzdirmək dəbini NECƏ YIĞIŞDIRAQ?

 24-01-2023

Son dövrlərdə Bakının mərkəzi küçələrində, parklarda xaltasız, ağızlıqsız it gəzdirənlərin sayı artıb. Mövzuya keçməmiş onu deyim ki, heç kim heyvanlara və ya heyvansevərlərə qarşı çıxmağa çalışmır.

Sadəcə olaraq, yazı balaca dostlarımızın müəyyən hallarda ani reflekslə ətrafdakı insanlara ziyan vura bilmə riski göz önündə saxlanılaraq bəzi məsələlərə daha həssas yanaşılması üçün maarifləndirici xarakter daşıyır.

Belə ki, istirahət parklarına, oyun meydançalarına uşaqları ilə gələn valideynlər, elə yaşlı nəslin nümayəndələri də xaltasız itləri görəndə narahatlıq keçirirlər. Dəfələrlə yol kənarında pişik görən itlərin sahiblərinin əlindən çıxmaq üçün çabaladığının, hürdüyünün şahidi olmuşuq.

Doğrudur, çox hallarda it sahibinin əmri ilə geri dönür. Lakin bəzən heç sahibi də itinin uşaq və ya pişik görəndə verə biləcəyi kəskin reaksiyanı təxmin edə bilmir. Xaltasız, ağızlıqsız itin təkcə hürməsindən qorxan uşaqlar var. Qorxudan insanda yarana biləcək xəstəliklərin sayı isə elə də az deyil.  

İtini gəzməyə çıxaran şəxslərdən nə üçün itləri xaltasız gəzdirdiklərini soruşdum. Bir çoxu xaltanın çantada olduğunu, bəziləri itinin xüsusi təlim gördüyünü, bir qrup şəxs isə xaltanın it üçün narahat olduğunu dedi.

Qeyd edək ki, bu barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126-cı maddəsində müvafiq qeydlər var. Beləliklə, ev heyvanlarının saxlanma qaydaları itin xaltasız və ağızlıqsız gəzdirilməsini qadağan edir.

Bəs iti xaltasız gəzdirən şəxslər bu qaydalara niyə əməl etmirlər? Qanunla cərimə tətbiqi bu məsələni həll edə bilirmi?

Mövzu ilə əlaqədar Heyvanların Mühafizəsi İctimai Birliyinin nümayəndəsi Fərid Mansurov oxu.az-a açıqlamasında bildirib ki, ictimai yerlərdə heyvanlarla necə davranılmasına dair Nazirlər Kabineti tərəfindən təsdiq edilən qaydalar var, qanunvericilikdə bu istiqamətdə heç bir tənzimləmə mexanizmi yoxdur:

“Doğrusu, bu qaydalar da heç bir hüquqi qüvvə daşımır. Hüquqşünaslarla çox işlədiyim üçün bunu bilirəm. ABŞ-yə və digər ölkələrə nəzər salaq: orada itlərin ağızlıqla gəzdirilməsinə dair heç bir tələb yoxdur. Ümumiyyətlə, onların heyvanlarla bağlı qanunvericiliyini nəzərdən keçirmişik, orada ağızlıqla bağlı heç bir maddə yoxdur. Çünki itlərin hamısının ağızlıqla gəzdirilməsini tələb etmək düzgün deyil. Elə cins itlər var ki, onların ağzına ağızlıq taxılanda ürəktutması ola bilər. Eləcə də ürək xəstəliyi olan itlərə ağızlıq taxmaq olmaz. Amma Avropada, ABŞ-də, bütün dünya ölkələrində də mütləqdir ki, it xalta ilə gəzdirilsin. Xaltasız heç bir iti ictimai yerlərdə gəzdirmək mümkün deyil”.

O qeyd edir ki, Avropa ölkələrində itlərə ağızlıq taxmaq məcburi deyil və hətta bir çox ölkələrdə qadağandır.

F.Mansurov Nazirlər Kabinetinin itlərin ictimai yerlərdə ağızlıq olmadan gəzdirilməsinə icazə verilmədiyinə dair qərarını da obyektiv hesab etmədiyini deyir:

“Hər itə ağızlıq taxmaq faciə ilə nəticələnə bilər. Elə it var, bir kiloqram çəkisi var, eləsi də var, üç kiloqramdır, sahibləri onlara haradan ağızlıq tapsınlar? İllər əvvəl qəbul edilən belə qərarları heç bu günə qədər yeniləməyiblər. Bu qərarların, qərarlardan doğan cərimələrin hüquqi qüvvəsi yoxdur. Çünki qərarda qeyd edilib ki, itlər onlar üçün nəzərdə tutulan xüsusi yerlərdə, meydançalarda gəzdirilməlidir. Bu da 2007-ci ildə qəbul edilən Avropa Konvensiyası ilə bağlıdır, bu məqam həmin konvensiyada əks edilib. Yəni insanlarla eyni yerdə itlər gəzdirilə bilmir. Çünki itlər təbii ehtiyaclarını ödəsinlər deyə gəzməyə çıxarılırlar, uşaqların əyləndikləri parklarda, oturduqları ot örtüklərinin üzərində itlərin təbii ehtiyaclarını ödəmələri gigiyenik cəhətdən düzgün deyil.

Amma bunu tətbiq edən yoxdur. Ölkədə itlərin gəzdirilməsi üçün nəzərdə tutulmuş xüsusi meydança, park görmüsünüzmü? Şəxsən mən görməmişəm. Amma 10 ildən çoxdur, qanunvericilik tələb edir ki, belə xüsusi məkanlar olmalıdır, bu gün də bu məkanlar ayrılmayıb. Bəs yaxşı it sahibi olan şəxs onu harada gəzdirsin? Mən özüm də razı deyiləm ki, itlər insanların, uşaqların olduqları parklarda gəzdirilsinlər. Heç bir baxımdan bu, düzgün deyil, razıyam. Amma bəs harada gəzdirək? Bu sualımıza da aidiyyəti üzrə cavab verilsin.

Hazırda heç kimdən ağızlıq olmadan it gəzdirdiyinə görə 200 manat cəriməni tələb etmək olmaz. Bu, heyvan üzərində zorakılıq deməkdir. Çünki bu cərimə o vaxt tətbiq edilə bilər ki, itlərin gəzdirilməsi üçün konvensiyada qeyd edilən xüsusi parklar, gəzinti meydançaları olsun. Dünyada da, bizdə də xaltasız it gəzdirənləri cəzalandırmaq olar. Bir neçə dəfə cərimə tətbiq edilsə, onlar artıq bunu etməyəcəklər. Çünki itlər öz aralarında dalaşa bilər, uşaqları qorxuda bilər, maşın yoluna qaçaraq qəza şəraiti yarada bilər və s. - sadalana biləcək bir çox nüanslar var.

Xaltasız gəzdirilməyə görə cərimənin tərəfdarıyam, hətta cərimə daha da artırılsın. Amma vətəndaşdan tələb edilən qanunun digər tərəfi də dövlətin üzərinə düşür. Çünki itlərin xaltasız gəzdirilməsinə icazə verilən xüsusi meydançalar hələ də yaradılmayıb. Bu məsələyə diqqət ayrılmalıdır, 10 ildən çoxdur, qanun tam icra olunmur. Hər iki tərəf öz üzərinə düşəni yerinə yetirsə, daha yaxşı olar”.

Bənzər yazılar

0.14192700386047