BDYPİ-dən yol polisinin sürücünü təqib etməsi ilə bağlı yayılan videogörüntülərə CAVAB - ANBAAN VİDEO

 23-01-2023

Ötən gün sosial şəbəkələrdə yol polisinin nəqliyyat vasitəsini təqib etdiyinə dair görüntülər yayılıb. Belə ki, videoda sürücünün nəqliyyat vasitəsi ilə yanacaqdoldurma məntəqəsinə daxil olduğu və DYP əməkdaşlarından qaçdığını dediyi eşidilir.

Bir neçə dəqiqə sonra DYP əməkdaşının xidməti avtomobil ilə yanacaqdoldurma məntəqəsinə girdiyini görən sürücü sürətlə ərazidən uzaqlaşır. Bir qədər getdikdən sonra idarəetməni itirərək qəza törədir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq.

İdarənin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi polis mayoru Rövşən Tağıyev bildirib ki, aparılan araşdırma zamanı məlum olub ki, sözügedən hadisə 7 dekabr 2022-ci il tarixində Bakı-Qazax yolunun Sahil qəsəbəsindən keçən hissəsində baş verib.

O bildirib ki, “AzSamand” markalı 99-TU-618 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə üfüqi nişanlama xəttinin tələbini pozduğuna görə, eyni zamanda avtomobil mülkiyyətçisinin ərizəsi əsasında qeyd edilən nəqliyyat vasitəsinin qanunsuz idarəedilməsinə dair Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemində müvafiq qeydlər olduğuna görə ərazidə xidmət aparan DYP əməkdaşları tərəfindən “saxla” işarəsi verilib:

“Sürücü polisin “saxla” əmrinə tabe olmayaraq hərəkətini davam etdirib. Tabesizlik göstərərək hərəkətini davam etdirən sürücü bir qədər getdikdən sonra idarəetməni itirərək yol-nəqliyyat hadisəsi törədib. Hadisə nəticəsində nəqliyyat vasitəsinə maddi ziyan dəyib.

Hadisə ilə bağlı aparılan araşdırma zamanı məlum olub ki, sürücü, 1994-cü il təvəllüdlü Cəlilov Rafik Mislim oğlunun həmin nəqliyyat vasitəsinə dair heç bir sənədi və nəqliyyat vasitəsini idarəetmə üçün sürücülük hüququ olmayıb. Qeyd olunan hadisə sənədləşdirilərək toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 332.4-cü maddəsi ilə 400 manat məbləğində cərimə tətbiq edilib.

Biz bir daha bütün sürücülərdən xahiş edirik ki, bu kimi qayda pozuntularına yol verməsinlər, eyni zamanda sürücülük hüquqi olmadan sükan arxasına keçərək özlərinin və digər hərəkət iştirakçılarının həyatı və sağlamlıqları üçün təhlükə yaratmasınlar”.

Bütün hallarda bu qəza şəraitinin yaranmasına zəmin yaradır.

Bəs hansı hallarda qanun yol polisinin nəqliyyat vasitəsini təqib etməsinə icazə verir?

Məsələni hüquqi tərəfdən şərh edən vəkil Tural Hüseynov saytımıza açıqlamasında bildirib ki, bu məqam “Yol hərəkəti haqqında” Qanunun müvafiq maddəsi ilə tənzimlənir:

“Belə ki, sözügedən qanunun 85-ci maddəsinin 2-ci bəndinin qeyd hissəsində göstərilir ki, nəqliyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) və ya sürücünün cinayət törətməkdə şübhəli olması barədə dəqiq məlumat olduqda, yaxud nəqliyyat vasitəsinin sürücüsü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda nəqliyyat vasitəsinin dayandırılması tələbini yerinə yetirməyən sürücünün nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə və müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə radiocihaz vasitəsilə məlumat verilməklə təqib edilə bilər. Həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə edilə bilər”.

Mənbə oxu.az

Bənzər yazılar

0.14683389663696