Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
MillətinSəsi.info APA-ya istinadla xəbər verir ki, , Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesə yenə də jurnalistlər buraxılmayıb.
Prosesdə zərərçəkən Elvar Əliyev sərbəst ifadə verib. Elvar Əliyev deyib ki, Mövlam Şıxəliyevin göstərişi, Çingiz Ağayevin və şəriki Yaşar Cabbarovun sifarişi ilə 2013-cü ilin oktyabrında həbs edilib: “Barəmdə cinayət işi həmin ilin avqustunda başlandı. Mənim və digər 5 nəfərin barəsində tam qanunsuz olaraq Cinayət Məcəlləsinin dəstə şəkilində qaçaqmalçılıq maddəsi ilə cinayət işi açıldı. Deyirdilər ki, guya 1 konteyner malı qaçaqmalçılıq yolu ilə ölkəyə gətirmişik. Halbuki həmin konteyner “İpək yolu” terminalının ərazisində idi, malın isə mənə heç bir aidiyyəti olmayıb”.
Elvar Əliyev qeyd edib ki, ibtidai istintaqda Baş Prokurorluğun rəhbərliyinə dəfələrlə Çingiz Ağayevin və şərikinin sifarişi ilə həbs edildiyi barədə məlumat verib: “Bu gün Çingiz Ağayev, onun şəriki Yaşar Cabbarov da Mövlam Şıxəliyevin yanında oturmalıdır. Hər iki şəxs birbaşa Mövlam Şıxəliyevin dəstəyi altında idi. Bütün “Sədərək” bazarına onların vasitəsi ilə nəzarət edirdi. Sahibkarları soyurdular. Həmin adamlar Mövlam Şıxəliyevin sifarişi əsasında və birbaşa köməyi ilə böyük, xırda cinayətlər törədiblər, sahibkarları talayıb, özləri həddindən artıq varlanıblar. Mövlam Şıxəliyev və şərikləri cinayət yolu ilə külli miqdarda pul vəsaitləri əldə edib, qara yolla “Sədərək” bazarındakı valyuta alverçiləri ilə Dubaya, Çinə köçürürdülər. Çingiz Ağayev dəfələrlə mənə şəxsən bildirmişdi ki, baş vermiş hər bir cinayəti Mövlam Şıxəliyevin vasitəsi ilə yoluna qoymaq imkanındadır. Çingiz Ağayev kimdir? O, özünə iş adamı deyir. Əslində isə sıradan iş adamı deyil. Çingiz Ağayev Çin və Dubaydan ən müxtəlif malları gətirərək Azərbaycanda satırdı. Mən 6 il ərzində Çingiz Ağayevin ölkəyə gətirdiyi malları ticarətçilərə verib, hesabatını aparmışam, pulları yığaraq Çingizə vermişəm”.
Zərərçəkmiş bildirib ki, 2005-ci ilin sonunda Çingiz Ağayev onu yanına çağırıb, işlərini görməyini istəyib: “Dedi ki, yaxşı qazancım olacaq. Razılaşdım və 2006-cı ildən onunla birgə işləməyə başladım. 2012-ci ildə Çingiz Ağayevə dedim ki, mənimlə haqq-hesab çəksin, 6 il ərzində mənə verəcəyi əməkhaqqımı ödəsin. Mənə 6 il ərzində sərf etdiyim əməyə görə 30 min manat təklif elədi. Bu, ayda 420 manat əməkhaqqı idi. Mən isə 6 il ərzində Çingiz Ağayevin ən azı 60 milyon manatlıq malını gömrükdə qəbul edib irili-xırdalı ticarətçilərə paylanmasını və pulların yığılmasını təşkil etmişdim. Bunun qarşılığında məni bu şəkildə ələ salmasına etiraz etdim və ondan ayrıldım. Bilirdim ki, Çingiz Ağayevin MTN-dən Mövlam Şıxəliyevlə, MTN-də idarə rəisi işləmiş Sübahir Qurbanovla çox ciddi və yaxın əlaqələri var. Çingiz Ağayevlə Yaşar Cabbarov Mövlam Şıxəliyevin pullarını Dubaya, Çinə köçürüb orada müxtəlif bizneslərə yatırırdılar. Bu işlərlə bağlı mənim əlimdə olan 12 milyon dollarlıq çekləri istintaqa da təqdim etmişəm”.
