Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan Məhəlləsi”nin açılış mərasimi keçirilib.
“MillətinSəsi.info” xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər.
Mərasimdə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Sonra “Azərbaycan Məhəlləsi”nə həsr edilmiş videoçarx nümayiş etdirilib.
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.
Prezident İlham Əliyev Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan məhəlləsi"nin açılış mərasimində çıxışında bildirib ki, Azərbaycan xalqı bu faciəni (2023-cü il fevralın 6-da baş verən zəlzələni) öz faciəsi kimi qəbul etdi:
"İlk gündən qardaşlıq borcunu yerinə yetirmək üçün on minlərlə azərbaycanlı Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində humanitar yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq yardımını göstərməyə başlamışdır. Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub".
Dövlətimizin başçısı bildirib:
"Bu gün Azərbaycan məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür. Biz yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birimizin yanındayıq, bir-birimizin gücünü artırırıq və bu gün Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bölgəmiz üçün, dünya çapında önəmli faktordur.
Dörd il bundan əvvəl hörmətli Cümhurbaşqanı ilə Şuşa şəhərində imzaladığımız Şuşa Bəyannaməsi bizim münasibətlərimizi ən yüksək zirvəyə qaldırmışdır. Şuşa Bəyannaməsi bizim münasibətlərimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır. Biz dostuq, qardaşıq, müttəfiqik, həm siyasi, həm iqtisadi, həm enerji, nəqliyyat, hərbi və bütün başqa sahələrdə Türkiyə və Azərbaycan iki qardaş ölkə bir birinin yanında inamla uğurla irəliləyir.
Qeyd etdiyiniz kimi, Qarabağ məsələsində də biz əziz qardaşım, sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla savaşın ilk günündən çiyin-çiyinə bir yerdə idik.
Savaşın ilk saatlarında Türkiyə Cümhurbaşqanının bizə göstərdiyi dəstək, həmrəylik, siyasi, mənəvi dəstək, Türkiyə xalqının bizimlə bərabər olması bizim gücümüzə güc qatdı və biz tarixi ədaləti bərpa etdik. Bu gün Azərbaycan xalqı öz əzəli torpağında rahat və təhlükəsizlik şəraitində yaşayır", - deyən dövlətimizin başçısı Kahramanmaraşda "Azərbaycan məhəlləsi"nin yaradılmasının da çox gözəl hadisə olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən edən İlham Əliyevin nitqi böyük coşqu ilə qarşılanıb.
Belə ki, Dövlət başçısı çıxış edərkən tədbiri izləyən insanlar “Qarabağ fatehi” şüarlarını səsləndiriblər.
Daha sonra Türkiyə prezidenti çıxış edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk şair və jurnalist Abdurrahim Karakoçun "Qarabağa məktub" şeirini səsləndirib.
Türkiyə prezidenti daha sonra Azərbaycanı 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edib.