Ötən ayın sonlarına yaxın Mərkəzi Bankın sabiq sədri, Baş nazirin müşaviri Elman Rüstəmovla bağlı sensasion xəbər yayılmışdı. Aqil Rəsulov ad-soyadlı yeniyetmə videomüraciət yayaraq E.Rüstəmovun nikahdankənar oğlu olduğunu bildirmişdi.
Yeniyetmə demişdi ki, Elman Rüstəmov ona və anasına təzyiq göstərir. O, müraciətdə ölkə Prezidentindən və Birinci vitse-prezidentdən kömək istəyirdi. Aqil iddia edirdi ki, E.Rüstəmov onu Bakıya gətizdirib ruhi-əsəb dispanserinə yerləşdirmək istəyir. Yeniyetmənin iddiasına görə, məqsəd bu yolla anasına (yəni Elman Rüstəmovun qeyri-qanuni arvadına-red.) təzyiq göstərmək olub.
Sonradan media bu mövzunu araşdırdı. Məlum oldu ki, Aqilin anası Sevinc Rəsulova vaxtilə Mərkəzi Bank sədrinin katibəsi olub. “İşdə məhəbbət macərası” bir uşaqla yekunlaşıb. Yəni Aqil Rüstəmov-Rəsulova məhəbbətinin “meyvəsi” olaraq dünyaya gəlib.
Mətbuatın yazdığına görə, sonradan Sevinc Rəsulova ilə Elman Rüstəmov arasında mal-mülk üstündə mübahisə yaranıb. Yenə mediada gedən yazılarda istinadən bildiririk ki, S.Rəsulova son kozır olaraq oğlunu bu işə alət edib. Nəticədə həmin videomüraciət ortaya çıxıb.
Xatırladaq ki, Aqil sonra daha bir müraciət yaydı. Bildirdi ki, atası E.Rüstəmov onu məcbur Bakıya gətizdirməyə çalışır. Yeniyetmənin sözlərinə görə, Bakıya aparıldıqdan sonra atasının göstərişi ilə onu ruhi əsəb dispanserinə salmaq istəyirlər.
Beləliklə, “Aqilin psixi problemləri var” deyib, mövzunu qapatmağı planlaşdırırlar. “Globalinfo.az” xəbər verir ki, Elman Rüstəmov Sevinc Rəsulova ilə anlaşıb. O, qadının adına olan əmlakları geri tələb etməyəcəyi haqda söz verib. İndi isə nikahdankənar oğlu Aqil Rəsulovla dil tapmağa yollar axtarır, lakin onu heç cür sakitləşdirə bilmir.
Mənbə bildirir ki, Elman Rüstəmovla qeyri-leqal ailəsi arasında nifaq onun Mərkəzi Bank sədri vəzifəsində olarkən Sevinc Rəsulovanın adına rəsmiləşdirdiyi xeyli sayda əmlakı geri istəməsindən sonra düşüb. Belə ki, Elman Rüstəmov bir vaxtlar katibəsi olan Sevinc Rəsulovanın adına çoxsaylı mal-mülk rəsmiləşdirib.
Bu yolla varidatını gizlətməyə çalışıb. Mərkəzi Bankın sədri postundan gedəndən sonra Sevinc Rəsulova ilə əlaqə saxlayaraq ondan əmlakları özünün yaxın qohumlarının adına keçirilməsini istəyib. Sevinc Rəsulova isə bundan imtina edib. Valideynləri arasındakı mal-mülk davasına şahid olan Aqil Rəsulov Elman Rüstəmova sərt sözlər deməklə ondan anasından əl çəkməsini istəyib. Günlərlə davam edən dava-dalaş Aqil Rəsulova pis təsir göstərib və o, videomüraciət yaymaqla Elman Rüstəmovun tələblərinin qarşısını almağa çalışıb. Məsələnin ictimailəşməsi Elman Rüstəmovun geri çəkilməsinə səbəb olub. Deyilənə görə, sabiq baş bankir Sevinc Rəsulovanın adına olan əmlakları geri almaq fikrindən daşınıb.
Aqil Rəsulovu sakitləşdirmək üçün Elman Rüstəmov bütün imkanlarını səfərbər edib. İddialara görə, Aqil Rəsulovun anası Sevinc Rəsulova və nənəsi Elman Rüstəmovun mövqeyindən çıxış etməyə başlayıblar. Xatırladaq ki, yayılan məlumatlara görə Elman Rüstəmov ikinci xanımını və nikahdankənar övladını illər öncə Dubaya köçürüb və orada onlara yaşamaları üçün bütün imkanları yaradıb.
Sevinc Rəsulovanın adına mülklər, külli miqdarda vəsait, o cümlədən bahalı maşınların olduğu deyilir. Məlumata görə, E.Rüstəmov Sevinc Rəsulovaya İsveçrədə təmtəraqlı villa da alıb. Aqil Rəsulovun da zəngin həyat yaşadığı qeyd edilir. Aqilin ilk video-müraciətindən belə aydın olur ki, hazırda Sevinc Rəsulovanın adında olan mülklər və varidatı Elman Rüstəmov geri almaq istəyib. Sevinc Rəsulova buna etiraz etdikdə isə təzyiqlər başlayıb və bütün bu qalmaqalın ictimailəşməsinin də səbəbi budur.
Mənbə Globalinfo.az