Elvar Əliyev bildirib ki, Çingiz Ağayev pulunu verməyib, onu yenidən yanına fəhləliyə qaytarmağa çalışıb: “Çingiz Ağayev məni işə qaytarmaq üçün min oyundan çıxdı. Ona dedim ki, etdiyi haqsızlığın qarşısında geri qayıtmayacağam. “Sədərək” bazarında Hacı Elman Əhmədov var, onun köməkliyi ilə orada mağaza açdım, qab-qacaq satmağa başladım. 2 aydan sonra Çingiz Ağayev Hacı Elmanı çağırdı, ona dedi ki, sən Elvara mal vermə, o mənim pulumu yeyib. Hacı Elman da dedi ki, sübut göstər, pulunu alıb, verim. Çingiz Ağayev sübut göstərə bilmədi. O zaman Hacı Elmana demişdi ki, baxın sizin başınıza nə oyun açıram. Bu söhbətdən təxminən 3 ay sonra Hacı Elman mənə zəng elədi, dedi ki, Etibar Cəfərovu, Balaşirin Babayevi, Seyran Nəcəfovu, Natiq Məmmədovu və onu, Milli Təhlükəsizlik Nazirliyinə aparıblar, məni də ora çağırırlar”.
Elvar Əliyev qeyd edib ki, 29 avqust 2013-cü ildə, gecə saat 1-in yarısı MTN-ə gedib: “Orada məni Elçin və Mehman adlı MTN-çilər qarşıladı. Söyüb-təhqir edir, döyürdülər. Mənə “sən Çingizi elə belə adam bilirsən” deyirdilər. Girişdəki qəbul otağında məni 2-ci mərtəbəyə qaldırdılar. Mən Hacı Elman Əhmədov, Etibar Cəfərov, Balaşirin Babayev, Seyran Nəcəfov və Natiq Məmmədovu da orada gördüm. Divanda oturmuşdular. Əməliyyatçı Elçin dedi ki, hamı gəldi, lakin Hacı Elman bildirdi ki, bu işin sifarişçiləri olan Çingizlə Yaşarı da çağırsınlar. Hacı Elmanın bu sözlərindən Elçin bir anlıq çaşıb qaldı. Sonra məni oradakı otağa keçirdi. Adını sonradan öyrəndiyim Samir adlı əməliyyatçı da Elçinə qoşularaq məni döyməyə başladılar. Deyirdilər ki, divanda oturan adamlar sənə görə buradadır. Sən yazmalısan ki, Çingiz Ağayevlə işləməyə davam edəcəksən. Yazmırsansa, gərək qaçaqmal olan bir konteyner malın sənə aid olduğunu boynuna almalısan. Mən də dedim ki, buradan meyitim çıxacaq, amma sizin heç bir tələbinizi yerinə yetirməyəcəyəm. Məni 3-4 saat amansızcasına döydülər. Özümdən getdim. Səhərə yaxın özümə gəldim. Ürəyimdə kəskin ağrılar vardı. Düşündülər ki, vəziyyətim daha da ağırlaşacaq. Çünki ölümcül durumda idim. Səhər təxminən 8-in yarısı məni buraxdılar.
Dedilər ki, zəng edib çağıracaqlar. Sonra yenidən çağırdılar. Lakin döyülməkdən qorxduğum üçün getmədim. Barəmdə qanunsuz olaraq ölkə üzrə axtarış verdilər. Məcbur olaraq 3 ay gizləndim. Həmin 3 ay ərzində Hacı Elman Əhmədov, Etibar Cəfərov, Balaşirin Babayev, Seyran Nəcəfov və Natiq Məmmədov həbsdə qaldı. Sonra məni də həbs etdilər. MTN-ə aparan əməliyyatçılar maşında mənə işgəncə verirdilər. Məni müstəntiq Mahir Qasımovun qəbuluna apardılar. Çox kobud şəkildə əməliyyatçıları təhqir etdi, dedi ki, bu adam nə edib ki, siz onu bu şəkildə qəbula gətirmisiz? Məndən heç bir izahat almadan təcridxanaya göndərdi. 2 gün sonra məni Səbail rayon Məhkəməsinə apardılar. Mənim həbsim üçün Mövlam Şıxəliyev vəsatətlə çıxış etmiş, Baş prokurorun 1-ci müavini Rüstəm Usubov həmin vəsatətə əsasən məhkəməyə təqdimat göndərmişdi”.
Qeyd edək ki, ittihama görə, Mövlam Şixəliyev MTN-in İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.
İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.
Cinayət işi üzrə 32 zərərçəkmiş var.