Generalla polkovnikin dalaşdığı TƏSDİQLƏNİB- DETALLAR

 23-01-2023

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinə rəhbərlik edən general-mayor Mövlam Şıxəliyev və digərilərinin  apelyasiya şikayəti üzrə yanvarın 23-nə təyin olunan məhkəmə prosesi növbəti dəfə təxirə salınıb. 

Qaynarinfo.az xəbər verir ki, səbəb müttəhim Sahib Ələkbərovun vəkilinin prosesə qatılmaması olub. Vəkilin prosesə gəlməməsini zərərçəkənlər kəskin etirazla qarşılayıb və hakimdən süründürməçiliyə son qoyulmasını istəyıblər.  

Hakim İlqar Murquzov zərərçəkənləri sakitləşdirərək tərəflərdən prosesin Sahib Ələkbərovun vəkili olmadan keçirilməsinə münasibətlərini soruşub. Sahib Ələkbərov da prosesin müdafiəçisi olmadan keçirilməsinə etirazının olmadığını deyib:

"Mən hər hansı bir mütəşəkkil cinayətkar dəstəyə daxil olmamışam. Burada oturanların (Mövlam Şıxəliyev və digər iki müttəhimi nəzərdə tutur) da nə mənə aidiyyatları var, nə də ki, mənim onlara aidiyyatım var. Mən öz ifadəmi verəcəyəm, ancaq vəkilimin iştirakı ilə. Hazırda prosesin keçirilməsinə etiraz etmirəm”.  

Zərərçəkənlər və onların vəkilləri Sahib Ələkbərovun vəkili olmadan prosesin keçirilməsinə etiraz etmədiklərini bildiriblər.

Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifov isə bildirib ki, Sahib Ələkbərovun vəkili olmadan prosesin keçirilməsi prosessual pozuntudur, amma vəkil olmadan prosesin keçirilməsinə etiraz etmirlər.

Yerindəcə müşavirə keçirən hakimlər prosesin yanvarın 30-na qədər təxirə salınması barədə qərar qəbul ediblər. Qərar zərərçəkənləri narazı salıb.

Bu prosesdə maraqlı məqamlardan biri də nəzarətçilərin sayının artırılması olub. Yada salaq ki, ötən prosesin təxirə salınmasına Mövlam Şıxəliyevlə digər müttəhim Yasin Məmmədov arasında əlbəyaxa davanın olmasının səbəb olduğu iddia edilirdi. Rəsmi məlumata görə, prosesin təxirə salınması Bakıya qar yağması ilə bağlı olub. Lakin zərərçəkənlər iddia edirdi ki, səbəb müttəhimlər arasındakı davadır. 

Bu gün keçirilən prosesdə zərərçəkənlər bu barədə Yasin Məmmədova sual ünvanlayıb. O, iddiaları təsdiqləyib. Beləliklə, aydın olub ki, nəzarətçilərin sayının artırılması da bununla bağlıdır. 

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən Mövlam Şıxəliyev 12 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, Mövlam Şıxəliyevin general-mayor rütbəsi alınıb, üzərinə həbs qoyulan əmlaklarının bir hissəsi xüsusi müsadirəyə götürülüb. Vaxtilə MTN-də onun tabeliyində işləmiş daha üç polkovnikə də uzunmüddətli həbs cəzaları kəsilib. Keçmiş şöbə rəislərindən Yasin Məmmədov 10 il 6 ay, Vüsal Ələkbərov 11 il 2 ay, rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib. 

Onlar istintaq və məhkəmə dövründə azadlıqda idi. Bu üzdən hökm elan olunanda məhkəmə zalından həbs olunublar. Mövlam Şıxəliyev Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlam Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şıxəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə verilərək, barəsində həbs qətimkan tədbiri, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov isə Cinayət Məcəlləsinin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Mənbə Qaynarinfo.az

Bənzər yazılar

0.29647397994995