İki qurum arasında qalan Biləcəri SAKİNLƏRİNİN GÖZÜ YOLDA - “Pul kimə ayrılıb, təmir də onlar etsin”

 22-01-2023

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, döngə 2 ünvanında yaşayan sakinlər yollarının acınacaqlı olmasından şikayətçidirlər. 

Bununla bağlı Bizim.media-ya qəsəbə sakinləri müraciət ediblər və bərbad yolun görüntülərini təqdim ediblər.

Sözügedən ünvanda həm də 314 nömrəli məktəb yerləşir. Dediklərinə görə, şəhid ailəsinin yaşadığı 150 metrlik küçədə qış aylarında və yağışlı günlərdə yol daha keçilməz olur. İstər qəsəbə sakinləri, istərsə də məktəblilərin gediş gəlişi daha da çətinləşir.

Şikayətçilərin sözlərinə görə, acınacaqlı yolun təmiri ilə bağlı dəfələrlə Binəqədi Rayon İcra Hakimiyyətinə, Biləcəri bələdiyyəsinə və Avtomobil Yolları Dövlət Agentliyinə müraciətlər edilib.

Amma qurumlar problemi həll etmək əvəzinə, bir-birinə ötürürlər. 

Məsələ ilə bağlı danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli qurumun o əraziyə xidmət etmədiyini bildirib.

Biləcəri bələdiyyəsinin sədri Etibar Cabbarov saytımıza açıqlamasında sözügedən küçənin bu il ərzində təmir olunacağına vəd verib:

“O küçə bizdə bir nömrəli məsələdir. Şəxsən özüm bir neçə dəfə o küçədə olmuşam və sakinlərin narazılığı haqlıdır. Həm məktəbin küçəsidir, həm işlək yoldur, həm də orada şəhid ailəsi yaşayır. Cənab prezident Binəqədi rayonuna bununla bağlı vəsait də ayırıb. Sadəcə olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Quba yolunu bitirəndən sonra burada işlər başlayacaq. Bu maşınlar Binəqədi rayonuna daxil olanda hamı görəcək”. 

Etibar Cabbarov məsələ ilə bağlı təzadlı fikirlər də söyləyib. O, Biləcəri qəsəbəsindəki yolların təmir olunmamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini günahlandırıb:

“Biz yolun vəziyyətini agentliyə təqdim etmişik, amma onlar təmiri boynundan atırlar. Pul onlara ayrılıb və ölkədə yol məsələsinə bu qurum cavabdehdir. Bir qədər üstlərinə gedəndə “edəcəyik” deyirlər.

Rəsmi olaraq sözügedən problemi onların planına salmışıq. Yəqin işləri çoxdur və onları da qınamaq olmur. Tək bizim qəsəbədə 220 küçənin təmir olunmasına ehtiyac var. 1000-ə yaxın yolu məntiqlə çatdırmaq da çətindir. Amma Biləcəri qəsəbəsi döngə 2 küçəsi prioritet məsələdir. Maşınlar əraziyə daxil olan kimi ilk o küçəyə salacayıq. Birmənalı şəkildə bu il ərzində təmiri nəzərdə tutulur”.

Bənzər yazılar

0.14513492584229