“Alkaş”, axmaq, aqressiv cəmiyyətin TƏMƏLİ: Uşaqların verdiyi xüsusi MESAJLAR - FOTO/VİDEO

 08-01-2023

Uşaqlar və yeniyetmələr arasında son zamanlar davranış pozuntuları müşahidə olunur. Aqressivləşib, özlərinə qapanır, bəzən də yaşlarına uyğun olmayan hərəkətlər edirlər, hələ bunları çəkib, videoları sosial şəbəkələrdə paylaşır, özləri ilə qürur duyurlar.

Davranış pozğunluqları yaşa uyğun sosial gözləntiləri pozan, təkraredici, antisosial və ya aqressiv davranış ilə xarakterizə olunur. Bəs görəsən, bunun səbəbləri nədir? Uşaqları doğru yola necə çəkməli?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən uşaq nevropatoloqu Nüşabə Xudakərimovanın sözlərinə görə, bu problem uşaqlarda kiçik yaşlarından başlayır:

“Günümüzün ən böyük problemlərindəndir. Düşünürəm ki, səbəb texnologiyanın sürətli inkişafı ilə əlaqəlidir. Hətta analar hamiləlik dönəmində də uşaqları ilə söhbət etməlidirlər. Söhbət edən anaların uşaqlarının nitqi inkişaf edir. Belə uşaqlar aqressiv davranışlara meyilli olmurlar. Təəssüf ki, anaların 90 faizində biz bunu müşahidə etmirik. Analar hamiləlik müddətində günün çox hissəsini telefona baxmaqla keçirirlər. Bu səbəbdən belə problemlər ortaya çıxır.

Ümumiyyətlə, uşaqla göz təması qurmaq çox önəmlidir. Bəzi analar körpəni yedizdirib, əynini dəyişdikdən sonra əlinə telefon və ya planşet verir ki, başı qarışsın. Lakin anlamır ki, bununla uşağın nitq inkişafı geriləyir, ünsiyyətdə yaşıdlarından geri qalır. Daha sonra bunlar davranış pozğunluğu ilə nəticələnir. Yeniyetməlik dönəmində fəsadları daha çox büruzə verir”.

N.Xudakərimova qeyd edib ki, valideyn özünün də xəbəri olmadan uşaqda davranış pozğunluğu yaradır:

“Uşaq əsəbi olmasın deyə valideyn imkanı daxilindəki bütün texnologiyaları onun üçün əlçatan edir. Uşaq da asosial böyüyür. Evdə bacı-qardaşlar belə, bir-biri ilə oynamaqda çətinlik çəkirlər. Həmçinin uşaq istədiklərini kiçik yaşlarından ağlamaqla əldə edir. Bu cür “tərbiyə” beş yaşdan sonra davranış pozğunluğu ilə nəticələnir. Yaş artdıqca uşağın istəkləri də böyüyür. 13-14 yaşında olanda valideyni artıq onun qarşısını ala bilmir. Bunların hamısının başında valideyn dayanır.

Davranış pozğunluğu olan uşaqlara müəyyən preparatlar məsləhət görülür. Ancaq ailədə təsvir etdiyim mühit düzəlməyəcəksə, müalicənin əhəmiyyəti də olmayacaq. Uşağa alınan kiçik bir telefon belə, bu problemi yaradır. Valideyn uşağı ilə ünsiyyət qurmaq, söhbət etmək, dərdini dinləmək əvəzinə, boğazından kəsib, ona bahalı telefon alır. Bu da faciələrə yol aça bilər. Sonradan da problemi aradan qaldıra bilmirlər”.

Nevropatoloq əlavə edib ki, bu qəbildən olan pasiyentlərin əksəriyyətində tibbi baxımdan problem olmur:

“Valideynlərin əksəriyyəti müraciətlərində bildirir ki, uşaq əsəbidir, dediyimizi etmir, yuxu pozğunluğu var. Müayinə zamanı bəlli olur ki, uşaqda tibbi baxımdan problem yoxdur. Davranış pozğunluğunun kökü ailədən başlayır. Valideynlərdən birinin yox dediyinə digərinin müsbət cavab verməsi bu kimi problemləri yaradır. Ailə üzvlərinin yekdillik, uşaqlara qarşı anlayışlı davranma qabiliyyətləri çox aşağıdır. Uşağa telefonu verib, sakitləşdirməyə çalışırlar, ya da müraciət edirlər ki, ata, baba işdən gələn kimi uşaq onları vurur. Vurmaqda məqsəd uşağın özünə diqqət tələb etməsidir, yəni bir növ “mənə zaman ayır” deyir. 

