“Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncam ilə minimum əməkhaqqı 345 manata çatdırılıb. Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bir ay müddətində bu Sərəncama uyğunlaşdırılacaq və artırılacaq”.
Bunu iqtisadçı, deputat Vüqar Bayramov deyib.
Deputat bildirib ki, məbləğindən asılı olmayaraq bu sektorlarda çalışanların maaşları artırılacaq.
“Sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin də əməkhaqları artacaq.
Bu sahələrdə çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşlarımızın əməkhaqları Vahid Tarif Cədvəli (VTC) əsasında dövlət büdcəsindən maliyyələşdirilir. Vahid Tarif Cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Hazırda ilk 4 dərəcə üzrə əməkhaqlar 345 manatdan azdır və onlar 300-338 manat arasında dəyişir. Ən yüksək dərəcə üzrə əməkhaqqı isə 979 manatdır. Minimum əməkhaqqının artırılması praktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əməkhaqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır. Konkret artım faizləri bu il fevralın 5-dək müəyyən ediləcək”.
V.Bayramov müəllim və həkimlərin maaşlarının artması ilə bağlı məsələyə də münasibət bildirib:
“Hazırda Səhiyyə Nazirliyinin tabeçiliyindəki müəssisələr VTC ilə tənzimləndiyi üçün onların əməkhaqlarında artımlar olacaq. Amma Elm və Təhsil Nazirliyinin və TƏBİB-in ayrıca əməkhaqqı sxemi var. Bununla belə, hər iki sektorda aşağı maaşlarda artımlar həyata keçiriləcəyindən dərəcələr arası fərq nəzərə alınmaqla əməkhaqları müəyyənləşdiyi üçün bu sahələrdə də maaş artımları gözlənilir. Bu isə o deməkdir ki, fevralın 5-dək həmin qurumların da yeni əməkhaqqı cədvəllərini təsdiq üçün təqdim edəcəkləri gözləniləndir. VTC üzrə yeni maaş məbləğləri Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq”.