Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlardan rüşvət alan Ağdam Musiqi Kollecinin direktoru Rafail Musayevin qanunsuz əməlləri ifşa edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, kollec direktorunun 2019-2023-cü illərdə müəllimlərə dərs saatlarının ayrılması, işə qəbul, tələbələrə imtahanlarda qiymətlərin yazılması və digər qanunsuz məqsədlərlə külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Bununla bağlı, Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, toplanmış ilkin sübutlar əsasında ona həmin Məcəllənin 311.3.2 (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilmiş, barəsində məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırılmaqla ev dustaqlığı qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Məlumat üçün bildirək ki, son vaxtlar kollecin direktoru Rafael Musayevin adı rüşvət qalmaqalında hallanırdı. Onun işində xeyli neqativlərin olduğu bildirilirdi.
Onsuz da mətbuatın dillər əzəbəri olan Ağdam Musiqi Kolleci hələ keçmiş direktorunun dövründə də qalmaqallara vəsilə idi.
Yazılanlara görə, keçmiş direktor Laura Ağayeva vəzifəsindən kənarlaşdırıldıqdan sonra onun postu satışa çıxarılıb. Elə o vaxtlar Laura Ağayevanın yerinə onun müavini Rafael Musayevin keçəcəyi haqda söz-söhbətlər yayılıb.
Yaşı 65-dan çox olan, təqaüd vaxtı çatan Rafael Musayevin keçmiş direktorun yerinə keçməsi üçün dəridən-qabıqdan çıxdığı iddia olunur.
Mətbuatda qeyd olunub ki, hətta bu məsələdə ona Ağdam rayon İcra Hakimiyyətinin başçısı dəstək verib. İddialara görə Rafael Musayev kollec direktoru kreslosuna sahiblənmək üçün nə az, nə çox 200 min manat rüşvət verib.
Mediada və sosial şəbəkələrdə hələ o vaxtdan Ağdam musiqi kollecinin rüşvətə bulaşmış təhsil ocağı olduğu iddia edilib. Hətta söyləntilərə görə tələbələrdən imtahanlarda pul yığılmasını şəxsən Rafael Musayev hələ müavin olduğu vaxtlarda həyata keçirib və hər tələbədən smestr üçün 600 manat tələb edib.
Qaydaya görə, hər semestrdə 450-550 manat rüşvət verməyən tələbə imtahandan keçmirmiş. Bu kollecin diplomunu almaq üçün isə 700-800 manat tələb edilib. Ən acınacaqlı hal isə tələbələrin onlardan tələb olunan pulu toplaması üçün işləməsidir.
Tələbələr Quzanlı qəsəbəsində fəaliyyət göstərən kafelərdə xidmətçi işləyirlər ki, özlərinə imtahan pulu yığsınlar. Qəsəbə sakinləri bildirirlər ki, Ağdam Musiqi Kollecinə ölkənin hər bölgəsindən tələbələr gəlib təhsil alır. Qəsəbədə tələbələrin də yaşaması buranın iqtisadi vəziyyətinə təsir göstərir.
Lakin direktor Rafael Musayevin tələbələrı "aylıq"a buraxması kirayəçilərin, market və digər xidmət sahələri ilə məşğul xırda sahibkarların qazancını azaldır.Belə ki, o tələbələri aylıq pul ödəmələri müqavilində evə buraxırmış. Həmçinin diplomların satışı və tələbələrdən imtahan pullarının toplanması və "aylığa" buraxılan tələbələrin kartlarının özündə saxlanması iddia edilir. Rafael Musayev direktor vəzifəsini icra edəndən sonra isə bu “fəaliyyət”i daha da genişləndirib.
Qeyd edək ki, Rafael Musayev bahalı maşın ev və nömrə xəstəsidir. Onun mobil telefonunun son rəqəmləri 02-02, maşını 002 və s. ardıcıllıqla sıralanır. İddia edilir ki, Rafael Musayevin gəlir mənbəyinin biri də verdiyi saxta arayışlardır.