Əsas problem valideynin uşaqları ilə düzgün ünsiyyət qurmamasıdır. Ona görə bu gün istər körpələr, istərsə də böyük yaşlı uşaqlar arasında belə problemlər artıb. Bu, kompleks şəkildə cəmiyyətin problemidir”.

Tibb elmləri üzrə fəlsəfə doktoru, həkim-psixiatr İkram Rüstəmov isə genetik faktorun da rol oynadığını söyləyib:

“Uşaqların və yeniyetmələrin davranış problemlərinin bir neçə səbəbi var. Birinci səbəb genetik faktordur. İrsi olaraq uşaqda psixi, hiperaktiv pozuntu yarana bilər. Amma bu problem daha çox ailə-məişət məsələlərindən qaynaqlanır.

Atada alkoqol asılılığı, anada nevrotik psixi pozuntu varsa, bu, uşaqlarda davranış pozğunluğuna gətirib çıxarır. Ailənin problemli olması yeniyetmələr üçün fəlakətdir. Əgər doyurucu sosial mühit, sosial dəstək yoxdursa, uşaq məktəbdə də müvəffəqiyyət qazana bilmirsə, bu problemlə üzləşəcək”.

İ.Rüstəmov əlavə edib ki, başqa bir problem texnologiyanın inkişafıdır:

“Ailə mühitinin problemli olması texnologiyaya olan marağı artırır. Valideyn bəzən düşünür ki, maddi ehtiyacı ödəməyi tərbiyədə yetərlidir. Düzgün deyil. Ən əsas məsələ emosional dəstəkdir. Uşağın özündə meyillilik olması da faktdır. Çünki hər uşaqda belə problemlər yaranmır”.

Valideyn Nisə Abdullayeva isə günahı ata-analarda görür:

“Mənim üç övladım var. Biri gənc, digərləri yeniyetmədir. Böyük qızım məktəbi bitirənə qədər ona telefon almadım. Kompüterdən də müəyyən saatlarda istifadə etməyinə icazə verirdim. Düşünürəm ki, bu metod sayəsində belə problemlərlə üzləşməmişəm. Uşaq özü də sakit idi”.

N.Abdullayeva əlavə edib ki, indiki uşaqları sosial şəbəkələr korlayır:

“Digər ikisinin tələbləri çox olsa da, yenə eyni qayda ilə davam edirəm. Yaşıdlarından geri qaldıqlarını düşünürlər. Bəzən utandıqlarını da dilə gətirirlər. Lakin onlara telefon almıram. Sosial şəbəkələrdən istifadəni də məhdudlaşdırmışam. İndiki uşaqları sosial şəbəkələr korlayır. Azyaşlı qızlar, oğlanlar özlərinə uyğun olmayan hərəkətlər nümayiş etdirirlər. Bu da düzgün deyil”.

Səməd İsmayılov isə uşaqların istəklərinə qarşı gələ bilmədiyini bildirib:

“Övladlarım kiçikdirlər. Bütün istəklərini bir ata olaraq yerinə yetirirəm. Çünki bunu özümə borc bilirəm. Mənə elə gəlir ki, etməsəm, borcumu yerinə yetirməmiş olaram”.

S.İsmayılov qeyd edib ki, texnologiyanın uşaqların davranışına təsir etdiyini düşünmür:

“Mən düşünmürəm ki, texnologiya uşaqların və yeniyetmələrin tərbiyəsinə, davranışına təsir edir. Hər şey ailədən irəli gəlir. Düzgün tərbiyə olan yerdə bunların heç biri olmaz. Uşaqlarımızla maksimum dərəcədə dost olmağa çalışmalıyıq”.

Nəzrin Vahid

Bənzər yazılar

0.2223060131073